TOP 10

İmamverdiyevin “bürünc” iddiası: “Ötənilkindən də effektli Cavid görəcəksiniz”

Futbol
Tarix: 2019-01-10 17:00

Yanvarın 2-dən “Sabah” Antalyada qış təlim-məşq toplanışına start verib. Komandanın ötənaxşamkı məşqini izləmək ücün “Titanik” otelinin meydançasına yollandıq. Saat yarım ərzində Topaz Premyer Liqasının debütantı toplu çalışmalar etdi. Məşq başa çatdıqdan sonra “Sabah”ın liderlərindən sayılan, kapitanı Cavid İmamverdiyev Sport24.az-ın suallarını cavablandırdı.

 

- Mövsümün ilk yarısındakı oyununu dəyərləndirməyini istəyərdik...
- Bu zaman kəsiyində 2 dəfə zədələndim. Yay təlim-məşq toplanışından dərhal sonra sıradan çıxmağımı xüsusən qeyd edərdim. Zədə də elə şeydi ki, istər-istəməz geriləməyinə, çəkinin artmasına birbaşa təsir göstərir. Bəli, faciəvi keçmədi ilk yarı. Ancaq qeyd etdiyim məqamlar öz təsirini göstərdi. İndi təlim-məşq toplanışındayıq. İşlər, məşqlər qaydasında gedir. Görünən budur ki, 3-cü dövrədən başlayaraq, çox yaxşı işlər görəcəyik.

 

- “Sumqayıt”dakı parlaq çıxışından sonra hamı “Sabah”da ardını gətirəcəyini düşünürdü. Lakin mövsümün ilk yarısında qeyri-sabit çıxışla yadda qaldın...
- Razılaşıram. Yuxarıda qeyd etdiyim kimi, bunun obyektiv səbəbləri var idi. Ancaq qış təlim-məşq toplanışından sonra ötənilkindən də effektli Cavidi görəcəksiniz. Bunu klubumda da isbatlayacam, millimizdə də. Elşad müəllim (Elşad Əhmədov-müəllif.) başda olmaqla məşqçilər korpusu əla məşqlər verir. Bunun da bəhrəsini fasilədən sonra görəcəyik.

 

- Turnir cədvəlinə baxanda nələri görürsən? “Sabah” 4-cü pilləyə layiqdirmi? Bundan da üst sıraya qalxa bilərsinizmi?
- Əlbəttə, layiqik. Hər şey öz əlimizdədir. Maksimum səy göstərə bilsək, 3-cü yeri də tuta bilərik. Meydana çıxan komandanın adı və nüfuzu yox, futbolçulardı. Bilavasitə hədəfimizə gəlincə, Premyer Liqadakı mövqeyimizi qorumaq istəyirik. Növbəti mövsüm isə avrokubok zonasına düşməyi planlaşdırırıq.

 

- Qışda komandaya Rəşad Eyyubov və Təmkin Xəlilzadə qoşuldu. Yeni komanda yoldaşlarım barədə fikirlərini maraqlıdı...
- Çox sevinirəm ki, onlarla çiyin-çiyinə oynayacağıq. Düşünürəm ki, komandamıza çox faydalı olacaqlar. Meydandan kənarda həm Rəşadla, həm də Təmkinlə dostam. Əminəm ki, sıralarımıza qoşulublarsa, komandamıza kömək etmək üçün əllərindən gələni əsirgəməyəcəklər.

 

- Yekun cədvəlində “Sabah”ı neçənci görürsən?
- Komandamız ilk üçlüyə düşməyə layiqdir. İnanıram ki, mayda belə də olacaq.

 

 

CEYHUN ƏLİYEV, Antalya
.

22 Mart 2019
21 Mart 2019
B.eÇ.aÇC.aCŞB