TOP 10

EKVATOR XƏTTİ: Üçü bir boyda olan “gözəllər” – VII YAZI

Futbol
Tarix: 2019-01-11 10:24

Topaz Premyer Liqası (TPL) “ekvator”a yetişdi. Elə Azərbaycan Kuboku uğrunda mübarizədə də arxada 2 tur qoyuldusa, qarşıda eyni sayda tur qalıb. Deməli, mövsümün ilk yarısına qiymət verməyin zamanı çatıb. Sport24.az çempionatımızın ilk yarısına həsr olunmuş 14 materialdan ibarət “EKVATOR XƏTTİ” silsilə yazılarından yeddinci yazını təqdim edir. Budəfəki yazı TPL-in son 3 pilləsində olan komandalara - "Sumqayıt", "Keşlə" və "Zirə"yə həsr olunub. 

 

TPL-in son 3 pilləsinin sahibini birləşdirən bir neçə məqam var. Hər 3 komandanın uğursuz, qeyri-sabit çıxışı ilə yanaşı, daha bir diqqətçəkən ümumilik var. Söhbət sözügedən trionun hər birində baş məşqçi dəyişikliyinin baş verməsindən gedir. Mövsümün gedişatında “Sumqayıt” və “Zirə” dəyiş-düyüş etdi. Ötən mövsüm başa çatdıqdan sonra “Sumqayıt”la yollarını ayırmış Samir Abasov ilk dövrənin əvvəlində istefa vermiş Ayxan Abbasovun əvəzinə “Zirə”yə gətirildi. Ancaq Ayxan bəyin işsizliyi də çox sürmədi: Nazim Süleymanovla yollarını ayırmış “Sumqayıt” “Zirə”nin sabiq baş məşqçisinə həvalə olundu. “Keşlə” bu baxımdan daha da qabağa getdi. Avropa Liqasında uğursuzluğa düçar olduqdan sonra Yuri Maksimova qapını göstərən “Keşlə” rəhbərliyi Mladen Milinkoviçlə də uğurlu olmağı bacarmadı. Tərlan Əhmədovla işlərin necə gedəcəyinə isə qış fasiləsindən sonra aydınlıq gələcək.

 

Turnir cədvəlindəki sıxlıq söügedən triodan hər birinin avrokubok zonasına düşmək şanslarını saxlayır. Son pillənin sahibi “Zirə”ni Avropa Liqasına böyük ehtimalla vəsiqə qazandıran 4-cü pillədən cəmi 7 xal ayırır. Bu baxımdan həm “Zirə”nin, həm “Keşlə”nin, həm də “Sumqayıt” 4-cülük şansı yetərincə yüksəkdi. Ancaq 4-cü olmaq hələ Avropa Liqasına vəsiqəni təmin etmək demək deyil. Çünki bunun üçün daha bir şərt həyata keçməlidi: ilk 3 pilləyə sahib çıxmış kollektivlərdən biri Azərbaycan Kubokunu mütləq başı üzərinə qaldırmalıdı. 

 

Maraqlıdır ki, ölkə Kubokunun yarımfinalına yüksələnlər sırasında çempionatın 2 autsayderi də var: “Zirə” və “Sumqayıt”. Özü də bu komandalardan biri finalda oynayacaq. Çünki yarımfinal cütlüklərindən birini məhz onlar təşkil edir. 

 

Komandaların sərgilədiyi futbola gəlincə, burda ümumilik tapmaq mümkün deyil. Məsələn, Samir Abasovun futbolu “ölmək ölməkdi, xırıldamaq nə deməkdi” prinsiplərinə söykənir. Başqa sözlə, “uduza da bilərik, heç-heçə də edə bilərik, ancaq ultramüdafiə futbolu ilə xal qazanılmayacaq” xarakterli futbol fəlsəfəsinə söykənir. Ayxan Abbasovda isə hər şey praqmatizmə hesablanıb. Tərlan Əhmədov da ki... hələlik başı məşqçi transferlərinə qarışıb. Yəqin nə vaxtsa, onun da dəst-xəttini görərik.

 

Bu məşqçilərin əlinin altında materiala nəzər yetirdikdə ən geniş və daha güclü heyətə məhz Əhmədov sahibdi. Elə təkcə onu qeyd edək ki, Bahodir Nasimovun gedişindən sonra “Keşlə”də hələ 3 forvard qalır. Bundan başqa millinin əsas qapıçısı Kamran Ağayevi, müdafiə xəttindən Denis Silva və Sərtan Taşkını, yarımmüdafiədə Slavik Alxasov və Nikola Mitroviçi də uğurlu nəticə əldə etmək üçün potensiallı futbolçu olduqlarını qabardardıq. 

 

Bütün hallarda, hər 3 komanda qış fasiləsindən sonra irəliləməyə məhkumdu. Buna necə nail olacaqlarını isə mayda görəcəyik.

 


 

15 Iyun 2019
14 Iyun 2019
B.eÇ.aÇC.aCŞB