TOP 10

“Neftçi” “Metan”ı “Qaz”a qatdı: Mamadudan Darioyadək

Futbol
Tarix: 2019-01-18 22:22

Nəhayət, “Neftçi”ni də iş başında gördük. Çempionluq uğrunda mübarizədə “Qarabağ”ı bir addım qabaqlayan Roberto Bordinin yetirmələri Rumıniya “Qaz Metan”ı ilə üz-üzə gəldi. Manavqatda baş tutan görüş əlbəttə ki, “ağ-qaralar”ın vəziyyəti baradə müfəssəl məlumat verməyəcəkdi. Ancaq Topaz Premyer Liqasının liderinin oyununu izləmək üçün yerləşdiyimiz oteldən 50 km aralıya getməyə dəyərdi...

 

Tribunaya qalxarkən Ruslan Abışovla Emin Mahmudovu gördükdə, bir o qədər də təəccüblənmədik. Hər halda, Abışov uzun müddət zədədən əziyyət çəkib və məşqlərə başlasa da, tam bərpa olmaya bilərdi. Mahmudov isə qış fasiləsində əməliyyat masasına uzanmalı olmuşdu. Mustivarı isə “lazaret”də görmək bir qədər təəccüblü idi. Az sonra öyrəndik ki, dayaq yarımmüdafiəçisinin zədəsi o qədər də ciddi deyil. Sadəcə, məşqçilər korpusu riskə getməməyi qərara alıblar.

 

Mustivarın yoxluğunda komandanın debütantı Mamadu Kanenin özünü necə göstərəcəyi maraq doğururdu. Ümumiyyətlə, Bordinin start heyətini əminliklə eksperimental adlandırmaq olardı. Təsəvvür edin ki, bombardir Baqali Daboya ilk “11-lik”də yer tapılmamışdı...

 

Start heyətində maraqla gözlənilən simalar arasında əsas persona hazırda baxışda olan Jesse Sekidika idi. Ancaq irəliyə gedərək qeyd edək ki, mərkəz yarımmüdafiəçisi özünü doğrultmadı. Əvəzində isə Mamadu Kane 90 dəqiqə dayanmaq bilmədi. Mamadunun komandasının bütün hücumlarının başlanğıcında ön planda olması, rəqibin həmlələri zamanı bütün hadisələrin episentrinə yetişməsi “Neftçi” üçün tapıntı olduğunu iddia etməyə əsas verir. 

 

Maraqla izlədiyimiz daha bir persona Elvin Sərkərov idi. Gənc mərkəz müdafiəçisi Kirilo Petrovla təşkil etdiyi tandemin ən zəif bəndi olmadı. Bəzi epizodlarda özünü müsbət tərəfdən göstərən Sərkərov bir neçə ildən sonra “Neftçi”nin əsas siması ola bilər.

 

Oyuna gəlincə, rumınlar heç də pis təsir bağışlamasalar da, təmsilçimizin şərəfini qoruyan futbolçuların ustalıq səviyyəsi daha üstün idi. “Köhnələr”dən ən çox can yandıranlar sıralamasında Rəhman Hacıyevi qeyd edərdik. Hacıyev istəyinə artıq 10-cu dəqiqədə çatdı. Tural Axundovun cinahdan cərimə meydançasına əla hava ötürməsindən sonra Rəhman heç də özünə xas olmayan üslubda – möhtəşəm baş zərbəsi endirdi. Top rəqib komandanın qapıçısı üçün əlçatmaz oldu. Bundan bir qədər sonra  Anton Krivotsyuk zədələnərək, yerini Məhəmməd Mirzəbəyova verdi. 

 

Qarşışlaşmanın ilk yarısında dominant tərəf “ağ-qaralar” olsalar da, real qol imkanları nə bu, nə də digər qapı qarşısında yaranmırdı. Lakin fasilədən 15-20 dəqiqə keçdikdən sonra məclis qızışdı. Gənc Əli Şirinovun dublla fərqlənməsi isə bu istedadlı futbolçu üçün yaxşı stimul ola bilər.

 

Yekunlaşdıraq. “Neftçi” “Qaz Metan” üzərində layiqli qələbə qazandı. Ancaq aydın məsələdir ki, Bordinin komandası hələ tam hazır deyil. “Neftçi”nin heyətində “ən zəif bənd” Dario Federiko idi. Braziliyalı vinger olduqca ləng, istəksiz görünürdü. Hələ “Kəpəz”də oynadığı vaxtlardan diqqət yetirdiyim Dario heç də formadan düşməyib. Sadəcə, bu futbolçu heç vaxt yoxlama oyunlarında meydanda can qoymur. Mamadu Kane isə Federikonun tam əksi idi. Hətta deyərdik ki, bu axşam komandasının sıralarında hamıdan yaxşı idi. Ancaq hələlik rəy bildirməyə tələsməyək. “Ağ-qaralar”ın növbəti yoxlama oyunlarından sonra daha real formada rəy bildirə biləcəyik.

 

 

CEYNUN ƏLİYEV, Antalya
 

24 Aprel 2019
23 Aprel 2019
B.eÇ.aÇC.aCŞB