TOP 10

Turun "Ənlər"i-13: Nəhs turda bir aktyorun tamaşası

Futbol
Tarix: 2018-12-05 16:00

Topaz Premyer Liqasında (TPL) XIII tur arxada qaldı. Sport24.az hələ ötən çempionatın ilk turundan başladığı Turun “ƏNLƏR”i rubrikasıyla görüşünüzə gəlməkdə davam edir. 

 

“Simvolik yığma”

 

Qapıçı: Dmitri Bezotosnı ("Qəbələ")

 

Müdafiəçilər: Ansi Aqolli ("Qarabağ", 2) - Anton Krivotsyuk ("Neftçi", 4) - Adrian Skarlatake ("Zirə") - İlkin Qırtımov ("Zirə")

 

Yarımmüdafiəçilər: Abdulla Zubir ("Qarabağ", 3) - Aleksey İsayev ("Sumqayıt", 5) - Filip Ozobiç ("Qarabağ") - Əfran İsmayılov ("Sumqayıt", 2)

 

Hücumçular: Mirbadulla Abbasov ("Neftçi", 4) - Mahir Mədətov ("Qarabağ", 2)

 

 

Turun MƏŞQÇİsi - Ayxan Abbasov ("Sumqayıt")

 

Sumqayıt futbolu üçün ötən şənbə ikiqat bayram oldu. Belə ki, həm "Sumqayıt" doğma şəhərə qayıtdı, həm də bunu qələbəylə qeyd etdi. "Kapital Bank Arena"da "Səbail" üzərində qazanılan bu uğurlu nəticənin (1:0) əsas memarı isə yeni baş məşqçisi Ayxan Abbasov oldu. TPL-də cari mövsümün ən gənc baş məşqçisi olan 37 yaşlı mütəxəssis "gənclik şəhəri"nin təmsilçisinin azarkeşləri qarşısında ilk matçındaca onları qələbəylə sevindirdi. Təbii ki, söhbət "Sumqayıt"ın baş məşqçisi kimi görüşündən gedir. Abbasov yeni komandasında debüt matçından fərqli, bu dəfə Atilla Yıldırımı start heyətinə buraxdı və qələbə topunun müəllifi də məhz bu hücumçu oldu. "Sumqayıt" son mövsümlərdə adətən 5 müdafiəçiylə oynayır ki, Abbasov son qarşılaşmada 4 müdafiəçiyə keçdi və bu da müsbət nəticə verdi. 

 

Turun QƏHRƏMANı - Mahir Mədətov ("Qarabağ")

 

"Qarabağ" "Keşlə"ylə ilk dövrədə yaşadığı xal itkisinin əvəzini darmadağınla çıxdı. Tofiq Bəhramov adına Respublika stadionunda qazanılan həmin 5:1 hesablı matçın qəhrəmanı Mahir Mədətov oldu. Hər halda, komandasınn vurduğu qollardan 3-nün müəllifi məhz bu gənc hücumçu oldu. Özü də Mahir cinah vingeri yox, mərkəz hücumçusu kimi fərqləndi. Mədətov eyni zamanda cari mövsümdə ilk het-trikin müəllifi oldu.

 

Turun ANTİQƏHRƏMANı - Emil Balayev ("Səbail")

 

Matçda bir kobud səhv edəsən, o da komandanın məğlubiyyətinə gətirib çıxarsın. Bu, qapıçılarda olanda daha çox yaddaqalan olur. Belə uğursuzluq son turda millimizin də üzvü olan Emil Balayevin başına gəldi. "Səbail"in "1 nömrə"si "Sumqayıt"la səfər matçında rəqib hücumçuyla mübarizədə topu əlindən buraxaraq onu boş qapıya göndərməsinə səbəbkar oldu. Bunadək daha çox süni qazonda çıxış edən Balayev görünür, təbii otda topun uçuş sürətini düzgün hesablamayaraq bağışlanmaz xətaya yol verdi.

 

 

Turun KOMANDAsı - "Qarabağ" (3)

 

"Qarabağ" nəhs turda autsayder üzərində darmadağına imza atdı. 5:1 hesabına nəzər yetirsək, ilk baxışdan asan qələbə qazanıldığını demək olar. Ancaq Qurban Qurbanovun komandası fasiləyə hesabda irəlidə yollana bilməmişdi. Hər halda, mərkəzi arenada ilk hissədən sonra "Keşlə"ylə səfər matçındakı hesab - 1:1 qeydə alınmışdı. Ancaq "Qarabağ" ikinci hissənin əvvəlində xarakter göstərərək 5 dəqiqəyə 3 qol vurmaqla matçın taleyini həll etdi. Bununla da həm rəqibindən ilk dövrədə vacib 2 xal itkisinin əvəzini artıqlamasıla çıxdı, həm də bir sıra ilklərə imza atdı. Axı, cari çempionatın məhsuldar matçı, ən böyükhesablı qələbəsi və ən nəhayət, ilk het-triki "Qarabağ"la reallaşdı.  

  

15 Dekabr 2018
14 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB