TOP 10

Emin Mahmudov: “Bizdə sabitlik çatmır"

Futbol
Tarix: 2019-02-10 17:06

Azərbaycan Premyer Liqasının XVI turunda "Keşlə"ni qəbul edən "Neftçi" kapitanı Emin Mahmudovun dublu sayəsində 2:0 hesablı qələbə qazanıb. Sport24.az xəbər verir ki, qarşılaşmanın qəhrəmanı jurnalistlərə müsahibəsində çempionluq uğrunda mübarizəni dəyərləndirib.

 

- Kənardan belə göründü ki, asanlıqla qalib gəldiniz. Bu fikirlə razısAN?
- Elə də asan deyildi. Sadəcə, daha tez qollar vura bilərdik. Erkən qol istəyimiz alınmadı, daha sonra rəqibin də qol şansı oldu. "Keşlə" fərqlənə bilsəydi, oyun başqa cür də keçə bilərdi. Bu baxımdan çətinlik çəkdik.

 

- Penalti qərarına "Keşlə"nin oyunçuları çox etiraz etdi. Həmin anı necə şərh edərdin?
- Açığı, həmin epizodu görmədim. Çünki qarşımda futbolçu vardı. Top uğrunda mübarizə gedirdi. 
 

- Hakim penaltini təkrarlatdı, ikinci zərbəni də eyni yerə vurdun. Fikirləşmədin ki, Kamran Ağayev birdən ora tullanar?
- Düşünmədim. Necə bilirəmsə, o cür də vururam. Özümə inamım var idi, yenidən o küncə vurdum.

 

- Çempionluq uğrunda qızğın mübarizə gedir. Dünən "Qarabağ", bu gün isə "Neftçi" qalib gəldi. Sona qədər bu mübarizəni davam etdirə biləcəksinizmi?
- Bunu ancaq mövsümün gedişi göstərəcək. Bizim iş hər oyuna ciddi hazırlaşmaq və qələbələr qazanmaqdı. Bizə də, "Qarabağ"a da çətin olacaq. Gördüyünüz kimi, "Qarabağ" dünən elə də asan qalib gəlmədi. Bizdə də bu gün eyni vəziyyət oldu. Çalışacağıq ki, axıra qədər mübarizə aparaq.

 

- "Qarabağ"la oyundakı bərabərlik sizə psixoloji baxımdan güc verdimi?
- Ondan əvvəl də özümüzə inanırdıq, onlara qarşı necə oynayacağımızı bilirdik. İnanmasaydıq, bura qədər gəlməzdik. Bundan da yaxşı oynamağa çalışacağıq. Çünki bizdə stabillik çatmır. "Qarabağ" isə hər il avrokubokda stabil çıxış edir. Bizə də bu stabillik lazımdı.

 

- Deyilənə görə, həmin oyundakı heç-heçəyə görə, 1000 manat mükafat verilmişdi. Bu, doğru informasiyadı?
- Bunu rəhbərlikdən soruşun (gülür).

 

- Növbəti turda "Zirə" səfərinə yollanacaqsınız. Bu komanda isə hazırda elə də yaxşı durumda deyil. Növbəti 3 xalı aktivinizə yazdıracağınızı demək olar?
- "Zirə" burda bizimlə 2:2 hesablı heç-heçə edib. 2:1 hesabı ilə qalib gəldiyimiz qarşılaşmada da bizə çətin anlar yaşatmışdılar. 2:2 bitən görüşdə də sonuncu yerdə gedirdilər. Bu dəfə səfərdə oynamağımız bizə daha çox çətinlik yaradacaq.

 

- "Neftçi"yə sizi Tərlan Əhmədov gətirmişdi və bu gün o, "Keşlə"nin baş məşqçisidi. Bu nəticəyə görə, onun adına üzülmədin?
- Onunla görüşdüm. Yaxşı münasibətimiz var, həmişə salamlaşıram. Məni bura gətirdiyi üçün Tərlan müəllimə "çox sağ ol" deyirəm. Gətirdi, oynatdı, özümə gəldim.

 

- Yeni transferləriniz çox təriflənir. İndiki "Neftçi" qışaqədərki komandadan daha güclüdü?
- Bunu oyunlar göstərir. Hər futbolçu eyni çempionatda özünü göstərə bilməz. Deməzdim ki, Karikari zəif oyunçu idi. Bəlkə burda alınmadı, başqa ölkədə yaxşı oynayacaq. İnanırıq ki, yeni transferlərimiz bizə xeyir verəcəklər. Onlardan çox şey gözləyirik.

 

- Çempion olmaq üçün yetərli gücdəsiniz, yoxsa daha da artırmalısınız?
- Buna hazır olub-olmadığımızı oyunlar göstərəcək. Qarşıda hələ çox matç var.

 

- Həm sizdə, həm də "Qarabağ"da yeni transferlərin rolu çempionluq uğrunda mübarizədə həlledici ola bilərmi?
- Əlbəttə. Yeni transferlərimiz çox kömək etsələr, bizə daha rahat olar. Onlar da komandaya ona görə gətiriliblər ki, komanda daha güclü olsun.

 

 

MEHMAN SÜLEYMANOV

18 Avqust 2019
17 Avqust 2019
B.eÇ.aÇC.aCŞB