TOP 10

TPL-in "qocalar evi"

Futbol
Tarix: 2019-02-06 00:00

Adətən baş məşqçilər "futbolçunun yaşına baxmazlar, futbolçunun pasportu onun meydandakı oyunudu" kimi fikirlər səsləndirirlər. Ancaq nəinki futbolda, idmanda, həyatda da yaş istər-istəməz öz sözünü deyir. Üstəlik, əvvəlki illərdə, ən azı milli çempionatımızda futbolçu az qala 40 yaşadək oynayırdısa, 35-dən sonra yaşlı sayılırdısa, karyerasını bitirməsinin yaxınlaşması haqda danışılırdısa, indi fərqli mənzərədi. Futbolçular heç 35-ə gedib çıxmırlar, 30-dan sonra yaşıl meydanda çıxışını başa vurmaları hər il real görünür. 

 

Söhbət legionerdən gedirsə, burda məsələ daha həssasdı. Adətən əcnəbi futbolçunu dəvət edəndə, onun yerli oyunçudan ən azı bir baş üstün olması, komandaya fayda verməsi əsas götürülür, gələcəkdə onu satıb maddi planda qazanmaq planlaşdırılır. Ancaq legionerin yaşı 30-35 arasındadırsa, onu satmaq və ya icarəyə vermək yox, "qocalar evi"nə göndərmək olar. Maraqlıdı, bəs görəsən, Topaz Premyer Liqasında (TPL) top qovan "30 yaş+" legionerlərlə bağlı vəziyyət necədi? Sport24.az bununla bağlı araşdırma aparıb. 

 

TPL-də hazırda ən çox legioner "Qarabağ"dadı. Belə ki, Ağdam klubu qış fasiləsində Reynaldo Silvanı qaytarandan sonra əcnəbi futbolçularının sayını 13-ə çatdırıb. Düzdür, Reynaldo kimi Qazaxıstandan "Qarabağ"a dönən Riçard Almeyda da onun həmyerlisidi. Sadəcə, bu, braziliyalı futbolçu milləşdirilərək yığmamızda çıxış etdiyindən, artıq xeyli vaxtdı yerli oyunçu statusu daşıyır. 13 legionerdən çoxu - 9-u "30+"di. Söhbət albaniyalı Ansi Aqolli (1982), islandiyalı Hannes Halldorsson (1984), ispaniyalı Miçel Madera (1985), braziliyalı Vaqner da Silva (1986), polşalı Yakub Jezniçak (1986), ispaniyalı Dani Kintana (1987), haitili Donald Gerye (1989), isveçrəli İnnosent Emeqara (1989), və Reynaldo Silvadan (1989) gedir. Yalnız 4 gəlmə - konqolu Con Delarj (1990), xorvatiyalı Filip Ozobiç (1991), fransalı Abdullah Zubir (1991) və bolqarıstanlı Simeon Slavçevin (1993) yaşı 30-dan aşağıdı. Göründüyü kimi, "Qarabağ"ın legionerlərinin 69 faizi "qoca"dı. Onu da nəzərə alaq ki, komandanın baş məşqçisi Qurban Qurbanov hələ Antalya toplanışının gedişində Delarjı əvəzedici komandaya göndərərək onun xidmətinə ehtiyac görmür. 

 

"Zirə"də qış fasiləsinədək 6 legioner vardısa, indi 10 olaraq sayda 2-di. Ancaq yalnız 4 legioner "30+"ə daxildi. Bunlar rumıniyalı Adrian Skarlatake (1986 , Fil Dişi Sahilindən İsmael Fofana (1988), moldovalı Aleksandr Dedov (1989) və fransalı Dilan Duventrudu (1989). Qalan 6 legioner 90-ci illərdə dünyaya gələnlərdi - serbiyalı Miloş Radivoyeviç (1990), paraqvaylı Xulio Rodriges (1990), maili Sadio Tounkara (1991), fransalı Bilal Həmdi (1991), malavili Robin Nqalande (1992) və botsvanalı Mpho Kqasvane (1994). Beləliklə, "qartallar"da "təqaüdçü" əcnəbilər 40 faizdi.

 

Qış fasiləsinədək ən çox legioneri "Keşlə"də idisə (13), indi say 8-ə enib. Burda da mütənasiblik "30+"lərin xeyrinədi - 6 legioner. Bunlar fransalı Conatan Ayite (1985), braziliyalı Denis Silva (1985), ukraynalı Valeri Kutsenko (1986), serbiyalı Nikola Mitroviç (1987), syerra-leoneli Con Kamara (1988) və yamaykalı Andre Klennondu (1989). Yalnız litvalı Edvinas Gvirdainis (1993) və rusiyalı Samir Məsimovun (1995) yaşları hələ 30 deyil. Baş məşqçi Tərlan Əhmədovun sərəncamındakı legionerlərdən 75 faizi "qoca"lardı. 

 

"Səbail"dəki 9 legionerdən yalnız ukraynalılar "qoca"dırlar. Bunlar qış transferi Aleksandr Rıbka (1987) ilə zədə üzündən cari mövsümü boşa verməli olan İqor Korotetskidi (1987). Qalanları hələ yaşı 30 olmayan braziliyalı Enriko Perilyo (1991), bolqarıstanlı Emil Martınov (1991), makedoniyalı Tome Kitanovski (1992), fransalı Kevin Kubemba (1993), moldovalı Yevgeni Koçuk (1993), gürcüstanlı Tamazi Tsetsxladze (1996) və qvineya-bisaulu Maudo Jorjuedi (1997). Baş məşqçi Aftandil Hacıyevin sərəncamındakı gəlmələrdən "qoca"lar yalnız 28 faizdi. 

 

"Qəbələ" ilə "Neftçi"də hazırda legioner sayı bərabərdi - 7. "Qırmızı-qaralar"da "təqaüdçülər klubu"nun üzvləri ukraynalı Dmitri Bezotosnı (1983), serbiyalı Vojislav Stankoviç (1987) və albaniyalı Sabien Lilaydı (1989). Baş məşqçi Sənan Qurbanovun hücum xəttinin əsas simaları olan legionerlərin yaşları 30-dan aşağıdı. Bunlar fransalı Stiven Monroz (1990), toqolu Lalavole Atakora (1990) və nigeriyalı Ceyms Adeniyi (1992), habelə qış transferi olan gürcüstanlı Davit Vokovidi (1995). 

 

"Ağ-qaralar"da 3 əcnəbi "30+"ə daxildi. Bunlar xorvatiyalı Qoran Paratski (1987), yunanıstanlı Evangelos Platellas (1988) və fransalı Baqali Dabodu. İtaliyalı baş məşqçi Roberto Bordinin sərəncamında 4 legioner - haitili Soni Mustivar, ukraynalı Kiril Petrov (1990), seneqallı Mamadu Mbodj (1993) və qvineyalı Mamadu Kane (1997) hələ yaşları 30 olmayanlardı. Beləliklə, bu komandalarda "qoca"lar 42 faizdi. 

 

"Sabah"da hazırda legioner limitə uyğun saydadı - 6. Burda "30+"ə daxil olanlar ukraynalı Marko Deviç (1983), serbiyalılar - Saşa Stamenkoviç (1985), Miloş Bosançiç (1988) və paraqvaylı Erik Ramosdu (1987). İki legioner - braziliyalı Vanderson Naskimento (1991) və serbiyalı Filip İvanoviç (1992) yaşı 30-dan aşağıdı TPL-in debütantının baş məşqçisi Elşad Əhmədovun xidmətindən yararlandığı legionerlərin 67 faizi yaşı 30-dan çox olanlardı. 

 

"Sumqayıt"ın siyasətinə uyğun olaraq heyətindəki azərbaycanlı futbolçular olsa da, başqa ölkənin vətəndaşı olanlar da var. Bunlar israilli Əmir Ağayev (1992) və iranlılar - Peyman Babayi (1994) ilə Peyman Keşavarzdı (1996). Göründüyü kimi, baş məşqçi Ayxan Abbasovun sərəncamında "qoca" gəlmə yoxdu. 

  

Beləliklə, qış fasiləsindən sonra klubların iştirak ərizələrində 63 legioner var. Bunlardan 31-i "qoca"dı. Bu isə faiz etibarilə 49 faizdi. Göründüyü kimi, hazırda TPL-də top qovan əcnəbilərin demək olar yarısı "30+"di. Ən "qoca" legioneri olanlar "Keşlə" (75 faiz), ən "qoca" əcnəbi isə 36 yaşlı albaniyalı müdafiəçi Ansi Aqollidi. Yaşı ən az olanlar isə 1997-cü il təvəllüdlü afrikalılar - Jarjue ilə Kanedi. Maduo qvineyalı həmkarından 8 ay kiçik olduğundan, ən gənc legionerdi. 

22 Fevral 2019
21 Fevral 2019
B.eÇ.aÇC.aCŞB