TOP 10

“Böyük kapitan”la “Böyük matç”, və ya Aralıq dənizi sahilində Günəşli liftdə

Futbol
Tarix: 2019-01-08 17:02

Bir ildi. Artıq bir ildi futbol camiəsində yetərincə tanınan iki şəxsin mübahisəsinə şahidlik edirdim. Söhbət “azerisport”dan olan həmkarım Ruslan Mikayıllı və “Qarabağ”ın kapitanı Rəşad Sadıqovdan gedir. Mübahisə predmeti? Stolüstü tennis!

 

Bilməyənlər üçün qısa arayış verim ki, “Böyük kapitan” idmanın bir çox növündə istedad sahibidir. Elə basketbol üzrə Azərbaycan çempionu olması çox şeydən xəbər verir. Ancaq çoxsaylı növlər arasında xüsusi məhəbbət bəslədiyi də var. Söhbət məhz stolüstü tennisdən gedir. İdman mediasının “1 nömrə”si isə məhz Mikayıllıdı...

 

“Azeri kardeşlerimize can kurban”

 

Dünən Mikayıllı ilə Antalyada təlim-məşq toplanışında olan “Qarabağ”ın məskunlaşdığı “Gloria Sports Arena” otelinə baş çəkməyi qərara aldıq. Düzdü, yolüstü başımıza elə bir yağış tökdü ki, gəl görəsən! Vəziyyət o həddə çatdı ki, mənzil başına yolun böyük hissəsini qət etsək də, 2 dayanacaqlıq yolu avtobusla getməyi qərara aldıq. Planımızda piyada yürüş etmək olduğundan pulqabı götürməmişdik. Ən qəribəsi budu ki, yalnız avtobusa mindikdən sonra cibimizdə pulun olmadığını xatırladıq. Dərhal enmək üçün sürücüyə müraciət etsək də, “Azeri kardeşlerimize can kurban” cavabını eşitdik. Təbii ki, qapılar açılmadı və “süvarilər”in düşərgəsinədək qalan yolu avtobusla qət etdik...

 

 

Yağışdan... doluya, və ya “artıq fişka sən idin”

 

Sən demə “yağışdan çıxıb, yağmura düşdük” deyimi məhz dünənki axşam üçün yazılıbmış. Niyə? Çünki çempionun məşq etdiyi meydançaya çatar-çatmaz dolu yağmağa başladı. Yetirmələri ilə çiyin-çiyinə məşq edən Qurban Qurbanovun bizə gözü sataşınca meydançanın kənarına gəlib salam verdi. “Ləzzətli yağır ha”, deyib yetirmələrinin yanına tələsdi. Məşq prosessində ən çox diqqətimi çəkən Hannes Haldersonun hərəkətləri oldu. İslandiya yığmasının qapıçısı komandanın məşqçisi Elxan Həsənovun yaratdığı “üçbucağ”ın bir hissəsi idi. Digər iki nəfər isə Şahruddin Məhəmmədəliyevlə Vaqner da Silva idi. Təmrin zamanı qapıçılardan biri əli ilə topu yerlə “üçbucağ”ın digər küncündəki həmkarına yerlə sərt formada ötürür. Topu tutan əlcək sahibi “3-cü künc”ə ayaqla havayla sərt ötürmə edir. Bundan sonra “3-cü künc” topu məşqçiyə ötürərək, şərti qapıya tərəf şığıyır və Həsənov müxtəlif formalarda zərbələr endirir. Hər ötürmədən sonra qapıçılar qaçaraq yerlərini dəyişirlər. Ayaqla sərt formada həmkarına ötürmə edən zaman Haldorson bir dəfə də olsun topu Şahruddinə səlis ünvanlaya bilmədi. Gedib xarici mətbuata “düşünürəm ki, 3 qapıçı artıqdı” deyəndə isə... 

 

Yadıma bir əhvalat düşdü. Milli komandamız Türkiyədə təlim-məşq toplanışındadı. Həmin vaxt yığmamızın “sükanı arxası”nda mərhum Əhməd Ələsgərov olub. Fişkaları lövhəyə düzərək yoxlama görüşü öncəsi yetirmələrinə taktiki hazırlıq keçən mütəxəssisə futbolçulardan biri “Əhməd müəllim, lövhədə 12 fişka var” deyir və otaqdakı futbolçularla birlikdə gülməyə başlayır. Ələsgərov fişkaları sayır və birini götürüb deyir: “artıq fişka sən idin”.

 

Deyəsən, Qurban Qurbanov da 3 qapıçının artıq olduğunu iddia edən qolkiperə “bu, sən idin” deməli olacaq. Hər halda, dünənki məşq məhz belə bir qənaətə gəlmək üçün əyani vəsait idi...

 

 

“Bir aktyorun tamaşası”

 

Məşq başa çatdıqdan sonra Rəşad Sadıqov bizə yaxınlaşır və üzünü həmkarıma tutaraq tennis oynamağa dəvət edir. Onu da qeyd edim ki, “Böyük oyun”un məhz məşqdən sonra baş tutacağını əvvəlcədən planlaşdırmışdıq. Əbəs yerə deyildi ki, məşqdən sonra Qurban Qurbanov üzünü bizə tutaraq “axşam derbiyə baxacağıq” deyərək, zarafatından qalmadı. Yeri gəlmişkən, idman mediasından belə bir matçın baş tutacağını iştirakçıdan savayı yalnız bu sətirlərin müəllifi bilirdisə, “Qarabağ” camiəsində hər kəs “Böyük oyun”dan xəbərdar idi.

 

Nəhayət, matç başladı. Hər ehtimala qarşı, paralel masada bəndəniz də Bədavi Hüseynovla stolüstü tennisdə yoldaşlıq oyununa start verdi. Ruslan məğlub olacağı təqdirdə “Qarabağ”ın müdafiəsinin mərkəzinin əsas simaları ilə ümumi hesabda heç olmasa bərabərə qalmaq şansımızın olması üçün...

 

Psixoloji və taktiki cəhətdən Mikayıllı nə qədər hazırlıqlı olsa da, dünənki “Böyük oyun”da qalib gələ bilmədi. “Böyük kapitan” bu yoxlama görüşündən inamlı qələbylə ayrıldı. Sadıqovun dəstəyi inanılmaz idi. Baş məşqçisinin gözü önündə heç məğlub olmaq istəməzdi. Elə Ruslan da Qurban Qurbanovun gözü önündə yəqin ki, rəqibini məğlub etmək istəməzdi. Həmkarımın ruhdan düşməməsi üçün isə “nə olsun, “Qarabağ” da ötənilki qış fasiləsindəki yoxlama oyunlarında qələbə qazana bilməmişdi” təsəllisini verdim. Bütün hallarda, Ruslanın "avtobus"u Rəşadın "tank"ı qarşısında tab gətirmədi... 

 

 

Günəşli axşam

 

Matçdan sonra paltardəyişmə otağına yollandıq. Daha sonra isə aşağı mərtəbəyə enmək üçün lift çağırdıq. Qapı açılanda içəridə 3 nəfər var idi. Bunlardan biri Türkiyə futboluna adını qızıl hərflərlə yazdırmış, yığma komandanı dünya çempionatı-2002-də bürünc medallara daşımış, hazırda “Beşiktaş”ın baş məşqçisi postunu tutan Şenol Günəş idi. Lifti buraxmaq istəsək də, tanınmış mütəxəssis azərbaycanca danışdığımızı görərək, “buyurun, birlikdə enərik” dedi. Təəssüf ki, Günəşdən nə müsahibə almaq mümkün oldu, nə də açıqlama...

 

Beləcə, “Gloria Sports Arena”dakı axşamı başa vururduq ki, “Qarabağ”ın sabiq qolkiperi, hazırda “Ərzurumspor”un şərəfini qoruyan İbrahim Şehiç foyeyə daxil oldu. Sabiq komanda yoldaşları ilə qol-boyun olan kiperlə salamlaşdıqdan sonra oteli tərk etdik.

 

 

CEYHUN ƏLİYEV, Antalya

 

P.S. Revanş matçı mütləq baş tutacaq, deyilmi, kapitan?
 

22 Mart 2019
21 Mart 2019
B.eÇ.aÇC.aCŞB