TOP 10

Əhmədov oyun qurucusuyla transferləri bitirəcək: "Haqqımda o sözü deyən adam özü izahını da verməlidi"

Futbol
Tarix: 2019-01-09 16:12

"Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov "Qaradağ Lökbatan”ı 4:0 hesabı ilə məğlub etdikləri yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki,  48 yaşlı mütəxəssis əvvəlcə qış hazırlığı haqda danışıb.

 

- Hazırlıq prosesinə yanvarın 5-dən başlamışıq. Ağır yükləmədən sonra "Qaradağ Lökbatan”la bugüknü matçda futbolçuların güc və hərəkətliliklərinə baxmaq istəyirdik. Həm bu matçı, həm də 5 günlük toplanışı təhlil edəcəyik. Bu tsikli normal başa vurmuşuq. İki gündən sonra Antalyaya təlim-məşq toplanışına yola düşəcəyik. Orada da 4 matç keçirəcəyik. Komnadamızda 3 yeni futbolçu var. "Zirə”dən Vüsal İsgəndərlini, Türkiyənin Bal Liqasında çıxış edən Emin Mehtiyevi və Qazaxıstanın "Kaysar” klubundan Con Kamaranı götürmüşük. Oyun qurucusu mövqeyi üçün bir nəfər axtarırıq. Bunun üçün danışıq apardığımız bir neçə futbolçu var. Bu məsələ yaxın günlərdə həllini tapacaq. 

 

- Yerli transferlərinizi tanıyırıq. Bəs, Kamara barədə nə deyə bilərsiniz?

- Onun oyununa baxmışıq. "Kaysar”ın heyətində noyabrda keçirdiyi matçı tam izləmişik. Bizə təqdim edilən 20-yə yaxın futbolçunun içindən oyun tərzimizə ən yaxın olanı, bəyəndiyimiz məhz Con oldu. Təxminən 20 gün idi məşq etmirdi, bu üzdən tam formada deyil. Buna baxmayaraq, bu gün də bəzi epizodlarda onda görmək istədiyimiz keyfiyyətlərə şahidi olduq.

 

- Litvan "Jalqiris” komandasından Jeremi Monzorronu da transfer edəcəyiniz gözlənilirdi. Bu məsələ nə yerdədi?

- Bəli, maraq dairəmizdə belə bir futbolçu var, təklif də göndərmişik. Amma o, daha çox pul istəyib. Bizim də həmin məbləği ödəmək imkanımız yoxdu. Həm də seçim qarşısındadı, çünki vaxtilə birgə çalışdığı baş məşqçi onu Qazaxıstana çağırır. Ona görə də günü-gündən məbləğ qalxır. Bəlkə də, bizim təklifdən sonra öz qiymətini qaldırıb, onu deyə bilmərəm. Bu transferin üzərində ay yarım idi işləyirdik. Lakin təəssüf ki, artıq bu məsələyə nöqtə qoyulub.

 

- Pleymeyker axtardığınızı dediniz. Komandaya cəmi bir legioner gələcək?

- Üç nəfər götürmüşük, biri də gələcək. Yəni 4 nəfər - qış fasiləsində 2 yerli, 2 əcnəbi götürmüş olacağıq. Əlimizdə olan maddi vəsaitə uyğun futbolçu seçirik.

 

- Belə başa düşdük ki, sərəncamınızdakı futbolçuların sayı azalacaq. Çünki qış fasiləsində 7 futbolçu göndərdiyiniz halda, 4-nü götürürsünüz...

- Bəli, futbolçu transfer etmişik. Həmçinin Cavid Əliyevi əvəzedici heyətdən götürmüşük, 19 yaşındadı. Orxan Fərəcov var, "Neftçi”də U-19-da çıxış etdiyi vaxtdan onun istedadına bələdəm. 17 yaşlılarda Pərviz Azadov var, dünənə qədər bizimlə məşqlərdə idi. Artıq akademiyamızad da üz tutmuşam. Kəmiyyətin çox, keyfiyyətin aşağı olmasını istəmirəm. Bəzi futbolçuları ehtiyatda oturtmaq mənim üçün ağır olur. Amma bu futbolçulara da şans vermək lazımdı, ona görə ki potensialları böyükdü. Üstünlük verdiyim gəncləri də əsas komandaya cəlb edəcəm.

 

- Vaqif Cavadovun məsələsinə nöqtə qoyulub?

- Dekabrda klubun rəhbəri Zaur Axundovla söhbətimiz oldu. Transfer məsələlərində bütün səlahiyyət mənə verilib. Komandanı qurmaq üçün yeni futbolçular dəvət etməli, bəziləri getməli idi. Amma bu, o demək deyildi ki, Vaqif yaramırdı. Şans verdik ki, başqa klubda daha çox oynamaq imkanı var. Bizdə qalsa, bu şansı olmayacaqdı. Yarım mövsüm ehtiyatda oturmaq və ikinci hissədə də eyni şeyi etmək yaxşı olmaz. Mənim tərəfdən bu məsələyə son qoyulub. Digər işlərə, futbolçuların müqavilələrinə qarışmıram. Bu, Vaqif üçün də gedib hardasa oynamaq üçün imkandı.

 

- Göndərdiyiniz qapıçı Orxan Sadıqlı deyib ki, "Keşlə”də bəzi məşqçilər var, adlarını mömin qoyublar, ancaq futbolçunun puluna qarışırlar. Bu barədə düşüncələrinizi bildirərdiniz...

- Dünən mənə bu barədə deyiblər. Kimin mömin, kimin kafir olması Allaha məxsus məsələdi. İşlədiyim komandada nə dini təriqət söhbəti, nə dini, nə də irqi ayrıseçkilik ola bilməz. Bu, qəbulolunmazdı. Hamımız ibadət edən insanlarıq. Yeri gələndə, başqa təriqətin insanları ilə ibadət edirəm. Hamı üçün Allah birdi. Hamı özü dərk etdiyi formada ibadət edir. O sözü deyən adam özü izahını da verməlidi. Baş məşqçi postuna gələndə, 3 qapıçı vardı – Kamran Ağayev, Davud Kərimi və Şahin Zəkiyev. Onlara üstünlük vermişəm və inanıram. Səhvlərimiz olsa da, güvənirəm. Mənə qədər nə olub, Orxan komandan necə və niyə gedib – bunu açıqlamıram. İstəmirəm ki, onun gələcək karyerasına mənfi təsiri olsun. Ona yaxşı yol. İlk gündən Sadıqlı siyahımda olmayıb.

 

- Serbiyalı fiziki hazırlıq üzrə məşqçiniz Aleksandr Karakliç komandanı tərk etdi. Onun yerinə başqa mütəxəssis götürəcəksiniz?

- Gözlənilməz gediş oldu. Dekabrın 30-da mənə zəng vurdu ki, getmək istəyirəm, Çindən təklifim var. Bildirdi ki, ona burdakından 4-5 dəfə artıq maaş verirlər. Klub prezidenti ilə belə məsləhət oldu ki, yayadək fiziki hazırlığa özümüz baxaq. "Neftçi”də işləyəndə, komanda Avropa Liqasının qrupuna düşən vaxtı fiziki hazırlığa özüm baxırdım. Bu işi bilirəm. Lazım olsa, yayda bu məsələyə baxılacaq. 

 

 

 

15 Iyun 2019
14 Iyun 2019
B.eÇ.aÇC.aCŞB