TOP 10

Darmadağına darmadağınla cavab, Və ya "Bəxtsiz cavan"ın taleyi

Futbol
Tarix: 2018-12-05 18:42

Darmadağına darmadağınla cavab. Bunu "Qarabağ" 4 gün ərzində reallaşdırdı. Avropa Liqasının qrup mərhələsində son ev matçında Bakı Olimpiya Stadionunda "Sportinq"ə 1:6 hesabıyla uduzan Qurban Qurbanovun komandası bunun əvəzini Topaz Premyer Liqasında (TPL) nəhs turda "Keşlə"dən çıxdı. Ssenaridə də oxşarlıq vardı. Onda da hesab açılandan sonra tarazlıq bərpa olunmuşdu və bundan sonra qollar yalnız bir qapıya vurulmuşdu.

 

Düzdür, 1:6-ın təkrarı olmadı, "Qarabağ" 5:1 hesabıyla qalib gəldi. Ancaq son qolun 78-ci dəqiqədə vurulduğunu nəzərə alsaq, Avroliqadakı təmsilçimiz nəinki 6:1, daha böyükhesablı qələbəyə də imza ata bilərdi. Son mövsümün qalibi olan çempionumuz buna nail olmasa da, bu hesab da rekord üçün yetərli oldu. Axı, bu, cari mövsümdə ən böyükhesablı qələbə, ən məhsuldar qarşılaşma oldu. Düzdür, bunadək 4 top fərqli qələbə qazananlar olmuşdu - "Neftçi" evdə "Səbail"i, "Səbail" isə "Sabah"ı səfərdə 4:0 hesabıyla məğlub etmişdi. Ancaq "Qarabağ" 5 qol vurduğundan, qələbəsinin çəkisi bir qədər artıq gəlir. 

 

Bunadək cari çempionatda bir qarşılaşmada 5 qol qeydə alınsa da, 6 top olmamışdı. Azarkeşlər belə məhsuldarlığı xeyli vaxtda - 1 ildir izləyə bilmirdilər. Maraqlıdı ki, sonuncu bu cür darmadağın, bundan da böyükhesablı qələbə məhz XIII turda qeydə alınmışdı. Bu, "Qəbələ"nin Gəncədə "Kəpəz" üzərində 6:1 hesablı qələbədi. Ən maraqlısı budu ki, onda da darmadağını yaşayan qapıçı Davud Kərimi olub. Təcrübəli qolkiperin məhz bu ağır məğlubiyyətdən sonra əsas heyətdə yerini itirərək ötən mövsümün ikinci yarısında ehtiyatda keçirmişdi. Davudun 1 ilə yaxın oyun praktikasından korluq çəkməsi özünü göstərdi. Milimizin də "1 nömrə"si olan zədəli Kamran Ağayevi əvəzləyən 34 yaşlı Kəriminin qollarda səhvləri də oldu. Yaxında atasını itirən futbolçu növbəti zərbəni yaşıl meydanda aldı. 

 

"Qarabağ"ın TPL-də sonuncu 4 top fərqli qələbəsi isə az qala 2 əvvələ gedib çıxır. Bu, 2016/17 mövsümünün 3-cü dövrəsində - 2017-ci ilin martın 4-də "Sumqayıt"ı səfərdə 4:0 hesabıyla məğlub etdiyi görüşdü. "Keşlə"nin isə ən ağır məğlubiyyəti 8 il öncə "İnter" adlananda olub. Bu, 2010-cu ilin oktyabrın 16-da AZAL-dan səfərdə 0:5 hesablı darmadağındı.

 

Doğma məkana qayıdışdaca qələbə. Bəli, bu, "Sumqayıt"ın "Kapital Bank Arena"ya dönüşündə reallaşdı. Bununla da "gənclik şəhəri"nin təmsilçisi ikinci dövrədə ilk qələbəsini qazanaraq 6 oyunluq, 52 günlük qələbəsiz seriyasına son qoydu. Özü də bu uğursuzluq ilk dövrənin son turunda məhz "Səbail"ə məğlubiyyətlə başlamışdı. Buna son qoyan "Sumqayıt"ın yeni baş məşqçisi Ayxan Abbasov TPL-də növbəti qələbəsinə imza atdı. Maraqlıdı ki, 37 yaşlı mütəxəssisin bunadək də 3 xalı məhz "Kapital Bank Arena"da qazanmışdı. Sadəcə, onda "Zirə"nin baş məşqçisi kimi "Sumqayıt"ı məğlub edərək. 

 

Bir oyunda 3 qırmızı. "Sabah" - "Neftçi" matçında əsas diqqətiçəkən bu olay oldu. Meydandan qovulanlardan biri ötən çempionatımızın bombardiri, hazırda da ən sərrast oyunçular siyahısına başçılıq edən Baqali Dabodu. Bu, 30 yaşlı fransalı hücumçunun 3-cü mövsümdü iştirakçısı olduğu ilk belə ağır cəzası olub.

 

Bir oyunu iki gündə keçirməli olasan. Bu, qatı dumanıyla seçilən Qəbələdə növbəti dəfə baş verdi. Ona görə növbəti dəfə ki, əvvəl də bu məkanda məhz həmin səbəbdən qarşılaşmanın növbəti günə təxirə salması olub. Ancaq "Qəbələ" Samir Abasovlu "Zirə"ylə 2 gün də oynasa da, onun qapısına yol tapa bilmədi. "Qartallar" cari mövsümün autsayderi olsa da, Sənan Qurbanovun komandası ona bu mövsüm nəinki məğlub edə, qol da vura bilmir. Halbuki, "Qəbələ" qalan rəqiblərinin hamısına, hətta favoritlər "Neftçi"ylə "Qarabağ"a hər 2 matçda qol vurub, lideri bu çempionatda məğlub edən yeganə komanda olmasıyla öyünə bilər. Ancaq "qırmızı-qaralar" üçün bu yolda böyük mane olan "Zirə" son turda hesabına yazdığı 1 xalla nəhayət, turnir cədvəlində son pillədən yaxa qurtarıb. İndi turnir cədvəlini sabah yeni mövsümü start veriləcək Azərbaycan Kubokunun son qalibi "Keşlə" qapayır.  

15 Dekabr 2018
14 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB