TOP 10

Diqqət Dublinə: millimiz üçün ən arzuolunan qrup

Futbol
Tarix: 2018-12-01 09:52

Sabah Dublində Avropa çempionatının seçmə qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək. Məlum olduğu kimi, Azərbaycan milli komandası 5-ci səbətdə yer alacaq. Bəs, Qurban Qurbanovun başçılıq etdiyi yığmamıza hansı rəqiblər arzuolunan sayıla bilər, hansılar isə ən arzuolunmaz? Düzdü, bu materialı hazırlayarkən, gözümüzün önündən Millətlər Liqasının göstəricilərini keçiririk. Ancaq həyat davam edir və nə qədər futbol varsa, bu idman növünün təbliğatı missiyasını daşıyacağıq.

 

Başlayaq arzuolunmaz qrupdan. İlk səbətdə Belçika, Fransa, İtaliya, İspaniya, Xorvatiya və Polşa yığmaları yer alıb. Son iki yığma komanda tarix ərzində millimizə rüsvayçı məğlubiyyətlər yaşadıb. Digər 4 kollektivə gəlincə, bunlar arasında yalnız Belçika dünya çempionu titulunu qazanmayıb. Hərçənd, reytinq sıralamasında Avropada hamıdan öndədirlər. Göründüyü kimi, imkan olsa 1-ci səbətdən ümumiyyətlə, rəqib seçməzdik. Ancaq ən pis nəticəmizi xatırladıqda, Fransadakı “Oser faciəsi”ni göz önünə gətiririk və belədə, məhz “üçrənglilər”lə qarşılaşamaq heç də arzu oluna bilməz.

 

Növbəti səbətdə Almaniya varsa, digər rəqibləri təhlil etməyə dəyməz. Necə deyərlər, “alman maşını” ilə işimiz olmasa yaxşıdı.

 

Üçüncü səbətin sakinlərinə göz gəzdirdikdə Serbiya dərhal diqqət çəkir. 11 il əvvəl Şahin Diniyevin başçılığı altında yığma komandamız evdə 1:6 hesablı məğlubiyyətə uğrayıb. Ümumiyyətlə, balkanlar “ağına-bozuna” baxan deyil. Bu üzdən də püşkün millimiz üçün Serbiyanı tapmasını heç arzulamazdıq.

 

Dördüncü səbətin sakinlərinin qüvvələri təqribən eynidi: Macarıstan, Rumıniya, Yunanıstan, Albaniya, Monteneqro, Kipr, Estoniya, Sloveniya, Litva və Gürcüstan. Hər halda səviyyəcə hər biri millimizdən üstün olan yığmalara nəzər saldıqda yunanların millimizə qarşı məlum səbəblərə görə, digərləri ilə müqayisədə daha istəkli davranacağını proqnozlaşdırırıq. Elə bu üzdən də 2004-cü ilin Avropa çempionlarını “arzuolunmaz” libasına bürüyürük.

 

Altıncı səbətə gəlincə, bir tək Maltanın adını çəksək bəs edir. Millətlər Liqasında qalib gələ bilmədiyimiz adalılarla görüşməsək yaxşıdı.

 

Beləliklə, millimiz üçün ən arzuolunmaz qrup belə olardı: Fransa, Almaniya, Serbiya, Yunanıstan, AZƏRBAYCAN, Malta.

 

İndi də nisbətən uğurlu püşk versiyasına nəzər salaq. Yuxarıda qeyd etdiyimiz kimi, 1-ci səbətdə arzuolunan rəqib tapmaq mümkünsüzdü. Ancaq ən arzuolunmazların içində nisbətən insaflıya oxşayanı Belçikadı. Hər halda, bu yığma son mundialın bürünc  mükafatçısı olsa da, tarixə nəzər saldıqda, belçikalılarla nisbətən oynamağı bacarmışıq.

 

İkinci səbətdə ən arzuolunan rəqib qismində Hannes Haldorsonun şərəfini qoruduğu İslandiyanı seçərdik. 

 

Üçüncü səbətdə bir neçə Skandinaviya təmsilçisi yer alır ki, bu ölkənin klubları ilə də, yığmaları ilə də zaman-zaman uğurlu nəticələrimiz olub. Üstünlüyü Finlandiyaya verərdik.

 

Dördüncü səbətdə sabiq müttəfiqlərimiz Litva ən münasib rəqib kimi görünür. Bura Estoniya millisini də əlavə etmək olar. Düzdü, gürcülər də qorxunc görünməyə bilər. Ancaq qonşularımızın Millətlər Liqasındakı çıxışını yada saldıqda... Yox, elə salamatı Litvadı.

 

Sonuncu səbətdən isə San-Marino çıxsa, bu yığmayla görüşlərdə 6 xal qazanmaq şansımız real olar.

 

Beləliklə, ən ideal püşkü belə görürük: Belçika, İslandiya, Finlandiya, Litva, AZƏRBAYCAN, San-Marino. Necədi, yarayar? 

 

CEYHUN ƏLİYEV
 

15 Dekabr 2018
14 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB