TOP 10

Qurbanov yeni legioner axtarışındadı: "Hücuma bir futbolçu istəyirik, 1-2 nəfəri bəyənmişik..."

Futbol
Tarix: 2019-01-07 17:00

Premyer Liqada qış fasiləsinə 5-ci pillədə yollanan “Qəbələ” 2018/19 mövsümünün ikinci yarısının hazırlıqlarına dünən start verib. Bakıda bir araya gələn “qırmızı-qaralar” ilin ilk məşqini Biləcəri Futbol Mərkəzində gerçəkləşdirib. Komandanın baş məşqçisi Sənan Qurbanov Sport24.az-ın suallarını cavablandıraraq qış fasiləsindəki gedişləri dəyərləndirib, yeni transfer çalışmaları, qarşıda duran planlar haqda danışıb. 

 

- İlk məşq hansı təəssürat oyatdı?

- Qış hazırlığına yaxşı, pozitiv notlarla başladıq. Futbolçuların yaxşı istirahət etməsi, əhval-ruhiyyələrinin çox yaxşı olduğu görünür. Həm qaçışları yerinə yetirdik, həm də toplu çalışmaları. Bu, hazırlığın ilk tsiklidi və əsasən fiziki hazırlıq üzərində qurulub. Türkiyəyə yollananadək bu yöndə çalışmalarımızı davam edəcəyik. Önümüzdə hələ uzun vaxt var. Yanvarın 13-dək Bakıdayıq, bundan sonra Antalyaya gedəcəyik. 20 futbolçuyla səfərə çıxacağıq. Heyətimizdə bir neçə gənc futbolçu da olacaq. 

 

- Afrikalı legionerləriniz - Stiven Monroz, Ceyms Adeniyi və Lalavole Atakoranın ilk məşqdə olmaması diqqət çəkdi...

- Onlar hazırda düşərgəmizdədirlər. Sadəcə, tibbi müayinədən tam keçmədiklərinə görə ilk hazırlıq günündə iştirak etmədilər. Bu, Dmitri Bezotosnıya da aiddi. Digər legionerlərimizdən Vojislav Stankoviç və Sabien Lilay ilk məşqə çıxmışdılar. Bu gündən tam heyətlə hazırlıq keçəcəyik.

 

- Futbolçular istirahətdən qayıdandan sonra əsas başağrısı artıq çəkidi. Belə probleminiz yoxdu?

- Bu, normal haldı, olmalıdı. Ciddi problem yoxdu. İnşallah, hamısı öz qaydasında olacaq. 

 

- Hələ ki qış "transfer bombası" "Sabah"a keçən futbolçunuz Təmkin Xəlilzadədi. Millimizin də üzvü olan bu sol cinah yarımmüdafiəçisinin gedişini necə dəyərləndirərdiniz? Bu keçid "Qəbələ" üçün nə dərəcədə böyük itkidi?

- Təmkin yaxşı futbolçudu, bizdə də özünü yaxşı tərəfdən göstərdi. Təklif gəldi, özü də buna isti baxdı. Klublar arasında da razılaşma oldu. Hər iki tərəf yaxşı şəkildə anlaşdı. Xəlilzadə özü də "Sabah"da oynamaq istədi. Yaxşı təklif gəlmişdi və tərəflər də buna müsbət baxaraq dəyərləndirdilər. Nəticədə belə bir ayrılıq oldu. 

 

- Təmkini fikrindən daşındırmaqla bağlı təşəbbüs oldumu? Hər halda, aparıcı futbolçularınızdan biri idi...

- Əlbəttə, o, millimizin də əsas oyunçularından biridi. Ancaq məsələlər qarşılıqlı, futbolçunun seçimi "Sabah", klublar arasında da anlaşma olduğundan bu ayrılığa normal baxdıq.

 

- "Qəbələ"nin əsas heyət üzvlərindən biriylə müqaviləsi olduğu halda, onunla vidalaşması, heç də az məbləğə satmaması iddiasının getdikcə daha da azalmasıyla bağlı söz-söhbətlərə daha çox əsas verir...

- İnşallah, transferimiz də olacaq. Bəzi futbolçulara baxırıq. Elə bir legioner olsun ki, gəlsin, bizə kömək etsin. Belə bir əcnəbi futbolçu axtarışındayıq. Ola bilər ki, Antalyaya gəlsin, ola bilər ki, yaxın günlərdə düşərgəmizdə olsun. Ən azından yeni futbolçu axtarırıq. 

 

- Konkret namizədlər siyahısı var, yoxsa ümumi axtarış gedir?

- Ümumi axtarırıq. Konkret deyim ki, kimsə gündəmdə var, yoxdu. Düzdür, nəzərdən keçirdiyimiz futbolçular, aralarında bəyənmədiklərimiz var. 1-2 nəfəri bəyənmişik, ancaq hələ qərar verməmişik.

 

- Təmkinin gedişindən sonra məhz cinah vingeri axtarırsınız?

- Ola bilər ki, hücumçu olsun, ön xəttə yeni futbolçu götürək. Ola da bilər ki, müdafiədə də oynaya bilən sol cinah futbolçusu olsun.

 

- Xəlilzadənin gedişi yeni transferi şərtləndirdi? Çünki hələ ötən ilin sonunda çempionat gedən vaxtda qış transferinin olmamasını da istisna etməmişdiniz...

- Onsuz da hücuma bir futbolçu istəyirdik. Çalışacağıq ki, Təmkinin yerini komandada olan futbolçularla dolduraq. 

 

- Bir legionerlə qış transfer çalışmalarınızı bitirəcəksiniz?

- Bir transfer də ola bilər, iki də. Bunu zaman göstərəcək. Əsas məsələ gələn yeni futbolçunun komandamıza fayda verməsidi. Əlbəttə, klubun maddi imkanları daxilində transfer etməyə çalışacağıq.

 

- Monroz məsələsi də ara-sıra mətbuatın gündəminə düşür ki, qışda "Qəbələ"dən gedəcək. Onun qalması tam dəqiqləşibmi?

- Monrozun müqaviləsi var.

 

- Təmkinin də "Qəbələ"ylə müqaviləsi vardı..

- Düzdür, müqaviləsi olan futbolçuya da təklif gəlir. Ancaq Stivenə rəsmi təklif olmadığına görə vəziyyət fərqlidi. Yazırlar, ancaq ortada konkret, rəsmi bir şey yoxdu.  

 

- Bir təcrübəli qapıçınız getdi, ondan da təcrübəli qapıçını qaytardınız. Bu yerdəyişməni necə dəyərləndirərdiniz?

- Aqil Məmmədov artıq bizim futbolçu deyil. Onun seçimi "Neftçi" oldu. Məmmədovun yerinə qapıya Anar Nəzirovu gətirdik. Anar neçə illərdi ailəmizin bir üzvü idi, "Qəbələ" onun üçün doğmadı. Həmişə klubumuza diqqəti olub, arada yaxşı münasibətin olduğunu görmüşük. Çox istəyirdim ki, Nəzirov komandamızda olsun. Aqilin gedişi variantı çıxanda birinci Anarı fikirləşdik. Dedik ki, Nəzirov alınmazsa, başqa variantlara keçərik. Elə fikirləşdiyimiz kimi Anar oldu. Sağ olsun, o da təklifimizi qəbul etdi. Transferiylə bağlı klublar arasında razılaşma oldu və bizə gəldi. 

 

- Nəzirovda Bezotosnını əsas heyətdən sıxışdırmaq gücünü görürsünüz, yoxsa o da Aqil kimi ehtiyat qapıçı olmaqla barışmağa məcburdu?

- Yox-yox. Anarın məşqləri, həyat tərzi elədir ki, çox istəklidi. O, istər məşqlərdə, istərsə də oyunlarda bunu göstərir. Nəzirov ehtyatda oturmaqla razılaşan futbolçu deyil. Ona görə də hər ikisinin arasında yaxşı mübarizə, sağlam rəqabət olacaq.

 

- Məlumdu ki, Dmitri "Qəbələ"də yüksək ödənişli futbolçudu və müqaviləsi bu yay bitir. Onu saxlaya bilməməyin real olduğunu nəzərə alsaq, Anara gələcək üçün əsas qapıçı kimi gətirmisiniz?

- Anar yüz faiz özünü əsas qapıçı kimi doğrulda bilər. Düzdür, Bezotosnı güvəndiyimiz, komandamızın demək əsas qapıçısıdı. Ancaq hər bir variantda Nəzirov da "1 nömrə" gözüylə baxdığımız qapıçıdı. Hər ikisinə inanırıq, hər ikisinə "1 nömrə" kimi baxıram.

 

 

MEHMAN SÜLEYMANOV

19 Yanvar 2019
18 Yanvar 2019
B.eÇ.aÇC.aCŞB