TOP 10

Reynaldo “Neftçi”yə təşəkkür etdi: “...Əvvəlki Reynaldonu görəcəksiniz”

Futbol
Tarix: 2018-12-20 14:25

2017-ci ildə “Qarabağ”dan ayrılan Reynaldo yenidən Ağdam təmsilçisinin sıralarına qayıdıb. İki illik fasilədən sonra yenidən Azərbaycanda çıxış edəcək hücumçu Sport24.az-a verdiyi müsahibədə hazırki durumundan, “Neftçi”dən aldığı təklifdən və digər maraqlı məqamlardan bəhs etdi.

 

- “Qarabağ”dan ayrılarkən ideal formada deyildin. Növbəti illər 3 klub dəyişməyin də bunun əyani sübutudur. Ancaq son mövsümü keçirdiyin Qazaxıstanda deyəsən, özünə gələ bildin. Reynaldo azarkeşlərin gözünü oxşayan Reynaldo ola bilibmi?
- Özümü doğma yuvama qayıtmış kimi hiss edirəm. Yenidən evimdəyəm. Klubdakı insanların, futbolçuların, məşqçi heyətinin, azarkeşlərin göstərdiyi isti münasibət mənə olduqca xoşdu. Buna görə də onlara minnətdarlığımı bildirirəm. Türkiyəyə getdim, qısa zaman kəsiyində məşqçi dəyişikliyi baş verdi və bundan sonra orda uğurlu karyera yaşaya bilmədim. Daha sonra Trnava “Spartak”ına keçdim. Orda da işlərim uğurlu alınmayınca, “Aktobe” variantı ortaya çıxdı. Bu şansdan istifadə etmək üçün klub rəhbərliyinə müraciət etdim və məni Qazaxıstana buraxdılar. Hesab edirəm ki, “Aktobe”də oyunum pis alınmadı. Yaxşı rəqabət gördüm. O ki qaldı bilavasitə sualın məğzinə, həmin güc məndə var. Əsas odur ki, çoxlu işləyim və belədə, əvvəlki Reynaldonu görəcəksiniz. 

 

- İnsan yaşa dolduqca müdrikləşir. Artıq 29 yaşın var. İntizama riayət baxımından müdrikləşmisənmi? Bu sualı ölkəmizdə olacağın müddətdə xatırlatmayacağımıza əminsənmi?
- Əlbəttə, zaman keçdikcə insan müdrikləşir, yetkinləşir. Düşünmək üçün kifayət qədər vaxtım oldu. Əvvəlki səhvlərimi təhlil edib nəticə çıxarmaq üçün yetərincə zamanım olub. Dərk edirəm ki, idmançı düzgün istirahət etməlidi, özünü qorumalıdı. Artıq tam fərqli düşünürəm. Bundan sonrakı dönəmdə həm meydanda, həm də meydandan kənarda müdrikləşməyimin mənə faydası olacaq. Mənə bəslənilən ümidləri bu dəfə də doğruldacam.

 

- Personana “Qarabağ”la yanaşı, “Neftçi”nin də maraq göstərməsi məlumdu. Seçimində həlledici amil “Qarabağ” mühitinə bələd olmağın oldu?
- Bəli, “Neftçi” də məni sıralarında görmək istəyirdi. Məni komandalarına dəvət etdikləri üçün onlara təşəkkürümü bildirirəm. Ümumiyyətlə, “Neftçi” hörmət etdiyim klublardan biridi. Ancaq “Qarabağ” variantı ortaya çıxdıqdan sonra digər təkliflər arxa plana keçdi. Heç başqa təklifləri eşitmək belə istəmədim. Hər kəs bilir ki, “Qarabağ”ı sevirəm, bu komandanın mənim üçün yeri  xüsusidi. Baş məşqçinin ilk dəfə çıxış etdiyim dönəmdə mənim üçün etdiklərini heç bir vaxt unuda bilmərəm.

 

- Turnir cədvəlinə baxarkən, təəccüblənmirsən? "Neftçi" öndədir. Yerdəyişməyə nail ola biləcəksiniz?
- Yox, qətiyyən təəccüblənmirəm. Azərbaycanda olduğum ilk illərdə də “Neftçi” çempionluğa oynayan komanda idi. Daim üst pillələrdə qərarlaşırdılar. Çempion olmuşdular. Bu səbəbdən “Neftçi”nin liderliyini təəccüblə qarşılamıram. Ancaq vəziyyəti dəyişmək mümkündü. Axı, hələ çempoinatın tən yarısı irəlidədi. Bizi “Neftçi”ylə 2 oyun gözləyir. Əminəm ki, komandamızda hamı mənim kimi düşünür. Düzdü, “Neftçi” yaxşı futbolçulardan komplektləşmiş heyətə sahibdi. Ancaq bizim komanda da çox güclüdü. İnanıram ki, vəziyyəti dəyişə biləcəyik və çempionatı 1-ci pillədə bitirə biləcəyik.

 

- Qazaxıstanda tam mövsüm keçirmisən. Qarşıda isə qısa istirahətdən sonra Azərbaycanda mövsümün həlledici, gərgin hissəsi gəlir. Bu yüklənməyə gücün çatacaq?
- Heç bir problem görmürəm. Nəzərə alsaq ki, Qazaxıstanda çempionat noyabrın ortalarında bitib və istirahət üçün 1 aydan artıq vaxtım olub, bu, mənə tam kifayət edib. Əvvəlki dönəmlərdə bundan da az istirahət etsəm də, yetərincə uğurlu mövsümlər keçirmişəm. Daha bir məqama toxunum. Komanda hazırlığa yanvarda başlayacağı halda, mən artıq dekabrın sonlarından məşq edəcəm. Çempionatın 2-ci hissəsinə tam hazır olacam. Azarkeşlərimizə də səslənmək istəyirəm. Daim onlara sevinc bəxş edən Reynaldonu görmələri üçün hər məşqdə, hər oyunda əlimdən gələni edəcəm.

 

CEYHUN ƏLİYEV
 

19 Yanvar 2019
18 Yanvar 2019
B.eÇ.aÇC.aCŞB