TOP 10

Mədətovun uzatmadığı əl

Futbol
Tarix: 2019-02-05 00:00

Mahir Mədətovun Mamadu Mbodjun əlini sıxmaması futbol ictimaiyyəti tərəfindən kəskin reaksiya doğurdu. 22 yaşlı forvardın top uğrunda mübarizəni seneqallı mudafuəçiyə uduzmasından sonra “Neftçi”nin oyunçusunun uzatdığı əli sıxmaması az qala xalq düşməni səviyyəsinədək qaldırıldı.

 

Belə halla ilk dəfədirmi rastlaşırıq? Yoxsa Mədətov rəqibini söydü? Bəlkə ona tərəf uzanan ələ şıllaq atdı? Məncə, heç biri. O qədər analoji hallar yaşanır ki. Hətta, bəzən bir futbolçu digərinin uzatdığı əli itələyir də.

 

Əlbəttə ki, bu epizoda görə Mahiri qəhrəman obrazında göstərmək niyyətimiz yoxdur. Ancaq məsələ burasındadır ki, artıq o, sanki izlənilir. Uşaq vaxtı hansısa yeniyetmə “kooptorq”dan kartof oğurlayıbsa, 5 ildən sonra kiminsə toyuğu itəndə də ilk şübhəli bilinən məhz həmin gənc olur.

 

“Mədətov ötürmə etmədi”, “Mədətov komanda yoldaşına acı-acı baxdı”, “Mədətov topu bilərəkdən meydanın kənarına atdı”... Bir dəfə Qurban Qurbanovla qalstuksuz (oxu diktofonsuz) söhbət edərkən, Mahirin ərköyünlüyü, onun meydanda mübahisəyə meylli olmasından söz düşdü. Təcrübəli mütəxəssis təxmini belə bir fikir irəli sürdü: “Meydanda mübarizə ruhu olmayan futbolçudan böyük uğur gozləmirəm”. Əlbəttə, Qurbanov bunu o mənada demirdi ki, futbolçular rəqiblərini təpikləməlidi. Sadəcə, nəticə qənaətbəxş olmayanda futbolçunun bununla barışmamasının müsbət xüsusiyyət olduğunu qabardırdı.

 

47 yaşlı mütəxəssislə kimsə razılaşmaya bilər. Ancaq söhbət yol keçərkən kiminsə ayağını tapdayıb üzr istənilən zaman həmin üzrhaxlıgın qəbul edilməməsindən getmir. Futbolda heç kim məğlub olmaq istəmir. Kimlərsə bunu daha soyuqqanlı, kimlərsə də daha emosional formada büruzə verir.

 

Bəli, Mədətov həmin epizodda Mbodjun əlini sıxsaydı, centlmenlik nəzəriyyəsinə görə ən doğru qərarı vermiş olardı. Ancaq bu, elə bir hadisə deyil ki, Mədətov “yıxıb-sürüdülsün”. Tənqid etmək üçün o qədər məqamlar var ki. Söhbət futbola dair epizodlardan gedir. Mahir bu gün həmin əli sıxmamağa görə yox, hələ də sağ ayağıyla normal zərbəyə sahib olmadığına görə tənqid olunsa, daha effektiv olar. “Urrra, Mədətovda səhv tapdım” prizmasından yanaşmaqla nə futbolçuya, nə futbolumuza xeyir vermiş olacağıq. 

 

 

CEYHUN ƏLİYEV

22 Fevral 2019
21 Fevral 2019
B.eÇ.aÇC.aCŞB