TOP 10

"Keşlə" ilk transferini sabah açıqlayacaq: "Dostuma görə "11 nömrə"ni götürdüm, 6 ay sonra isə..."

Futbol
Tarix: 2019-01-06 20:20

"Zirə"ylə müqaviləmin pozulması onların istədiyi transfer məbləğinin ödənilməsi nəticəsində reallaşdı. "Keşlə" bu məbləği ödədi və bu kluba keçdim". Bu fikirləri Sport24.az-a açıqlamasında "Zirə"nin yollarını ayırdığı yetirməsi Vüsal İsgəndərli bildirib.

 

24 yaşlı hücumçu 4 ildir şərəfini qoruduğu "qartallar"ın artıq futbolçusu deyil. Belə ki, klubla Vüsal arasındakı müqavilənin qarşılıqla razılıqla pozulduğu artıq rəsmən açıqlanıb. İsgəndərlinin sözlərinə görə, sonda "Keşlə" transfer məbləğinin ödənilməsində yardımçı olub: "Sağ olun klubun prezidenti Zaur Axundovla baş məşqçi Tərlan Əhmədov, məsələnin həllini tapmasında çox böyük köməkləri oldu. Məsələni onlara başa saldım, onlar da bunu anlayışla qarşıladılar. Keçidin reallaşmasında bir xırda detal vardı. Əslində, bu, şəxsən mənim üçün böyük məsələ idi. Söhbət pul məsələsindən gedir ki, bunu klublar öz aralarında həll etdilər. Ancaq istənilən halda, təsir edən mənə olacaq. Ancaq buna da şükür, yaxşıdı. Lakin əlbəttə, danışdığımdan aşağı məbləğ olacaq. Nəticədə maddi planda itirəcəm. Ancaq bu da normal şeydi, böyüdüləsi bir şey yoxdu.  Hər klubun öz strategiyası deyilən bir şey var. "Zirə"də də budu, problem yoxdu. Bunu normal qarşılayıram. Keçidimə görə pul da vermişəmsə, halal xoşları olsun. İnşallah, xeyirli işlərdə xərcləsinlər. Əsas odur ki, yeni kluba keçidim baş tutdu".

 

İsgəndərli bu gün "Keşlə"nin düşərgəsində olaraq ilk məşqə çıxdığını qeyd edib. Paytaxt klubu ilk qış transferini sabah rəsmən açıqlayacaq: "Danışığımız müqavilənin ilyarımlıq müddətə imzalanması olub. Bu, sabah reallaşacaq. Yeni klubumun üzvləri, istər futbolçular, istərsə də məşqçilər məni çox yaxşı qarşıladılar".

 

Gənc futbolçu az oynadığına görə "Zirə"dən getməyi üstün tutdu. Ancaq onu da nəzərə alaq ki, yeni klubunda da əsas heyətə düşməsi heç də asan olmayacaq: "Az oynamaq deyəndə ki, "Zirə"nin baş məşqçisi Ayxan Abbasov olanda da həmişə oynamırdım. Bunu siz də izləmisiniz. Hətta 10 dəqiqə qalmış da meydana girirdim. Bir qarşılaşma oldu ki, sonadək ehtiyatda qaldım. Bu da zədəyə görəydi. Sadəcə, bilirdim ki, artıq getmək lazımdı. Heç kim mənə deməyib ki, gəl "Keşlə"yə, əsas heyətdə oynayacaqsan. Bu söhbət heç olmayıb. Sadəcə, Tərlan müəllim artıq 3-cü dəfəri məni istəyirdi. Əvvəlki 2 təklif "Neftçi"də baş məşqçi işlədiyi dövrdə olub. Ancaq həmin vaxtlar alınmayıb, inşallah, bu dəfə xeyirlisi olar. İndi oynamaq məsələsi öz üzərimdə qalıb ki, bunu çox işləməklə reallaşdıra bilərəm. "Keşlə"yə gələndən söz vermişəm ki, əvvəlki Vüsaldan daha yaxşı olacam. Ən azından Ayxan Abbasovun yaratdığı Vüsaldan yaxşı olmaq istəyirəm. Ayxan müəllimin üzərimdə çox böyük əməyi olub. İndi hansısa bir kluba transfer oluna bilirəmsə, bunda həmin mütəxəssisin böyük əməyi var. Abbasovun hazırladığı futbolçuyam ki, hazırda hansısa kluba gedə bilirəm. Mən də bura gəlmişəm ki, məni neçə vaxtdı istəyən baş məşqçinin güvənini boşa verməyim".

 

Vüsal "Keşlə"də məqsədindən və daşıyacağı formadan da söz açıb: "Yeni komandam turnir cədvəlinin sonlarında olsa da, 3-4-cü yerlə xal fərqi elə də böyük deyil. Ən azından mehriban kollektiv yaradaraq yüksək yerlər uğrunda mübarizə aparmaq olar. İnşallah, buna da nail olacağıq. Formaya gəlincə, mənim üçün maraqlı iki nömrə vardı  - 11 və 17. "Zirə"də oynadığım "17 nömrə" "Keşlə"də Samir Məsimovdadı. "7 nömrə" həmişə istədiyim nömrə olub. Sadəcə, hələ ki bu nömrəyə özümü layiq bilmirəm. Bu formanı daşıyanda hamı səndən çox şey gözləyir. İnşallah, bu 6 ayda "Keşlə" özümü sübut edərək "7 nömrə"ni götürəcəm. Qərara gəldim ki, indi "11 nömrə"ni götürüm. "Sabah"da oynayan Elgün Nəbiyev də bu nömrəni daşıyır, ona görə mən də "11"-i götürdüm. Elgün nəinki futbolda, həyatda yaxın dostumdu, ailəvi dostuq. İstirahətdə bir yerdə idik, "Keşlə" məsələm ortaya çıxanda, mənə dedi ki, "11" yaxşı nömrədi, istəsən, onu götürərsən. Mən də müsbət cavab verərək ona dedim ki, eyni nömrədə çıxış edərik".

 

Qeyd edək ki, "Keşlə"də bu mövsüm "11 nömrə"ni qış fasiləsində müqaviləsi qarşılıqlı razılıqla pozulan özbək hücumçu Bahodir Nasimov daşıyırdı.

 

 

MEHMAN SÜLEYMANOV

25 Mart 2019
24 Mart 2019
B.eÇ.aÇC.aCŞB