TOP 10

"Neftçi"nin yeni legionerləri Mircavadovun çox xoşuna gəlib: "Lazım olmayan əcnəbinin ehtiyatda nə işi var?"

Futbol
Tarix: 2019-02-05 10:01

Premyer Liqamızda 55 günlük fasilə bitdi. XV turun matçları böyük diqqət mərkəzində idi. Qarşılaşmalara mütəxəssis rəyi ilə bağlı Azərbaycanın ən titullu məşqçilərindən olan Ağasəlim Mircavadova müraciət etdik. 

 

- İki aylıq qış fasiləsindən sonra çempionatımız bərpa olundu. Hansı dəyişikliklər diqqətinizi çəkdi?

- Dəyişən heç nə olmadı. Adətən komandalar təlim-məşq toplanşında gələndə birinci oyun ağır olur. Məndə də belə olub. Yəni, çempionatın, oyun ritminə düşmək lazımdı. Amma başqa keyfiyyətlər üstün olur - həvəs, istək, mübarizə aparmaq. Çünki hazırlıqlı gəlirsən. Ancaq oyunlara baxdım və necə oynayırdılar, necə çempionatı qurtarmışdılar, elə də başladılar. Bunu açıq deyirəm. Hətta deyərəm ki, bəzi epizodlarda zəif də oynadılar. Bilmirəm, məşq prosesində nələr olub. Hamısı Antalyaya təlim-məşq toplanışına yollanmışdılar. Eşitdiyimə görə, orda havalar çox pis olub.

 

- Bəli, əlverişsiz hava şəraiti klublarımızın hazırlıq planlarını xeyli pozdu...

- Ola bilər ki, az məşq olub, trenajorda çox işləyiblər. Bunu dəqiq bilmirəm, ehtimalımı deyirəm. İki gün izlədiyim matçlara əsasən fikirlərimi bildirdim. 

 

- Ən zəif çıxış edən, ümidlərinizi doğrultmayan komanda, futbolçular kimlər oldu?

- Komanda barəsində bir söz deyə bilmərəm. Çünki həmin klublardı və həmin oyunu oynadılar. Heç bir dəyişiklik olmadı. Deyərdim ki, "Neftçi"nin yeni futbolularının ikisi də - mərkəz müdafiəçisi (Mamadu Mbodj) və ortada oynayan (Vangelis Platellas) çox xoşuma gəldi. Onlar komandaya bir da üstünlük verirdilər. 

 

- Bəs, "Qarabağ"da Riçard Almeydanın qayıdışından sonra bir canlanma, dəyişiklik gördünüzmü?

- "Qarabağ" həmin oyunu oynayırdı. Onların öz oyunu var və bunu göstərirlər. Dəyişiklik olmur, elə oyun qurulub və buna sadiq qalırlar. Məsələn, Almeydanın oyununu "Astana"da çıxış edəndə görmüşəm. Kiyevdə "Dinamo"yla 2:2 hesabıyla nəticələnən Avroliqanın qrup matçını canlı izləmişəm. Almeyda orda tam başqa futbol oynayırdı, burda fərqli. O, "Qarabağ"ın oyununa uyğun oynayırdı. 

 

- Bu matçda Mahir Mədətovun bəyəndiyiniz Mbodja əlini uzatmaması çox geniş müzakirə olunmaqdadı, gənc futbolçu tənqid hədəfindədi.  Sizcə, bu hərəkətinə görə Mahirin üzərinə çox getmək lazımdırmı?

- Həmin epizodu gördüm. Futbolda belə anlaşılmazlıqlar ola bilər. Hər bir futbolçunun oyun prosesində xasiyyəti dəyişir, gərginlikdən nəsə olur. Lakin oyundan sonra göstərdilər ki, onlar qucaqlaşdılar, nəsə danışdılar. Bu, çox xoşuma gəldi, gözəl hərəkətdi. 

 

- Mahir sosial şəbəkədə də Mamaduya yazaraq üzrxahlıq edib...

- Ola bilər. Bilirsiniz, oyun prosesində elə epizodlar olur ki, özündə olmursan. Həmin məqamlarda futbolçu ağlını itirməməlidi (gülür). Oyundan sonra qucaqlaşıb görüşürlər, bunlar əladı.  

 

- "Neftçi"nin italiyalı baş məşqçisi Roberto Bordinin taktikası geniş müzakirə olunur ki, daha çox müdafiə futboluna diqqət yetirir. Rəqibin "Qarabağ" olmasını, son 20 dəqiqəni azlıqda oynamasını nəzərə alsaq, belə taktikanı normal, qazandığı xalı layiqli sayırsınız?

- "Neftçi"ni heç vaxt belə görməmişəm. Həmişə üstünlüyü hücum xəttində olub. "Neftçi"nin hücumçuları həmişə çox güclü olub. Hətta mənim dövrümdə bu komandada hər xətdə üstün futbolçular çıxış edirdi. Bu haqda danışmaq istəmirəm. Çünki hər baş məşqçinin öz taktikası, strategiyası var. Hansıyla qalib gələrsə, deməli, uyğunluğu var. Ancaq onu deyim ki, "Neftçi" hücuma çox meylli idi. 8 klublu çempionatda oynamlı olursan. Görürsünüz ki, böyükhesablı qələbələr nadir hallarda olur. Daha çox 1, 2 qolluq fərq var. Ümumiyyətlə, futbolumuzda həddən artıq problemlər var və bunlar gedib milliyə çıxır. Yəni hücumçu problemi, qol vurmaq qabiliyyəti və sair. 

 

- İlk turda yeganə böyükhesablı nəticə "Keşlə" - "Səbail" matçında qeydə alındı. Meydan sahiblərinin 0:3 hesabıyla uduzması sizin üçün nə dərəcədə gözlənilməz oldu?

- Bu qarşılaşmaya da baxdım və "Keşlə"nin belə hesabla uduzacağını əvvəldən deməzdim. Oyuna normal başlamışdılar. Səhvlər olur, xüsusilə də müdafiədə. Bir də ki "Keşlə" uzun müddət 3 mərkəz müdafiəçisiylə oynayıb. Birdən-birə 2 mərkəz müdafiəçisinə keçiblər və ola bilər ki, bu da futbolçularda bir az anlaşılmazlıq yaradıb. Çünki 5 müdafiəçiylə 4 müdafiəçi oynamaq arasında həddən artıq böyük fərq var.

 

- "Keşlə"nin kapitanı, millimizin də əsas qapıçısı olan Kamran Ağayevi məhz siz "Xəzər Lənkəran"a cəlb etməklə, ona güvənməklə futbolumuza bəxş etdiniz. Kamranın "Səbail"lə matçda kobud səhvləri oldu, özünə bənzəmirdi. Ona nə olub?

- Vallah, nə deyim...Onu uzaqdan, televiziyada görürəm. Kamran öz üzərində işləməlidi. Bilirsiniz, futbolçu yaşlandıqca, yaş özünü göstərirsə, həddən çox işləməlidi. Məşqdən sonra qalıb öz üzərində çalışmalıdı, fərdi hazırlaşmalıdı. Hər bir futbolçu öz adını qorumalıdı. Kamrandan söhbət getmir. Dediyim məqama hamı fikir verməlidi. Ağayev də istisna olmamaqla. Daxildə olan şeyləri bilmirik. Oyuna baxırıq, qurtardı getdi. Ancaq oyuna necə hazırlaşırlar, bu, vacib amildi.

 

- Hesab etmirsiniz ki, Kamran belə oyunuyla millidə əsas heyətdə yerini Səlahət Ağayevə verəcək? Hər halda, Səlahət bu mövsüm ondan yaxşı formadadı, "Qarabağ"la son matç da bunu göstərdi...

- Yığmadan söhbət açanda, ona fikir verməliyik ki, kim hazırdırsa, yaşından asılı olmayaraq çox yaxşı oynayırsa, o, dəvət olunmalıdı. Bir oyundan söhbət getmir ki...Bir qarşılaşmada əla oynadımsa, gərək millidə çıxış edim? Yox. Ümumiyyətlə, yaxşı oyun ardıcıllığı olmalıdı. Bəlİ. sizinlə razıyam ki, Səlahət dünən çox ağıllı oynadı və "Neftçi"nin xal qazanmağında çox böyük rol oynadı. Ancaq bir oyun hər şeyi həll etmir axı. 

 

- Klubların fasilədən sonra ilk turda, "Qəbələ" istisna olmaqla, legioner limitindən tam istifadə etməməyi, əsas heyətdə daha çox yerli futbolçulara yer verməsi diqqətinizi çəkdimi? Bunu nəylə əlaqələndirərdiniz?

- Legioner işində həmişə çox həssas olmuşam. Lazım olan legionerləri almaq lazımdı ki, oynasınlar. Lazım olmayan əcnəbinin ehtiyatda nə işi var? 

 

- "Qarabağ"ınq apıçıları əcnəbiəcnəbi  halda, yerli əlcək sahibi Şahrudin Məhəmmədliyevə şans verildi...

- Şahrudin oynamalı idi də...O da qapıçıdı, İslam Oyunlarının çempionudu. Yaxşı qolkiperdi. Hətta deyərəm ki, stabil oynaya bilər. Bilirsiniz, heyəti baş məşqçi və məşqçi korpusu müəyyənləşdiririr. Buna görə işlərinə qarışmaq fikrim də yoxdu. Onlar da öz işlərini bilirlər ki, kim güclüdü, o, oynamalıdı.  

 

- Hakimliyə necə qiymət verərdiniz? 4 qırmızı vərəqə çox deyildi?

- Hakimləri qınamıram. O mənada ki, üstünlük gənc hakimlərə verilir. Səhv də ola bilər, bu, sarı vərəqlər də mümkündü. Amma mənə elə gəlir ki, "Qarabağ" - "Neftçi" matçının baş hakimi fitiylə, hərəkətiylə oyunun gedişatına heç bir maneçilik törətmədi. Əsas budu. Baş hakim matçı sakit idarə edirdi. Kim qol vursaydı, oyunu aparacaqdı. 

 

 

MEHMAN SÜLEYMANOV

22 Avqust 2019
21 Avqust 2019
B.eÇ.aÇC.aCŞB