TOP 10

“Premyer Liqa ilə Divizion arasındakı səviyyə fərqi özünü göstərdi”

Futbol
Tarix: 2018-12-06 17:16

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin 3 görüşü başa çatdı. Sport24.az xəbər verri ki, Topaz Premyer Liqasının təmsilçilərinin qalib ayrıldığı oyunlardan sonra mətbuat konfransı keçirilib. 


Konfranslarda komandaların çalışdırıcıları fikirlərini bildiriblər. Peşəkar Futbol Liqasının rəsmi saytı altı mütəxəssisin fikrini təqdim edib: 


“Ağsu” - “Sabah” 0:3


Elşad Əhmədov (“Sabah”ın baş məşqçisi): “İlk dəqiqələrdən hesabı açmağımız bizə rahat oynamağa kömək oldu. Fərqi 2 topa çatdırandan sonra, rəqib tamamilə həvəsdən düşdü. Birinci hissə bizim üçün daha ağır oldu. İkinci yarıda əsasən gənc oyunçulara üstünlük verdim. “Ağsu”ya divizion oyunlarnda uğurlar arzu edirəm”.


Arif Rizvanov (“Ağsu”nun məşqçisi): “Qələbəyə görə rəqibi təbrik edirəm. Ustalıq səviyyəsi öz sözünü dedi. Təcrübəli futbolçularımız az olduğuna görə “Sabah”la bacarmadıq”.


“Kəpəz” - “Səbail” 0:4


Aftandil Hacıyev (“Səbail”in baş məşqçisi): “Uzun yol qət etsək də, yaxşı oynadıq. Komandamdan razıyam. Lazım olan qələbəni əldə etdik. “Kəpəz”ə də növbəti oyunlarda uğurlar arzu edirəm. Böyük hesablı qələbə qazansaq da, rəqib topla oynaya bildiyini göstərdi”. 


Etibar İbrahimov (“Kəpəz”in baş məşqçisi): “Oyun zamanı da göründü ki, rəqib əbəs yerə Premyer Liqanın 3-cü pilləsində qərarlaşmayıb. Fərdi olaraq “Səbail” futbolçuları çox seçilirdi. Sürətdə rəqiblə ayaqlaşa bilmədik. Təəssüf ki, hesab böyük oldu, bu oyunun futbolçularıma gözəl dərs olacağını düşünürəm. Rəqibi təbrik edirəm”


“Qaradağ Lökbatan” - “Sumqayıt” 0:4


Ayxan Abbasov (“Sumqayıt”ın baş məşqçisi): “Komandamı təbrik edirəm, meydanda xarakter göstərdilər. Gənc və oyun təcrübəsi olmayan futbolçulara daha çox şans verdim. Süni örtüklü stadion olduğuna görə əsas heyətin bir sıra oyunçusuna zədədən qorunsunlar deyə şans vermədim. “Qaradağ Lökbatan”a növbəti oyunlarda uğurlar arzu edirəm. Növbəti oyunumuzun “Neftçi”ylə olacağına gəlincə, bütün komandalara hörmət edirik. Hər oyun çətin olur. O ki qaldı Nicat Qurbanova, yorulsa belə, 90 dəqiqə oynatdım, onun buna ehtiyacı var”.


Elçin Dərgahquliyev (“Qaradağ Lökbatan”ın baş məşqçisi): “Premyer Liqa ilə Divizion arasındakı səviyyə fərqi özünü göstərdi. Futbolçularımızın çoxu 20 və daha aşağı yaşda idilər. Onlar ilk dəfə idi ki, premyer liqa klubu ilə oynayırdılar. Rəqibə uğurlar arzu edirəm, təəssüflənməyimə yeganə səbəb müdafiə xəttinin həddən artıq zəif çıxış etməsi oldu”.

15 Dekabr 2018
14 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB