TOP 10

Balayevə "Tobol"da balıq qonaqlığı verilib: "Kvekveskiri mənimlə "necəsən qaqa" deyərək görüşdü"

Futbol
Tarix: 2019-02-06 11:18

Premyer Liqamızda qış fasiləsi klublarımızın transferləri ilə yanaşı, bir futbolçumuzun legioner həyatı yaşamasıyla da yadda qaldı. Bu, "Səbail"dən Qazaxıstanın "Tobol" klubuna keçən Emil Balayev oldu. Millimizin də üzvü olan 24 yaşlı qapıçı Sport24.az-ın suallarını cavablandırdı.

 

- "Tobol"a keçidin necə tutdu? Antalyada "Sürix"lə yoxlama matçında yaxşı oyunun həlledici oldu? Qəraına əsas nə təsir göstərdi?

- İlk olaraq demək istəyirdim ki, belə peşəkar komandaların futbolçunu 1-2 oyunla seçmədiyini fikirləşirəm. Məncə, ən azından bir neçə oyun izləmək gərəkdi. Ola bilər ki, əvvəlcədən maraqlanıblar və Antalyada təlim-məşq toplanışı olanda artıq qərara gəliblər. Belə bir təklif olduqdan sonra çox adamla məsləhətləşdim və bu qərara gəldim. Çünki "Tobol" da yaxşı komandadı, Qazaxıstan Premyer Liqasında son mövsümdə 3-cü yeri tutub və Avropa Liqasına vəsiqə qazanıb. 

 

- Transfer məbləğin - 52 min avroya keçidinin reallaşdığı mətbuatda çox müzakirə olundu. "Səbail"lə yarım illik müqavilən olduğu halda, "Tobol"un direktoru Nikolay Panin səni sərbəst futbolçu kimi cəlb etdiklərini və bu transferdə yeni baş məşqçin Vladimir Qazzayevin atası Valeri Qazzayevin nüfuzunun böyük rol oynadığını rəsmən açıqlayıb....  

- Sadəcə olaraq, "Səbail"in rəhbərliyi ilə keçidimlə bağlı danışdım. Onlar da məni başa düşdülər. Sağ olsunlar, mənə dəstək oldular. "Tobol"a keçidimdə bir problem yaratmadılar. Dediyiniz söhbət barədə bir şey deyə bilmərəm. Çünki mənim də xəbərim yoxdu.

 

- "Tobol"da hazırlığınız necə gedir? Qazzayevlə söhbətin olubmu?  Baş məşqçinin etimadını qazanmaq üçün digər qapıçılarla rəqabətdən qalib ayrılmaq şansın necədi?

- Şükürlər olsun ki, indi Antalyada hazırlığımız yaxşı gedir. Gündə 2 dəfə məşq edirik. Mənim işim burdakı etimadı, etibarı doğrutmaq, oyunlarda məşqlərdə əlimdən gələni etməkdi. İnşallah, mən də bunun üçün çalışacam. Seçim isə artıq məşqçilərindi.

 

- Komanda üzvləri səni necə qarşıladı? "Tobol"da bir futbolçu var ki, bizə çox tanış, Premyer Liqamızda "İnter"də və "Qəbələ"də çıxış etmiş Gürcüstan millisinin yarımmüdafiəçisi Nika Kvekveskiridi. Səni tanıdımı? Ondan bir qafqazlı kimi istilik gördünmü?

- Komandaya gəldiyi vaxtdan həqiqətən hamıdan istilik gördüm. Rəhbərlikdən tutmuş inzibati heyətədək mənimlə ilk gündən çox yaxşı münasibət qurdular. Antalyaya gəldiyim ilk gündə "Tobol"un kapitanı balıq restoranında şam yeməyinə məni dəvət etmişdi. Burda yalnız futbolçular iştirak edirdi. Nikaya gəlincə, ondan da bir istilik gördüm, Mənə qarşı münasibəti yaxşı oldu. Bildi ki, Azərbaycandan gəlmişəm. Mənimlə elə azərbaycanca "necəsən, qaqa" deyərək görüşdü. Elə belə də dedi. 

 

- Belə çıxır ki, Azərbaycandan şəxsi tanışlığınız yox idi?

- Kvekveskiri məni şəxsən olaraq tanımırdı. Ancaq Azərbaycan çempionatından gəldiyimə görə, azərbaycanlı olduğumu bilərək mənimlə elə azərbaycanca salamlaşdı. Onsuz da ünsiyyətimiz yaxşıdı. 

 

- "Qarabağ"dan Qazaxıstana çempionata gedən braziliyalı futbolçular Qazaxıstanın çox soyuq olmasıyla gileylənirdillər. Bu, səni narahat etmir? "Tobol"un təmsil etdiyi Kostanayda havaların necə olmasıyla maraqlanmısanmı?

- Soyuq olması barədə xəbərim var. Amma bilirəm ki, Kostanayda "Tobol"a məxsus üstüörtülü manej tikilib. Soyuq məni elə də qorxutmur. Ümumiyyətlə, Azərbaycan Premyer Liqasından Qazaxıstan Premyer Liqasına gedənlər haqda soruşmamışam. Onlar barədə söhbət düşməyib. 

 

- Almeydanı nəzərə almasaq, Azərbaycandan Qazaxıstan Premyer Liqasına transfer olunan ilk azərbaycanlı futbolçu oldun. Üstəlik, millimizin üzvüsən. Bu böyük məsuliyyəti üzərində daşımağa nə dərəcədə hazırsan? "Ayntraxt"dakı uğursuz karyerandan sonra hansı səhvləri təkrarlamaq istəmirsən ki, "Tobol"da işlərin yaxşı getsin?

- Təbii ki, Qazaxıstanda Azərbaycanın təmsilçisi olmaq məsuliyyət deməkdi. Mən də bunu hərtəfəli dərk edərək məşqlərimə, oyunlarıma, həyatıma ikiqat diqqətli yanaşacam ki, Allahın izni ilə hər şey uğurlu olsun.

 

- "Səbail" sənin əvəzinə təcrübəli ukraynalı qapıçı Aleksandr Rıbkanı transfer edib və çempionata "Keşlə"ni səfərdə böyük hesabla məğlub etməklə başlayıb. Bunları necə qarşıladın?

- Rıbka barədə belə geniş məlumatım yoxdu. Sadəcə, bir zaman Kiyev "Dinamo"sunun şərəfini qoruduğunu bilirdim. "Keşlə" ilə oyuna gəlincə, icmala baxdım. Həmkarım həqiqətən yaxşı çıxışla yadda qaldı. Komanda isə çox inamlı qələbə qazandı. Onlar üçün səmimi qəlbdən sevinirəm.  

 

MEHMAN SÜLEYMANOV

22 Fevral 2019
21 Fevral 2019
B.eÇ.aÇC.aCŞB