TOP 10

Oyun içində “oyun”, Və ya “Professor Moriarti” tapılmalıdı

Futbol
Tarix: 2018-12-02 11:36

Ötən gün Topaz Premyer Liqasının XIII turu Masazırda start götürdü. Bundan 1 tur əvvəl səfərdə “Qarabağ”dan xal qoparmağı bacaran “Sabah” daha bir qəhrəmanlıq göstərmək arzusunda idi. Axı, indi Elşad Əhmədovun yetirmələrini lider “Neftçi”ylə sınaq gözləyirdi. 

 

Qonaqların bu oyundan itkisiz çıxa bilib-bilməyəcəyi sualı olduqca maraqlı idi. Təəssüf ki, tribunalara toplaşanlar da, qarşılaşmanı mavi ekran qarşısından izləyənlər də oyun əvəzinə “oyun”a şahidlik etdilər...

 

Görüşün baş hakimi Rəhim Həsənov qarşıdurma yaranması üçün hər şey etdi. Başlayaq sıravi azarkeşlərin diqqətindən yayınan hərəkətdən. Bir komanda hücum edirsə və rəqib futbolçu topla irəliləyən oyunçuya qarşı qayda pozuntusu edirsə, referi fit çalmağa məcbur deyil. Əgər top zərərçəkən komandada qalırsa, referi “suyun qarşısını kəsən əjdaha” obrazında çıxış etməməlidi. Çünki fitini səsəndirməklə o, qayda pozuntusuna yol verən komandaya müdafiəyə çəkilmək üçün kömək etmiş olur. Ancaq zaman göstərdi ki, Həsənovun bu səhvləri toya getməli imiş...

 

Ən mübahisəli və sərt qərarlarla yadda qalan epizodları bir-bir xatırlayaq. 

 

Tural Axundova verilən 2-ci sarı vərəqə. Meydanın “Sabah”a aid olan hissəsində müdafiəçi Cavid İmamverdiyevi yıxır. Baş hakim tərəddüd etmədən əlini cibinə atır və 2-ci sarı vərəqə göstərməklə “ağ-qaralar”ı azlıqda qoyur. Müəyyən yazılmamış qanunlar var. Bunlardan biri də oyunun gedişatına uyğun hərəkət etməkdi. Baş hakim Axundova şifahi xəbərdarlıq edib, analoji halın təkrarlanacağı halda qəti ölçü götürəcəyini bildirsəydi, burda qərəz olmazdı. Çünki matçın vur-tut 33-cü dəqiqəsi gedirdi və oyunun qurtarmasına 1 saat qalmış ölüm-itim olmayıbsa, bilərəkdən rəqibə xəsarət yetirilməyibsə, 2-ci sarı vərəqə göstərilmir. 

 

Haşiyə. Tural Axundovun qayda pozuntusuna yol verdiyi andan öncə Dario Federiko cinahdan cərimə meydançasına hava ötürməsi etmişdi. Novruz Məmmədov topa sıçramaq istəyən Baqali Dabonu arxadan azacıq itələdi. Bu epizoda görə baş hakim penalti təyin etməli deyildi. Etmədi də! Çünki analoji hallar oyun ərzində 8-10 dəfə baş verir.

 

Matçın 75-ci dəqiqəsində “Neftçi”nin cərimə meydançasına ötürülən hava topu və Slavko Braliç Marko Deviçlə mübarizədə topu başla uzaqlaşdırır. Rəhim Həsənov isə bu mübarizə zamanı “Neftçi”nin müdafiəçisinin qayda pozuntusuna – Deviçi itələməsini rəhbər tutaraq qapıya penalti təyin edir. Yuxarıda qeyd etdiyimizi bir daha xatırladırıq. Hava mübarizələri zamanı cərimə meydançasında analoji dartışmalara çox rast gəlinir. Ədalət təmsilçiləri yalnız dirsəklə rəqibin sifətinə zərbə endirilən vaxt qayda pozuntusunu qeydə alırlar. Ədalət təmsilçiləri ha!..

 

Nəhayət, 83-cü dəqiqə. Emin Mahmudovdan ötürmə alan Baqali Dabo cərimə meydançasına Tərzin Cahangirovun müşayiəti ilə daxil olur. “Sabah”ın müdafiəçisinin fransalı forvardın qoluna girib onu dartdığını hər kəs görür, o cümlədən də baş hakim. Nəhayət, Dabonu yerə sərmək mümkün olur. Lakin Həsənov bunu simulyasiya kimi qeydə alır və penalti təyin etmək əvəzinə, Daboya 2-ci sarı vərəqəni göstərərək, meydandan kənarlaşdırır.

 

Çox təəssüf ki, biz oyun haqda deyil, “oyun” haqda yazmalı oluruq. Rəhim Həsənovu bu cür “oyun”a kim vadar edib? Müxtəlif fərziyələr irəli sürmək olar:

 

1)    “Sabah” hakimi almışdı;
2)    “Neftçi”nin əsas rəqibi “Qarabağ” hakimi almışdı;
3)    Referiyə xüsusi tapşırıq verilmişdi.

 

“Sabah”ın hakim alması absurd və heç bir məntiqə sığmayan izah olardı. Çempionatın debütantı “Neftçi”ylə oyunda qazanacağı 1 xalla nəyə nail ola bilərdi ki? Özü də mövsümün ortasında. Komandanın heç avrokuboklarda iştirak etmək hüququ da yoxdu. “Sabah” çempionata gələndən bəri oyunlarını ancaq yaşıl meydanda oynayıb və qazandığı xalları da alın təriylə əldə edib.

 

“Qarabağ”ın “Neftçi”yə badalaq atması da reallıqdan uzaqdı. Qurban Qurbanov millinin baş məşqçisidi. Bu gün o, təmiz, gərgin oyunların çox keçməsində hamıdan çox maraqlıdı. Bəli, “Neftçi”ni büdrətməklə ölkə çempionunun imicinə dolayısı ilə zərbə vurmaq və çirkin oyuna dartmaq arzusu burda aşkar sezilir.

 

Nəhayət, sonuncu və ən inandırıcı variant. Hakimlər Komitəsində məlum dəyişikliklərdən sonra hakim səhvləri şəlalə kimi axmağa başladı. Özü də bu səhvlər ən üzdə olan hakimlər tərəfindən edilməyə başladı. Bir tək Əliyar Ağayev bu çirkaba bulaşmayıb və istisna təşkil edir. Ötən tur “Səbail”lə matçda “Neftçi”nin lehinə verilən penaltini xatırlayın. Yan xətt hakimi haray-həşirlə Rauf Cabbarovu səsləsə də, baş hakim buna reaksiya verməyib. Artıq XXII turda “barmaq dişləmək” olardı ki, bu, oyun içində “oyun”du. Söhbət hansısa kluba kömək etməkdən getmir. Bu gün lehinə qərarlar verilir, sabah əleyhinə olacaq. “Professor Moriarti”nin tapılması yolunda bütün klublar “Şerlok Holms” olmalı və bu “oyun”un kim tərəfindən idarə olunmasını üzə çıxarmalıdırlar. Kuluarlarda söhbət etməklə yox, məsələni ən yüksək instansiyaya qaldırmaqla. Hakimlər? Onlar sadəcə, alətdi.
 

CEYHUN ƏLİYEV

15 Dekabr 2018
14 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB