TOP 10

Tsxadadze Azərbaycanda işləyən məşqçini yanına gətirib: "Onun yanında yalançı çıxmaq istəmirdi"

Futbol
Tarix: 2019-01-09 13:00

"Yevtiçi yayda komandaya götürəndə, onunla danışığımız olmuşdu ki, qışadək işlə, fasilədə istəsən, gedərsən. O, uzun müddət Kaxaber Tsxadadzeylə birgə işləyib. Kaxa Miloşu ömrü boyu yanına çağırıdı. Dedim ki, dövrlərarası fasilədə təklif gəlməsə, qalıb işləyərsən, olmasa, çıxıb gedərsən". Bu fikirləri Sport24.az-a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov bildirib.

 

Məlumdur ki, "qırmızı-qaralar" ötən ilin iyulunda gələn serbiyalı fiziki hazırlıq üzrə məşqçisi Miloş Yevtiçlə artıq rəsmi şəkildə yollarını ayırıb. Qurbanovun sözlərinə görə, bu, əcnəbi mütəxəssisin təşəbbüsüylə olub və o, yenidən Kaxaber Tsxadadzeylə birgə işləməyi üstün tutub. Bu dəfə Qazaxıstanın Premyer Liqa təmsilçisi "Ordabası"da: "Yevtiç fasilədə mənə yaxınlaşdı ki, Tsxadadze hələ də məni istəyir, məndən əl çəkmir. Dedim ki, onda, get, neçə ildi Kaxayla işləmisən. Sözün düzü, Miloş özü getmək istəmirdi, deyirdi ki, artıq bura öyrəşmişəm. Həm də Bakıda yaşayır, burda evi, ailəsi var, azərbaycanlıyla ailə həyatı qurub. Ona görə də Azərbaycanda qalmaq daha çox ürəyindən keçirdi. Qışadək burda işləməsinə imkan yaratdıq. Ancaq onu Azərbaycana gətirən baş məşqçinin sözündən çıxa bilmədi və Qazaxıstana yollandı. Biz də heç kimi məcburi saxlamırıq. Hər şey Miloşun öz istəyilə olmuşdu. Görünür, qışda Tsxadadzeyə söz verərək onun yanında yalançı çıxmaq istəmirdi".

 

Yevtiç gedən kimi "Qəbələ"yə yeni məşqçi təyinatı olub. Bu, “Qarabağ” və “Zirə”də məşqçi, Azərbaycanın U-18 yığmasında baş məşqçi kimi fəaliyyət göstərmiş Zaur Həşimovdu. 38 yaşlı mütəxəssislə ilyarımlıq müqavilə imzalanıb. Ancaq məsələ ondadır ki, Həşimov serbiyalı həmkarı kimi fiziki hazırlıq üzrə məşqçi deyil. Qurbanovu dinləyək: "Miloşun gedişindən sonra məşqçilər korpusunda bir yer boşaldı. Ona görə biz də fikirləşdik ki, Zauru gətirək. Onu çoxdan, uşaqlıqdan tanıyıram, bir yerdə oynamışıq. Yaxın münasibətimiz var, "Zirə"dən işinə də bələdik. Həyat tərzi, işə yanaşması tam bizə uyğun idi. Həşimovun bir neçə təklifi vardı. "Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi olması da real variant idi. Sağ olsun, mən deyəndən sonra təklifimizi qəbul etdi. Onsuz da plan üzrə işləyirdik. Hər şeyi mən deyirdim, köməkçilərim ideyalarını verirdilər. Yenə eyni qaydada işləyəcəyik. Onsuz da həftəlik proqramımız var ki, bura həm fiziki, həm də texniki-taktiki hazırlıq daxildi. Düzdür, futbolda fiziki hazırlıq üzrə ayrıca məşqçi olur. Ancaq bizdə bu yer boşluq kimi görünməyəcək".

 

Qeyd edək ki, Yevtiç Tsxadadzenin "İnter"də (hazırkı "Keşlə"də), Gürcüstan millisində və Qazaxıstanın "Kayrat" klubunda fiziki hazırlıq üzrə köməkçisi olub. 

 

 

MEHMAN SÜLEYMANOV

25 Mart 2019
24 Mart 2019
B.eÇ.aÇC.aCŞB