TOP 10

Qurban Qurbanovla 2018-ə səyahət: “Bütün hallarda, arxayınam ki, bu postda vicdanla çalışdım”

Futbol
Tarix: 2019-01-10 21:52

Azərbaycan futbolunun beynəlxalq arenadakı brendinə çevrilib. Ağdam təmsilçisi ardıcıl 5 mövsüm ölkəmizi avrokubokların qrup mərhələsində təmsil edib. Bu il də istisna olmadı və “süvarilər” Avropa Liqasının qrup mərhələsində mübarizə apardılar. Doğrudu, Topaz Premyer Liqasının qış fasiləsinə Ağdamlılar ənənəvi lider kürsüsündə yollanmadı. Ancaq marafonun ikinci hissəsində 3 xallıq fərqi əritmək mümkünsüz görünmür. Komandanın baş məşqçisi Qurban Qurbanovla söhbətdə mövsümün arxada qalan hissəsini addım-addım təhlil etdik.

 

 

"Sonuca baxdıqda, hardasa fikirləşə bilərik ki, uğursuz il oldu, ancaq deməzdim, çünki..."

- Mövsümün ilk yarısına baxış bucağınız maraqlıdı. Nədən narazı qaldınız, nədən razı?
- Bəzən çalışmalıyıq ki, futbolçularımıza düzgün qiymət verək. Həqiqətən bizim üçün ağır period idi. Belə deyək ki, narazılıq həmişə olub. Amma indi ona görə narazı qalmadım ki, əvvəldən qeyd etdiyim kimi, komanda iyundan avrokuboklara hazırlaşdı və xüsusilə milli komandamızın üzvləri olan futbolçularımızın üzərinə ağır yük düşdü. Onlar müxtəlif turnirlərdə oynamalı oldular. Çox ağır bir dövrü keçdilər və hər bir turnirdə futbolçulardan maksimum nəticə tələb olunurdu. Ona görə maksimum ki, "Qarabağ" bundan əvvəlki mövsümdə Çempionlar Liqasının (ÇL) qrupunda çıxış etmişdi. Bu mövsümdə də bizdən həmin nəticə tələb olunurdu. Bu üzdən istər-istəməz futbolçularda həyəcan həmişə olurdu. Üstəlik, tək biz yox, milli komandamızın hər bir üzvü Millətlər Liqasına hazırlaşırdı. Bu, ikinci bir həyəcan idi. Və üçüncü də çempionat idi ki, hansında yenə hər 3 cəbhədə komandanı, futbolçuları, özümüzü düzgün idarə etməyə çalışmalı idik. Narazılıqlar məşq prosesində, oyunlarda olur. Amma bunlar normaldı. Sonuca baxdıqda, hardasa fikirləşə bilərik ki, uğursuz il oldu. Ancaq deməzdim, çünki bütün futbolçular gözümün qarşısında idi. Böyük istəklə, həvəslə çalışırdılar. İstəyirdilər ki, uğur əldə edək, hər bir yerdə minimum nəticə qazanaq. Ən pis halda Avroliqanın pley-offuna düşdük, qrupa çıxdıq. Bu, yaxşı haldı. Çempionatda gördüyünüz kimi, rotasiyaları bir az çox etdik. Zədəlilərimiz, komandada yayda dəyişikliklər çox oldu. Yenə də şükürlər olsun ki, hər şey ilin sonunda pis bitmədi. Amma həmişə futbolçularımdan tələb etmişəm ki, hər qarşıdakı il daha yaxşı hazırlaşmalı, daha yaxşı nəticələr əldə etməliyik. Bunun üçün məşqlərdə çox çalışmalıyıq və futbola sevgimizi, diqqəti daha da artırmalıyıq. Məncə, futbolçulardan belə açıq deyiləsi narazılığım yoxdu. Olubsa, bunlar daxildə, məşqlərdə, matçlarda olub.

 

- Təbii ki, geriyə boylananda, komandanın ÇL-də uğursuzluğunu siz də təhlil etmisiniz və qırılma nöqtəsini axtarmısınız. Sizə elə gəlmir ki, BATE-ylə matçda hardasa bəxtsizlik yaşandı?
- Ümumiyyətlə, bu mövsüm çox maraqlı matçlarımız oldu, oyun, nəticə baxımından maraqlı anlar yaşandı. Ona görə futbolçularıma narazılığımı bildirmirəm ki, həmin BATE-ylə görüşdə görürdüm nə qədər istəklidirlər, bilirdim nə cür hazırlaşmışıq. Əvvəl qeyd etmişəm ki, bəxtimizin gətirdiyi oyunlar da olub, gətirmədiyi də. Bəli, yekun nəticəyə görə belaruslulara məğlub olduq, ancaq oyun baxımından yox. Ona görə futbolçularıma güvənirdim ki, qarşıdakı matçlarda daha yaxşı nəticə əldə edə bilərik. Elə "Şerif"lə pley-offda, xüsusilə Bakıdakı oyunda çox yaxşı oyun göstərdik. Məncə, bu gün qıraqdan şikayətlənmək bir az düzgün çıxmaz, çünki futbol elə oyundur ki, bir gün bəxtin gətirir, bir gün gətirmir. Əksinə, kim daha çox çalışırsa, kim daha çox istəklidirsə, kim daha düzgün özünü hazırlayırsa, məncə, həmin komandalarda bəxtsizlik az olur. 

 

- Həmin BATE-ylə 180 dəqiqəlik oyunu götürsək, "Qarabağ" yuxarı-aşağı 120 dəqiqəni üstün oynadı, rəqib çox az müddət üstün göründü. Bu, daha çox Bakıdakı oyunun 10-15 dəqiqəsində oldu. Komanda Belarusda qələbəyə layiq oyun sərgilədi, aşkar üstün futbol oynadı. Burda transferlərin rolu oldumu ki, yeni futbolçular hələ heyətə "oturuşmamışdı"?
- Ümumiyyətlə, həmin vaxt komandanı formalaşdırmaq həqiqətən çətin idi. Bu gün nə qədər desəm də yox, heyətdəki dəyişikliklərin təsiri var idi. Çünki yayda komandadan az futbolçu getmədi. Yeni futbolçuların hazırlıqları da fərqli idi. Bir bir ay oldu komandayla, biri 10 gün, biri 20 gün. Onların hamısının hazırlıqlarını eyni səviyyəyə çatdırmaq həqiqətən çətin idi. Oyun baxımından deməzdim, bəlkə təcrübə, qarşılaşmalarda diqqət çatmadı. Ola bilər ki, fərqli çempionatlardan gəlmişdilər, tələbləri fərqli olan oyunlara çıxmışdılar. Bəlkə də bura gələndə gözləmirdilər ki, "Qarabağ"a azarkeşlərin, medianın bu qədər diqqəti olsun, bizim ÇL-in qrupuna düşməyimiz lazımdı, vacibdi. Ola bilər ki, buna hazır deyildilər. Ancaq ümumən getdikcə hamı özünü yaxşı tərəfdən göstərməyə başladı. Məncə, geriyə də çox qayıtmasaq, daha yaxşı olar. Əksinə, qarşıdakı oyunlarımıza baxmalıyıq. Bəli, həmin oyunlardan nəticə çıxarırıq, hətta çempionat qarşılaşmalarında olanları yada salırıq, iradları bildiririk. Bəzən belə uğursuz oyunların komandaya faydası olur.

 

 

"Halldorssonla Delarjın bizimlə qış təlim-məşq toplanışına gəlmələri ona görədir ki..."

- Əlbəttə, deyə bilərsiniz ki, transferləri özümüz etdik, çempion komandayıq, Azərbaycanı ən çox tanıdan klubuq. Ancaq kənardan görürən odur ki, "Qarabağ" builki transferlərdə əvvəlki illərə uduzdu. Nəyə görə uduzdu?
- Şükürlər olsun ki, heç vaxt deməmişik klub bizimdi, biz bilərik. Ümumiyyətlə, idarəçilikdə belə bir fikir yoxdu. Həqiqətən belə düşüncəyə sahib klub deyilik. Transferlərə gəlincə, uğursuz deməzdim. Çünki o komandanı yığmaq, transferləri etmək üçün nə qədər dəyişikliklər etmişdik. Əlbəttə, ÇL-in qrupuna düşəndən sonra hər bir futbolçuya təkliflər oldu. Özü də çox yaxşı. Almeyda, Ndlovu, Şehiçi saxlamalı idik, bunu etmək üçün hər biri ilə danııqlar masası arxasına oturmuşduq. Təəssüflər olsun ki, onların göstərdikləri oyun başqa klubları cəlb edib və bizdən qat-qat yaxşı təkliflər ediblər. Biz də onların qarşısını kəsə bilməzdik, hər birinin klubla müqavilələri bitirdi. Sadəcə, Dinoda başa çatmırdı. Ancaq ona elə dərəcədə təklif gəldi ki, danışıqlarımız bir neçə dəfə uzandı. Baxmayaraq ki, bizimlə müqaviləsi vardı. Ancaq sonda razılaşdıq və onu istəyən kluba getdi. Bunları da nəzərə almaq lazımdı. Gətirdiyimiz futbolçuları dərhal formalaşdırmaq, onlardan istədiyimiz oyunu almaq çətin idi. Yenə də çalışdıq ki, hər birfutbolçudan maksimum faydalanaq. Özünüz də gördünüz ki, hər 15-20 gündən bir transferlər oldu. Onların spesifikiası tam fərqli idi, ancaq hər bir halda potensiallarından maksimum istifadə etməyə çalışdıq. Onsuz də hər bir kluba baxsaq, görərik ki, 4-5 ildən bir nəyisə dəyişmək istəyirlər. Böyük klublarda da böyük dəyişikliklər olur və nəticədə onlarda çox eniş gedir. Ancaq düşünürəm ki, biz ən azından o səviyyəni qoruyub saxlaya bildik. Avroliqanın qrupuna düşə bildik, çempionatda 1-ci yerdən 3 xal geridəyik, mövsümün ilk yarısını 2-ci yerdə tamamlamışıq. Hərçənd, bizim üçün həddən artıq ağır il oldu. Bizim üçün belə ağır mərhələ olmamışdı. Yoğrunluğu demirəm, futbolçuların Avroliqadan çıxıb çempionata keçməsi başqa, çempionatdan çıxıb milli komandaya keçməsi tam başqa.  Qrup oyunları tam fərqli yarışdı. İnsan beyni istər-istəməz yorulur. Kimisi düzgün qəbul edir, o tempi hiss edə bilir, ancaq kimisə də bunu bacarmır. Çünki Azərbaycan səviyyəsində nadir olan bir şeylərdi. 

 

- Bütün hallarda görünən kəndə bələdçi lazım deyil. Halldorsson bizim gördüyümüz qədər gözləntiləri verməyib. Eyni sözləri, ondan da artığını Con Delarj haqda da demək olar. Kobud dillə desk, Delarj meydanda olanda, "Qarabağ" azlıqda olduğu kimi oynayır. Yəni faydalı iş əmsalı olduqca aşağıdı. Təbii ki, bunlarla yolların ayrılması müzakirə olunub. Elə isə qış təlim-məşq toplanışına niyə gəliblər?
- Yox, belə yanaşmayaq. Hazırda hər bir futbolçuyla müqaviləmiz var. Görürsünüz ki, futbolçu almaq, gətirmək üçün nə qədər çətinliklər çəkirik. Eləcə də hər hansı futbolçuyla yolları ayırmaq da asan baş vermir. Digər tərəfdən, o fikirlə razı deyiləm ki, Delarj meydanda olanda azlıqda oynayırıq. Çalışırıq ki, daha çox lazımlı futbolçuları meydana buraxaq. Hər bir oyunçunun da meydanda olduğu vaxtda çıxışını təhlil edirik. Niyə gəlmələri ona görədir ki, sənədlə bizim futbolçudurlar. Həmişə çalışmışıq ki, futbolçuyla da yolları ayıranda, hər biriylə normal ayrılaq, təklifimizi edək. Kənardan asan görünə bilər. Ancaq Azərbaycan reallığında nə qədər belə hallar olub ki, gedəndən sonra klublarımızdan şikayətlər olub. Hansı futbolçuyla yolları ayırmaq lazım olanda, daim normal əlaqəyə girmişik, ünsiyyət qurmuşuq. Ancaq futbolçunun müqaviləsindən kənara çıxa da bilmərik.
 

 

"Bütün xətlər üzrə maraqlandığımız futbolçular var"

- Bir aydı mətbuat Riçard Almeydanı “Qarabağ”a gətirir. Onu bir kənara qoyaq. Bundan savayı qış fasiləsində transfer gözlənilirmi?
- Desəm ki, gözlənilir, bəlkə də düzgün çıxmaz. Ancaq etiraf edim ki, maraqlanırıq. Elə futbolçular var özləri ilə, elələri var komandalarıyla, elələri də var ki, həm özləri, həm də komandaları ilə təmasdayıq. Bütün xətlər üzrə maraqlandığımız futbolçular var.

 

- Aydın məsələdir ki, qışda futbolçu tapmaq yayla müqayisədə, daha çətindir. Bəs, yay üçün necə, şort-listiniz varmı?
- Klublar o qədər böyüyüb, o qədər inkişaf edib ki,  azad oyunçu tapmaq demək olar ki, mümkünsüzdü. Həqiqətən də həm qış, həm də yay üçün planlaşdırdığınız siyahı var. Elə futbolçular var ki, iki ildi maraq dairəmizdədir və sıralarımıza qatmaq istəyirik. Sıralarımıza qatmaq istədiyimiz oyunçuların 70-80 faizi çempionatın səviyyəsinə baxırlar. Daha elitar çempionatdan Azərbaycana gəlməyi karyeralarında bir eniş kimi baxırlar. Əlbəttə, hər bir futbolçunun arzusu ÇL, AL-in qrup mərhələsində oynamaqdır. Bu turnirlərdə isə hər ölkədən yalnız məhdud sayda komanda iştirak edə bilir. Ancaq bəzən hətta bu faktor da köməyimizə çatmır. Çünki futbolçular bütün mövsüm boyu rəqabətli oyunların iştirakçısı olmaq istəyirlər.

 

 

"Millətlər Liqasında qrupdan çıxmağı hamıdan çox mən istəyirdim"

- 2018-ci il Sizin üçün millinin baş məşqçisi kimi də əlamətdar oldu. Həmin səhifələri vərəəyərkən, sizcə, nə çatışmadı, milliyə nə qazandırdınız?
- Çox danışmaq bəlkə də düzgün çıxmaz. Allah şahiddir ki, həmin postda nə cür məsuliyyətlə çalışırdım. Həddən artıq istəkli idim və fərqli bir irəliləyişə, nəticəyə nail olmaq istəyirdim. Əlbəttə, bunu dəqiq bilirəm ki, hər dəfə istədiyin olmur. Ancaq əminəm ki, milli komandaya heç vaxt məsuliyyətsiz yanaşmadım. Var gücümü bu işə yönəltmişdim. Qrupdan çıxmağı hamıdan çox mən istəyirdim. Keçirdiyimiz görüşlərdən yalnız sonuncu - 6-cıda məğlub olduq. Bütün hallarda, arxayınam ki, bu vəzifədə vicdanla, məsuliyyətlə çalışdım.

 

- Millətlər Liqası qatarı artıq getdi. Bu qatarda həqiqətənmi şansımız yox idi?
- Şans həmişə var. Kimin ağlına gələrdi ki, “Qarabağ” Çempionlar Liqasının qrupuna düşə bilər?  Kim düşünərdi ki, “Qarabağ” “Atletiko” ilə 2 dəfə bərabərliyə qala bilərdi? Tək Millətlər Liqasında yox, ondan əvvəlki seçmə tsikldə də şans var idi. Millinin 3 oyundan sonra 7 xal toplamasını nazardə tuturam. Kim əminliklə deyə bilər ki, AÇ-nin seçmə tsiklində şansımız olmayacaq. Şans hər zaman var. Sadəcə, fərqli baxmalıyıq. Bir dəfə final mərhələsinə düşmək barədə yox, daim bunu bacarmaq üçün çalışmaq lazımdı. İş elə qurulmalıdır ki, şansı 10-20 ildən bir yox, hər il gözləyə bilək. Oyunçularımızın səviyyəsi o yüksəkliyə qalxmalıdır ki, onlar müxtəlif ölkələrdə legioner həyatı yaşaya bilsinlər. Bunun üçün özümüz 5 dəfə artıq işləməliyik ki, daha yaxşı futbolçular yetişdirək, daha səviyyəli çempionatımız olsun. Çünki yaxşı futbolçular rəqabət olan yerdə yetişir. 

 

- “Qarabağ” ötən mövsüm Azərbaycan adına inanılmazı həyata keçirdi və ÇL-i ölkəmizə gətirdi. Ancaq həmin komandadan xarici klubların maraq dairəsinə yalnız əcnəbi futbolçular düşdü. Deməli, bu nəslin futbolçularından da əlimizi üzməliyik?
- Niyə ÇL qrupunda oynamış heç bir azərbaycanlı futbolçuya xarici klublardan dəvət gəlməməsi, bizim üçün böyük bir siqnal olmalıdır. Məncə, ardıcıl bir neçə il bunu bacarsaq, dəvətlər gələcək. Ancaq dediyiniz məqam mənim özümə də xoş deyildi ki, heç bir yerli oyunçumuz əcnəbi klubların maraq dairəsinə düşmədi.

 

- Son olaraq, bu suala da aydınlıq gətirərdiniz. Mövsümün sonunda “Qarabağ” çempion olmasa, bunu faciə kimi qəbul edəcəksinizmi?
- Açığı, bu fikirlə razı deyiləm. Hansı ölkə, hansı komanda, yaxud hansı qanun var ki, mütləq bir klub daim çempion olmalı, yaxud avrokuboklarda  qrup mərhələsinə düşməlidir? Var prinsiplər. Bəli,  mənim prinsipin belədir ki, iştirak etdiyimiz istənilən turnirdə maksimal nəticə əldə edək. Ancaq hansısa mərhələdə istəyinə çatmadıqda, bunu faciə kimi qəbul edəcəksənsə, gərək futbolu buraxasan. Bu ifadəni həddən artıq ağır sayıram. İstər klub, istərsə də milli səviyyəsində hər il bu cür sözlər eşidirik. Ancaq azmı şahidi olmuşuq ki, Avropa və dünya çempionatlarında favoritlər büdrəyib və heç kimin ağlına gəlməyən komanda finala çıxıb, yaxud qızıl medallara sahib olub? Ancaq böyük klublar, böyük yığmalar uğursuzluqları tez adlaya bilir. Biz lider, qalib olmaq üçün hər şey edəcəyik. Ancaq futbol elə oyundur ki, bir oyun, bir qol, hətta bir səhv həlledici rol oynaya bilər. Uğursuz olacağımız barədə düşünsək, heç nə alınmayacaq. Məni indi düşündürən əsas məsələ komandamın fevralın avvəlinə tam hazır olmasıdır.

 

 

CEYHUN ƏLİYEV, Antalya

24 Iyul 2019
23 Iyul 2019
B.eÇ.aÇC.aCŞB