TOP 10

Dilinin bəlasına düşən "Zirə"nin futbolçusu: "Kirayədə qalıram, 7 nəfərlik ailəyə baxıram, transfer məbləğini verə bilmirəm"

Futbol
Tarix: 2019-01-05 10:18

Topaz Premyer Liqasında qış transfer dövründə adı hallanan futbolçulardan biri Vüsal İsgəndərlidi. "Zirə"nin 24 yaşlı hücumçusu baş məşqçi Samir Abasovun "qara siyahısı"na düşüb. Vüsalın qış fasiləsində getmək istəməsindən xəbər tutan 40 yaşlı mütəxəssis onu artıq öz komandasına görmür. Hərçənd, İsgəndərli fikrini dəyişərək indi də "Zirə"də qalmağı üstün tutur . Bu və digər məqamlara gənc futbolçuyla söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.

 

- Qış fasiləsində klubunu dəyişəcəyin gözlənilir. Gələcək taleyinə nə vaxt aydınlıq gələcək? 

- Gələcək taleyim sual altında olaraq qalır. Klubdan çıxmaq üçün istənilən pul var. Getməyim məsələhətdirsə, bunun qarşılığında müəyyən məbləğ pul verməlisən. Bunu da vermək olmur, çünki gücüm çatmır. Nə mən bunu verə bilirəm, nə də məni istəyən klub. Böyük bir ailəyə baxıram, verəcəyim pul maaşımdan çıxılacaq və bundan sonra özümə demək olar heç nə qalmır. Bilmirəm necə olacaq. 

 

- Niyə yetirməsi olduğun "Zirə"dən getmək istəyirsən? 

- İlk olaraq komandada qalmaq istəyirdim. Bunun 2 əsas səbəbi vardı - "Zirə"nin bombardiri olmaq və həmişə avrokuboklarda çıxış etmək istəmişəm. Bir dəfə belə şans əlimə düşsə də, həyata keçmədi. Mənə görə Ayxan Abbasovun baş məşqçiliyi vaxtında hər şey tam başqa cür idi. Mənə tam başqa cür baxırdılar, sırf futbolçu kimi tam başqa cür inanırdılar. Ancaq son vaxtlar mənə qarşı inam bir az itib. Buna görə də getməyi məsləhətləşdim. Fikirləşdim ki, getmək istəsəm, məndən pul istəməzlər. Buna görə də getmək qərarını verdim. Ancaq bundan sonra məndən pul istədilər və qaldım belə vəziyyətdə. Gedəcəyim heç bir klub da mənə görə 20, 30, 40 min pul verməz də. Azərbaycanlı futbolçunun transferi üçün böyük məbləğdi. 

 

- Eşitdiyimə görə, transfer məbləğin 20 mindi...

- Məbləği tam dəqiq bilmirəm. Məbləğ istənilib, ancaq konkret bilmirəm. 

 

- Əslində, transferinə görə müəyyən məbləğin istənilməsi normaldı. Hər halda, klubla müqavilən var və futbolun qaydaları bunu tələb edir...

- Bilirəm ki, bu işin qaydası-qanunu budu. Sadəcə, bir məsələ var: düşündüm ki, baş məşqçi Samir Abasov da getməyimə razıdırsa, problem yaratmırsa, mənə yaxşılıq kimi pul istəməzlər, sərbəst buraxarlar. Bunu rəhbərliyə demişəm. Onlar sağ olsunlar, əllərindən gələn köməkliyi də etdilər. İstər Natiq müəllim ("Zirə"nin prezidenti Natiq İsmayılov), istər Elman müəllim ("Zirə"nin baş meneceri Elman Himayətoğlu). Həqiqətən mənə görə əziyyət çəkən çox adam oldu. Belə baxanda, "Zirə" mənim üçün ailəm kimidi, adam burdan getməkdə də çətinlik çəkir. Vallah, asan addım deyil.  Hər halda, az müddət deyil burda keçirmişəm, 4 ildir "Zirə"nin futbolçusuyam. 

 

- Bildiyimə görə, getməyinə imkan yaradılması üçün son ayın - dekabrın maaşından da imtina etmisən...

- Bilirsiniz, söhbət belə olub ki, məndən istənilən pula görə demişəm axırıncı ayın maaşını da verərəm, bundan sonra məbləğ düzəlir. Ancaq bu zaman gedəcəyim klubda danışacağım müqavilənin məbləği çox azalır. Mən də kirayədə qalıram, böyük ailəyə baxıram. Axırıncı ayların pulunu da verəndə evə baxmağımda problem yaranır. Ailəm də kiçik deyil, 7 nəfərə tək baxıram.  

 

- Samir müəllim saytımıza açıqlamasında bildirib ki, getmək istəyini köməkçilərinə, rəhbərliyə demisən, sonra isə qalmaq fikrində olduğunu diqqətə çatdırmısan. Bu zaman isə Abasov sənin komandada olmayacağını qətiyyətlə qərara alıb. Fikir dəyişikliyinə səbəb nə oldu?

- Düz söhbətdi. "Neftçi"yə qol vurduğum matçdan qabaq baş məşqçinin köməkçisi Vəfadar Quliyevə yaxınlaşıb dedim ki, getmək istəyirəm. Bildirdim ki, yayadək daha çox oynaya biləcəyim yer olsa, getmək istəyərəm. Onlar da sağ olsun, fikrimi normal qarşıladılar. Həmin qarşılaşmada da baş məşqçi mənə şans verdi, çıxdım qol vurdum. Sonra pul söhbəti ortaya çıxanda dedim ki, belə vəziyyətdə getmək mənə maddi planda çətin olacaq. Onda ən yaxşısı qalmağımdı və bu istəyimi bildirdim. Bunu deyəndə, əsas komandada mənə yer olmadığı ortaya çıxdı. Yəqin ki, Samir müəllim məndən inciyib. Onu başa düşürəm, baş məşqçidi. Ona həm məşqçi kimi də hörmət edirəm, özünə bir insan kimi də. 

 

- "Keşlə"nin sənə marağı nə dərəcədə ciddidi? Transfer vərəqini "Zirə"dən ala bilsən, səninlə müqavilə imzalayacaqlar?

- Əlbəttə, "Keşlə"ylə danışıq gedirdi. Bu günün özünə kimi gedir. Sadəcə, verilməli olan pul işimi belə yarımçıq qoyub. Qışda futbolçu transferi çətindi - həm maddiyyat baxımından, həm də belə məsələlərə görə. Az oynamış futbolçu kimi gedirəm, bu mövsüm məhsuldarlığım da azdı. Əlbəttə, bu amil maddi təklifə təsir edir. Bu üzdən mənə verilən məbləğ də yüksək deyil. Ora getməyim, özümə yer tutmağım asan başa gəlməyəcək. Yəni problem çoxdu.

 

- "Zirə"ylə müqavilən cari mövsümün sonunadəkdi, yoxsa...?

- Açığı, bunu tam dəqiq bilmirəm. Ayxan müəllimin vaxtında - qışda müqavilə imzalamağa gedəndə, onunla aramız elə idi ki, heç soruşmadım nə qədər müddətə bağlayıram. Ona inanırdım, həqiqətən inanılası adamdı. Abbasovun vaxtında tam başqa Vüsal idim, indi başqa Vüsal.

 

- Eləsə Ayxan Abbasovun yanına - hazırda baş məşqçisi olduğu "Sumqayıt"a getmək variantın var?

- Yox, real söhbət olmayıb. Yalandan desəm ki, o, bu variant vardı, yox, düz deyil. 

 

- Belə çıxır ki, yalnız "Keşlə" variantın var...

- Hamı bilir ki, Vüsalın "Zirə"ylə müqaviləsi var. Transfer vərəqimi almaq mənim üçün asan deyil - bunu da bilirlər. Buna görə də konkret bir addım atmırlar. Sərbəst futbolçu olsam, hə, əlbəttə, onda təkliflər olacaq. 

 

- Bu gün "Zirə" qış hazırlığına başlamaq məqsədilə bir araya gəlir. Əsas komandadan kənarlaşdırılmısansa, belə çıxır ki, müqavilənin olduğuna görə əvəzedicilərdə yer almalı olacaqsan...

- Məncə, elə olacaq. Mənim üçün problem yaradılası vəziyyət deyil. Baş məşqçidi, qərarına hörmət edirəm. Canı sağ olsun, belə məsləhədirsə, gedib orda oynayaram və yaxşı məşq edib özümü göstərərəm ki, bəlkə qayıtmağa ehtiyac oldu. 

 

- Sənə elə gəlmir ki, gəncliyinin, səriştəsizliyinin, daha doğrusu, dilinin bəlasına düşərək özünü çətin vəziyyətdə qoymusan? Hər halda, durduğun yerdə əsas komandada yerini itirməli oldun...

- Ola bilər. Elə bir yaşımdı ki, fərqli durumlarda oluruq. Bu da üzləşdiyin çox problemlə bağlıdı. Məsələn, məndə o qədər böyük problemlər olur ki, adama təsir edir, üzərində basqı olur. Hamısı üst-üstə gəlir. "Zirə"də belə bir problemim Ayxan müəllimin vaxtında olmuşdu. Onda tez bir vaxtda - qışadək həll etmişdik. Abbasov mənə hər şeyi başa saldı ki, necə etməyim daha düzgündü. Bundan sonra da müqaviləmi uzatdım, ancaq maraqlanmadım ki, neçə illikdi. Sadəcə, dedi, getdim anlaşmanı imzaladım.

 

- Həmin vaxt sənə hansı klubdan təklif vardı?

- Onda "Neftçi" idi.

 

- Səncə, Abasov səni az oynatmaqla sənə qarşı haqsızlıq edir? Yəni, özünü əsas heyətdə oynamağa hazır sayırsan?

- Bunu baş məşqçi özü bilər. Samir müəllim məni oynatmırsa, bu, onun qərarıdı. Hamı da baş məşqçinin qərarına hörmət etməlidi. Eləcə də. Əlbəttə, hər bir futbolçu deyəcək ki, əsas heyətdə oynamağa hazıram. Ancaq baş məşqçinin baxışı tam başqadı axı. 

 

- "Neftçi"yə qol vurduğun matçda bunu çox emosional şəkildə qeyd etdin və bu zaman xoşagəlməz mənzərə yarandı. Sanki, baş məşqçinin ünvanına kəskin narazılığını bildirirdin. Ancaq mətbuata açıqlamanda xoşagəlməz sözləri azarkeşin ünvanına dediyini söyləmisən...

-  Elədi. Məni neçə ildi tanıdığınızı bilmirəm, ancaq tam səmimi deyirəm, Allaha and içirəm ki, orda baş məşqşiyə qarşı heç bir pis şey deməmişdim. Ona görə ki, həmin matçdan 1 gün qabaq Samir müəllimlə otaqda ən azı 40 dəqiqəlik söhbətim olmuşdu. Orda baş məşqçidən xahiş etmişdim ki, məni oynat. O da mənə dedi ki, bu həftə məşqlərini əla keçirmisən, sənə şans verəcəm, hazır ol. Baş məşqçin sənə bu sözü deyəndən sonra ona qarşı hörmətsizlik nə dərəcədə düz olar? Sadəcə, oyuna girməmişdən qabaq yuxarıdan - tribunalardan kimsə atmacalar atırdı. Bunu baş məşqçinin özü də eşitmişdi.

 

- İçində yığılan narazılıqları çox emosional şəkildə ifadə edə bilərdin ki, gördün, məni oynatmamaqla düz etməmisən, çıxdım, qolumu da vurdum...

- Yox-yox, elə bir şey olmayıb. İndiyə kimi adi kubokda qol vuranda baş məşqçiyə hörmət əlaməti olaraq onun yanına getmişəm. Başqa heç nə. Baş məşqçilərimə həmişə hörmət etmişəm. Başqa variantlarımdan heç biri alınmasa, rəhbərlik məni buraxmasa, ən azı yayadək qalıb "Zirə"də oynayacam. Çarə yoxdu. 

 

MEHMAN SÜLEYMANOV

15 Iyun 2019
14 Iyun 2019
B.eÇ.aÇC.aCŞB