TOP 10

Monroz Türkiyə klubundan təklif alıb: "Neftçi" məni istəyə bilər, çünki..."

Futbol
Tarix: 2019-01-11 11:56

Qış transfer dövründə gündəmdə olan futbolçulardan biri Stiven Monrozdu. Fransalı hücumçunun ilyarımdı çıxış etdiyi "Qəbələ"dən gedəcəyi ilə bağlı xəbərlər azalmaq bilmir. 29 yaşlı legionerin adı "Neftçi" və Türkiyə klublarının ətrafında hallanır. Monrpzu "Qəbələ"ylə müqaviləsinin bitməsinə cəmi 6 ay qaldığını nəzərə alsaq, klub da ona sərfəli təklif müqabilində satmağa razı ola bilər. Hər halda, yüksək ödənişli futbolçu Stiven yayda sərbəst olacaq və bu zaman "Qəbələ" onu havayı buraxmalı olacaq. Monrozla yeni müqavilənin imzalanması indiki vəziyyətdə real görünmür. "Qəbələ"nin düşərgəsinə baş çəkdiyimiz zamanı söhbətləşdiyimiz Stivendən soruşulası yetərincə məqamlar vardı.

 

- Yeni ili harda, necə keçirdin? Mövsümün ilk yarısının yoğrunluğunu yaxşı istirahətlə çıxara bildinmi?

- Fransada ailəmlə oldum. İstirahıtimi yalnız ailəmlə keçirməyi üstün tutdum. Yaxşı dincəldim.

 

- Hansısa bir ekzotik ölkədə istirahətə yollanmağı düşünmədin?

- Yox. Kubok matçlarından sonra fasilə az olduğundan qərara gəldim ki, bu dəfə heç bir yerə getməyim, evdə elə ailəmlə qalım. Həm də yaxında yenidən ata oldum. Gələn fasilədə bəlkə harasa istirahətə getdim.

 

- Cari mövsümün ilk yarısını "Qəbələ" üçün necə dəyərləndirərdin? Arxada qalan 4-5 ayı həm komandan, həm də özün üçün nə dərəcədə uğurlu çıxış saymaq olar?

- Bu çempionat bizim üçün yaxşı başlamadı. Belə ki, bir neçə yeni futbolçumuz vardı və onların komandaya uyğunlaşması bir az vaxt apardı. Elə də hamının bir-birinə uyğunlaşması, baş məşqçi dəyişikliyi zaman aldığından öz təsirini göstərdi. Ancaq daha sonra nəticələr bir qədər düzəlməyə başladı. Bu da o demək idi ki, artıq həmin yeni futbolçular "Qəbələ"yə uyğunlaşmışdılar. Nəticə də bu formada gəlməyə başladı. Son gələnlərdən Ceyms Adeniyi ilə Lalavole Atakora fikrimcə, komandaya çox köməklik edirlər. Onlar yaxşı formadadırlar. İndiki vəziyyətdə isə bu möhkəm birliyi, yaxşı ab-havanı qoruyub saxlamalıyıq. Hazırda məşqlərimiz yaxşı keçir. baş məşqçimiz çox yaxşıdı. İstəyərdik bu birliyi davam etdirək ki, çempionat başlayanda onun nəticəsini daha yaxşı görə bilək.

 

- Bu mövsüm belə fikir formalaşıb ki, hazırkı "Qəbələ"nin əsas gücü məhz Monroz-Adeniyi-Atakora üçlüyüdü. Bu trio yaxşı oynayanda, komanda da nəticə qazanır, əks halda uğursuzluq olur. Bu fikirlə nə dərəcədə razısan?

- Yox, deməzdim ki, "Qəbələ"nin gücü bizim triodadı. Ola bilər ki, ayrı-ayrılıqda keyfiyyəti yüksək olan futbolçularıq. Amma demək istəmirəm ki, əsas güc bizik. Çünki bu komandanın üzvüyəm və ona xidmət göstəririk. Bizim üçün "Qəbələ"nin nəticəsi maraqlıdı. Ola bilər ki, mövsüm başlayanda bu üçlük yaxşı çıxış etmirdi. Ona görə də həmin vaxtlar nəticə olmurdu. Bir müddət, konkret "Neftçi"yə qalib gəldiyimiz qarşılaşmadan sonra çox yaxşı oynadıq. nəticədə ürəkləndik və bu, ardıcıl belə şəkildə getməyə başladı. Amma yenə də nəticələr bizim üçlükdən asılı deyil. Çünki komandada müdafiə xəttində oynayan futbolçular da var. Onlar da yaxşı oynayır ki, nəticəmiz gəlir. Hər kəs meydanda öz işini yaxşı şəkildə görməkdə davam etsə, motivasiyamız da yüksək olur. Bu da bizi növbəti matçları udmağa kökləyir.

 

- "Qəbələ"nin keçən il də afrikalı triosu vardı. Onda Baqali Dabo və Famussa Koneylə birgə hücumda çıxış edirdin. Maraqlıdı, Monroz hansı üçlüyü daha güclü sayır?

- Bu üçlüklər arasında seçim edə bilmərəm. Çünki mənim üçün fərqi, "ən yaxşı trio bu və ya o idi" deyə bir şey yoxdu. Keçən mövsümdə bizdə adını çəkdiklərinizlə yanaşı, Filip Ozobiç və digər futbolçular vardı. Həmin vaxt komandada oyunçu, keyfiyyətli, Avropada çıxış etmiş futbolçu sayı da çox idi, rəqabət də güclü. Hətta deyərdim ki, keçən mövsüm "Qəbələ"yə yeni gəldiyimdə çox qarşılaşma olmuşdu ki, Dabo və Koneylə bir yerdə oynamamışdıq. Hansımızsa ehtiyatda oturmuşduq. Deyə bilərəm ki, son 5 görüşdə birgə oynamışdıq və onda da artıq bir-birimizə uyğunlaşmışdıq. Ola bilər ki, keçən mövsüm daha yaxşı oynayırdım, həmin üçlük daha nəzərə çarpa bilərdi. Ancaq bu mövsümün əvvəlində daha yaxşı çıxış etmədiyimi hesab edirəm. Ona görə də budəfəki trio sonradan özünü göstərmiş oldu. Bu da deməkdi ki, müddət keçdikcə bir-birimizi meydanda daha yaxşı anlamağa başladıq.


- Qış fasiləsində adın digər klublarından ətrafında çox hallanır. Əsasən da "Neftçi" və Türkiyə klublarının transfer siyahısında olduğunu deyilir. Bunlar nə dərəcədə realdı? "Qəbələ"dən gedişin gözləniləndi?

- Hazırda "Qəbələ"nin futbolçusuyam və klubla olan müqaviləmə hörmətlə yanaşıram. Getmək variantı real olarsa, bundan sonra müzakirələr mümkündü. Ancaq hələ ki yalnız "Qəbələ" haqda düşünürəm. 6 aylıq müqaviləm var və bu müddət bitəndən sonra məsələyə baxarıq. Bəlkə də "Neftçi" məni istəyə bilər, çünki orda yaxşı futbolçular var. Amma mənimlə maraqlananların hamısı bilir ki, "Qəbələ"ylə cari mövsümün sonunadək müqaviləm var. Eyni şərtlərlə müqavilə təklif edə bilmirlər deyə bəlkə bu üzdən müraciət edə bilmirlər. Bunlar ola bilər. "Qəbələ"ylə müqaviləm olduğundan başqa klublar məni maraqlandırmır. Ümumiyyətlə, burada məşq, çıxış edəcəyimə qərar vermişəmsə, artıq digər təkliflər və ya başqa şeylər mənə maraqlı deyil. Sonra isə nəsə baş versə, bunu hamı biləcək ki, Stiven başqa kluba getdi. Türkiyədən də mənimlə maraqlanmanı təkzib etmirəm. Ancaq bildiyimə görə, hazırda bu ölkədə maddi vəziyyət yaxşı deyil.

 

- Yəni, menecerlər səviyyəsində sənə təklif gəlməyib?

- Yalnız Türkiyədən bu qış fasiləsində konkret təklif olmuşdu. Ancaq bu, məni maraqlandırmadı.

 

- Bir klub idi, yoxsa..? Konkret ad çəkərdin...

- Bəli, bir klub idi. Super Liqa yox, I liqa təmsilçisi idi. Ad çəkmık istəmirəm, onu deyə bilərəm ki, öz liqasında yuxarı yer üçün mübarizə aparmaq istəyən komanda idi.

 

- "Qəbələ"nin ildən-ilə maddi durumu zəifləyir, büdcəsi azalır. Ancaq belə başa düşdüm ki, Monrozu klubda maddi qazancı qane edir...

- Bəli. "Qəbələ"də hazırda maddi durum, ümumiyyətlə, hər şey məni qane edir. Heç bir sıxıntım yoxdu. Komandaya gələndə, mənimlə 2 illik müqavilə imzalandı. Sonra büdcə aşağı düşdü və ya nəsə oldusa, bu, əmək haqqımda heç bir dəyişiklik olmadı. Komanda tərəfindən həmişə hörmətlə qarşılandım, mənə hər bir şeydə dəstək oldular. Ona görə də "Qəbələ" üçün çalışıram, burda özümü çox yaxşı hiss edirəm. Büdcənin artıb-azalması klub prezidentiylə bağlı məsələlərdi. Onun da qərarlarına hörmətlə yanaşırıq. Nəyisə dəyişirsə, deməli, başqa bir fikrə gəlir ki, bu addımı atır.

 

- Əgər “Qəbələ"ylə müqavilən olmasaydı, "Neftçi"yə keçmək, yenidən Daboyla komanda yoldaşı istərdin?

- “Əgər”lərlə danışmağı xoşlamıram. Bu, artıq həmin vəziyyətdən asılı olacaq. “Qəbələ”ylə müqaviləm olmasaydı, “Neftçi”dən təklif gəlsəydi, onda vəziyyətə baxılacaqdı. Ancaq “Neftçi”yə də hörmətim var. Çox yaxşı, köklü klubdu. Ancaq hazırda “Qəbələ”dəyəm, bura bağlıyam. Sabah bilmək olmaz, bəlkə bizdə də büdcə artırdı. Onda başqa şeylər ola, vəziyyət dəyişə bilər.

 

- Təmkin Xəlilzadənin gedişi komandanıza necə təsir edə bilər?
- Təmkinin bizdən getməsi mənim üçün sürpriz oldu. Mənə görə o, komandanıza fayda verən bir yaxşı futbolçu idi, bizdə yaxşı da oynayırdı. İstirahətdən qayıdandan sonra məşqlərimizə baxaraq Təmkini görməyəndə, onu xəbər aldım. Dedilər ki, “Sabah”a keçib.  Bu, ya özünün qərarıdı, ya da klubun – hər halda, öz aralarında həll ediblər. Bu məsələnin mənə aidiyyatı yoxdu. Çünki heç kim məndən soruşmur ki, Stiven, bu getsə, bu, gəlsə necə olar. Bu, daha çox klub prezidentinə veriləsi sualdı. Fikrimi bimək istəyiriksə, Təmkinin qalması daha yaxşı olardı. O, həm də yaxşı oğlandı, yaxşı insandı. Düşünürəm ki, getməyə qərar veribsə, deməli, bu, onun üçün daha yaxşıdı. Bu da məni xoşbəxt edir.
 

 

 

MEHMAN SÜLEYMANOV

22 Mart 2019
21 Mart 2019
B.eÇ.aÇC.aCŞB