TOP 10

Ceyhun Sultanov “od püskürdü”: “Rəhim Həsənov bu matça “Neftçi”nin xal itirməsi üçün gəlmişdi”

Futbol
Tarix: 2018-12-01 20:30

Topaz Premyer Liqasının XIII turunun açılış matçından sonra “Neftçi” rəhbərliyinə “bıçaq vursaydın qan çıxmazdı”. Bu da başadüşüləndir. “Sabah” üzərində 2:1 hesablı qələbəyə rəğmən, komandanın 2 futbolçusuna qırmızı vərəqə göstərməklə yanaşı, qapısına penaltı də təyin edilən “ağ-qaralar”ın icraçı direktoru Ceyhun Sultanov Sport24.az-a verdiyi müsahibədə “od püskürdü”. 

 

- İndiyə qədər hakimliklə bağlı heç vaxt danışmamışıq. Heç danışmaq fikrimiz də yox idi. Hər bir insan hakimlik edirsə, ilk növbədə özünə hörmət etməlidir.  Heç kim heç kimin haqqına girməməlidi. Bunu hamı gördü ki, bu, haqqa girmək idi. Belə olmaz. Nədi-nədi ötən oyun lehimizə penalti veriblər, bunun dərhal əvəzini çıxmağa tələsirlər. Qapımıza penalti təyin edildi, iki futbolçumuza qırmızı vərəqə verildi. Bu, nə dərəcədə düzgündür? Baqali Daboya qarşı qayda pozuntusu var idi. Ancaq hakim penalti əvəzinə Daboya ikinci sarı vərəqə göstərdi. Rəhim Həsənov bu matça “Neftçi”nin xal itirməsi üçün gəlmişdi. Sağ olsun, uşaqlar, sonadək mübarizə aparıb qələbə hesabını qoruya bildilər. Hər kəs öz haqqını almalıdır. Belə özbaşınalıq olmaz. Bunu Allah da götürməz. Biz ədalətli hakimlik istəyirik, artığına ehtiyacımız yoxdur.

 

- Qeyd etdiniz ki, Rəhim Həsənov ötən tur komandanızın lehinə verilən səhv penaltinin əvəzini çıxırdı. Axı, həmin görüşü o, idarə etmirdi...
- Rəhim görmüşdü ki, həmin penaltiyə görə Rauf Cabbarovun üstünə getdilər, belə hərəkət etdi. Göstərmək istədi ki, “Neftçi”yə çempion olmaqda hakimlər kömək etmir. 

 

- Həmkar dəstəyi?
- İndiyədək başıma gəlməyən hakimliklə rastlaşdım.

 

- Dabonun ikinci sarı vərəqə epizodu. Sizcə, həmin epizodda hakim hansı qərarı verməli idi?
- Dabonu yıxdılar. Rəhim “Sabah”ın futbolçusuna qırmızı vərəqə göstərməli, qapılarına penalti təyin etməli idi. Ancaq bunun əvəzinə hücumçumuza qırmızı vərəqə göstərdi. Niyə? Hələ oyuna da 6 dəqiqə əlavə etdi. Epizodların təkrarına baxacağıq. Ancaq görünən budu ki, bizə qarşı bir iş aparıldı. Hesab edirəm ki, Rəhim Həsənov oturub düşünər ki, düzgün iş görməmişəm.


-    Qalib gələn komandanın hakimlikdən narazı qalmasına nadir hallarda rast gəlinir. Ancaq görünən budu ki, rəsmi etiraz etməyi düşünürsünüz...
-    Birmənalı şəkildə. Protokolda öz etirazlarımızı rəsmi qaydada qeyd edəcəyik. Baqali Dabonun epizoduna görə etiraz edəcəyik. Yekun qərarı Apellyasiya Komitəsi verəcək. Ancaq bizim fikrimiz qətidi. Hər halda, hakimlər bunu istəməsə də, biz lazım olan 3 xalı qazandıq.
 

CEYHUN ƏLİYEV

15 Dekabr 2018
14 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB