TOP 10

Rəşad Sadıqov: “Fikirləşirdim ki, “Neftçi”ylə xal fərqi daha böyük olacaq”

Futbol
Tarix: 2019-01-07 11:30

Qış fasiləsini ən erkən bitirənlərdən biri də “Qarabağ” oldu. Komandanın 37 yaşlı kapitanı Rəşad Sadıqov Antalyada təşkil olunacaq təlim-məşq öncəsi Sport24.az-ın suallarını cavablandırdı.

 

- Mövsümün ilk yarısını necə dəyərləndirərdin? Komandanız lider olmağa layiq idimi?

- Mövsümün ilk yarısı çox ağır keçdi. Bu yarım ildə əksər oyunçularımız 36 oyunda iştirak etdilər. Özünüz sayın: çempionatda 14 oyun, Kubokda 2 qarşılaşma, avrokuboklarda 14 görüş və Millətlər Liqasında 6 matç. Səbəb tək o deyildi ki, Qurban Qurbanov milli komanda ilə işlə də məşğul idi. Futbolçularımızın çox yüklənməsi də faktdı. Belə bir şey olmamışdı ki, milli komanda mövsümün ilk yarısında 6 rəsmi görüş keçirsin. Açıq deyim, fikirləşirdim ki, “Neftçi”ylə xal fərqi daha böyük olacaq. Bəli, başqa mənzərə də ola bilərdi: “Səbail”lə görüşdə texniki məğlubiyyət almasaydıq, “Neftçi bəzi oyunlarda büdrəsəydi qış fasiləsinə fərqli durumda yollanardıq.

 

- Hazırda 2-ci pillədə olmağınız psixoloji diskomfort yaratmır?

- Bu, faktdı ki, 2-ci yerdəyik və liderdən 3 xal geridəyik. ”Neftçi" çox istəklidi. Bunu görməmək mümkün deyil. Əsas rəqibinin çempionluğa köklənməsi və 3 xal öndə olması təbii ki, bizdə müəyyən psixoloji gərginlik yaradır. Ancaq bu futbolun tərkib hissəsidi. Həmişə hər şey asan əldə olunmur.

 

- Ancaq mövsümün ikinci yarısı fərqli məcrada keçəcək. Axı, artıq avrokubok yoxdu, milli isə daha az oyunda iştirak edəcək...

- Futbolda əvvəlcədən nəyisə proqnozlaşdırmaq mümkün deyil. Bəlkə qeyd etdiyiniz yükün azalması ziyanımıza işləyəcək? Bilmək olmaz. Hər şey mayda bilinəcək.

 

- Qış fasiləsində doyunca dincələ bildin?

- Açığı, daha 1-2 həftə istirahət mane olmazdı. Aktiv istirahətə üstünlük verdim. “İmarət”lə, güləşçilərlə futbol, yetərincə stolüstü tennis oynadım. Bunu daim tonusda qalmaq üçün etdim. Yaxşı istirahəti yayda edəcəyik. Artıq U-21 yığması da olmayacaq. Tam dincələ biləcəm.

 

- Bu mövsüm sənin üçün futbolçu karyeranda sonuncu ola bilərmi?

- Bəli, qəti şəkildə belə bir fikrim var idi. Bunun başlıca səbəbi gənclər yığmamızdakı işim idi. Amma artıq həmin postu tutmuram. Hadisələri qabaqlamayaq, gedişat göstərəcək. Son qərarı mayda verəcəm.

 

- U-21-i serbiyalı Milan Obradoviç çalışdıracaq. Bu təyinat barədə nə düşünürsən?

- Təcrübəli mütəxəssisdi. Ona uğurlar arzulayıram. Ümid edirəm Azərbaycandakı karyerası uğurlu alınacaq.

 

- Gənclər yığmamız əcnəbi mütəxəssisin rəhbərliyi altında oynamağa hazırdılarmı?

- Obradoviçə də, uşaqlara da uğurlar arzulayıram. Bu, futbolçularımız üçün yaxşı təcrübə olacaq. Axı, gələcəkdə də əcnəbi məşqçilərlə işləyə bilərlər. Ümumiyyətlə, yığmamıza güvənirəm və inanıram ki, bu seçmə tsikldə yaxşı nəticə əldə edə biləcəklər.

 

- Rusiyalı müdafiəçi Sergey İqnaşeviç 39 yaşında yenidən yığmaya qayıtdı və DÇ-2018-də iştirak etdi. Qarşıdan AÇ-nin seçmə mərhələsi gəlir. Rəşad Sadıqova yenidən milliyə dəvət gəlsə, hansı qərarı verəcək?

- Bəli, bu cür paralellər aparan olub. Ancaq həmin hal Rusiyada baş vermişdi. Həmin vaxt bir neçə mərkəz müdafiəçiləri eyni vaxtda zədələnmişdilər. Karyeramı bitirməyincə, hər zaman milli komandamıza hansısa məqamda kömək etməyə hazıram.

 

 

CEYHUN ƏLİYEV

23 Iyul 2019
B.eÇ.aÇC.aCŞB