TOP 10

Mircavadov "Qarabağ"a psixoloji durumdan çıxmağın yolunu göstərdi: "Bax, bu "niyə"ni tapmaq, onu düzəltmək lazımdı"

Futbol
Tarix: 2018-11-30 18:00

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində son ev matçında böyükhesablı məğlubiyyəti ümumilikdə Azərbaycan futbolu üçün ağır nəticə oldu. Buna ən çox məyus olanlardan biri Ağdam klubunun sabiq baş məşqçisi, ona ilk çempionluğu, "qızıl dubl"u qazandıran Ağasəlim Mircavadovdu. AFFA Məşqçilər Komitəsinin də üzvü olan 71 yaşlı mütəxəssis Sport24.az-a müsahibəsində bir çox mətləblərə toxundu.

 

- "Qarabağ"ın 1:6 hesablı darmadağınını necə qəbul etdiniz? Soyuq başla ağır məğlubiyyəti necə analiz edərdiniz?

- Desəm, bir az pis çıxar, ancaq inanın mənə ki, oyun qurtarıb, ancaq hələ də televizora baxırdım. Guya ki, matç gedir. Sonra həyat yoldaşım dedi ki, oyun qurtarıb. Başa düşürsünüz, necə təsir altındaydım? Çıxmışam eyvana, 10 dəqiqə soyuqda hava qəbul etmişəm, gecə 3-ün yarısı yatdım. Yəni sözümün canı odur ki, başqalarını deyə bilmərəm, özümdən danışıram, "Qarabağ" mənə əzizdi. 5 il orda çalışmışam, bu, hələ Ağdam işğal olunmayan vaxtlar idi. Uduzmaq olur, söhbət ondan getmir. Məlum şeydi ki, rəqib səndən güclüdü. Ümumiyyətlə, struktur, oyunun gedişatı, səhvlər gəlib çıxır belə nəticələrə. İndi axı, əlaqələndirmək lazımdı. Bizdə çox qəribə hal alıb ki, yığma uduzanda futbolçuları söyürlər, danlayırlar. Ancaq həmin futbolçular yığmaya hardan gəlir - klublardan, elə deyil?

 

- Əlbəttə, birmənalı şəkildə....

- Əsas klublarda iş düzgün olmalıdı. Niyə gənc futbolçuları inkişaf etdirmirlər? Kim deyir ki, yoxdu, səhv fikirdi. Sadəcə, potensialı açmaq, düzgün işləyə bilən məşqçilər lazımdı. Futbolçularla fərdi məşqlər edilməlidi. Bunlar olmasa, böyük nəticələr olmayacaq. Ola bilər ki, klub çempion olsun, Çempionlar Liqasının və ya Avropa Liqasının qrupuna çıxsın. Ancaq orda uğur olmayacaq, çünki bunu reallaşdıran inkişaf o dərəcədə deyil. Niyə gənc futbolçular son illərdə oynamırlar? Meydana çıxanda da ağır oynayırlar. Nə üçün? Həmişə Kosovo yığmasında 7 nömrəli futbolçunu (Miloş Raşitsa-müəllif) misal çəkirəm. Yarımmüdafiənin sağ cinahında oynayan solaxay futbolçunu. O uşaq 2 qol vəziyyəti yaratdı, komanda yoldaşını 2 dəfə təkbətək çıxardı. Məgər bizdə elə uşaqlar yoxdu?

 

- Sizcə, var?

- Çoxdu, inanın mənə. Onları üzə çıxaran məşqçilər lazımdı. İstəmirəm ki, gənclərlə işləyən məşqçiləri danlayaq. Onlar da işləyirlər. bir söz demirəm. Ancaq ümumiyyətlə,gənc futbolçuları üzə çıxara, onların səviyyəsini qaldıra bilmirlər. Bundan söhbət edək. Bəli, dünən pis, ağır məğlubiyyət aldıq. Bu, Azərbaycan futboluna pis təsir edir, çünki belə götürəndə, "Qarabağ" liderdi.

 

- Hesab etmirsiniz ki, "Qarabağ"da heyətlə bağlı köklü islahaltlar aparmaq, yeni gənc futbolçuları daha çox oynatmaq lazımdı? Necə ki vaxtilə Maksim Medvedev və digər gənclərə güvənildi, onlar millimizin də uzun illər aparıcı futbolçuları oldular...

- Gəncləri üzə çıxarmaq və onlarla işləmək lazımdı. Biri var hazır futbolçu gəlir, biri də var yetişdirirsən. Əsas məsələ ondan gedir ki, futbol həmişə inkişafdadı. Ona görə də çempion olan komanda 6 ay qabaq bunu göz önünə gətirərək hansı mövqeləri gücləndirmək lazım olduğunu fikirləşməlidi. Ya yerli futbolçuları axtarıb tapır, onların üzərində işləyirlər, ya da ölkə kənarından hazır futbolçu gətirirlər. Ancaq xaricdən güclü futbolçular Azərbaycana gəlmir axı. Gəlmək də istəmir, böyük pul da versən. Gəlsələr də, 2-3 ay oynayacaqlar, sonra bizim səviyyəyə gəlib düşəcəklər. Buna görə də ilk növbədə çempionatımızın səviyyəsini qaldırmaq lazımdı. Sayı da əsasən keyfiyyətlə artırmaq. 

 

- Fakt odur ki, hər bir klubumuzda, o cümlədən "Qarabağ"ın əsas gücünü legionerlər müəyyənləşdirməlidi. Düşünmürüsünüz ki, yay transferləri ümidləri doğrultmadılar?

- Bu haqda dərindən fikir bildirə bilmərəm. Çünki gətirilən futblçularla tanış da deyiləm, məşqlərini də görməmişəm. 

 

- Oyunları kənardan görünür. Buna əsasən necə qiymət verərdiniz?

- Oyun göstərir ki, "Qarabağ"ın yeni legionerləri əvvəlkilərlə müqayisədə zəifdirlər. Bu, mümkündü. Ancaq deyim ki, lap zəifdirlər, yox. Vaxtilə hansısa ölkələrdə yaxşı oynayıblar və "Qarabağ" buna görə onları heyətinə cəlb edib. 

 

- Həmin legionerlərdən islandiyalı Hannes Halldorssonu götürək. Son dünya çempionatında Lionel Messinin penaltisini dəf edən bu qapıçıdan hamı ağızdolusu danışırdı. Ancaq dünənki matçda hesab 1:1 olarkən kobud səhv edərək komandasını "sındırdı"...

- Gəlin, belə danışaq. İslandya yığması son dünya çempionatına necə çıxış etdi?

 

- Zəif, qrupdan çıxa bilmədi...

- Bundan 2 il öncə Avropa çempionatında necə çıxış etmişdi?

 

- Çox yaxşı. Debütdəcə qrupdan çıxaraq 1/4 finaladək irəliləmişdi...

- Qurtardı getdi. Deməli, bu yığmada da fərq var, futbolçularında da. "Qarabağ"a da demirəm ki, niyə onu gətirdin, bunu gətirmirsən. Bu, daxili işləridi, qarışmaq fikrim də yoxdu. Bu qapıçını seçdilər, o da razılıq verdi. Hannesi avrokuboklara görə gətirmişdilər. Bu təcrübəli qapıçı da belə səhv etdi. Açıq deyim ki, İbrahim Şehiçi həmişə üstün tutmuşam. Çünki həm əllə, həm ayaqla yaxşı oynayırdı, "çərçivə"də etibarlı idi. O fikirlə demirəm ki, niyə Şehiçi buraxdınız, bunu aldınız. Yox, o niyyətim də yoxdu. Hər klubun futbolçu almaqla bağlı strategiyası var. Hamı kimi mən də Hannesə ümidli idim, çünki İslandiya yığmasının "1 nömrəsi"di, böyük təcrübəsi var. Ancaq yığmasıyla iki turnir arasında böyük fərq oldu. Buna baxmayaraq, Hannesə inandılar, o da bunu doğrultmadı. Olur belə şeylər. İslandiyalının artıq 34 yaşı var. O gün PSJ - "Liverpul" matçında 40 yaşlı Canluicci Buffona baxdım. İlahi, necə oynayırdı... Fikirləşirəm ki, Buffonda hələ 1-2 il də oynamaq gücü, istəyi var. Məndə də olub ki, təcrübəli futbolçuya inanmışam, çağırmışam. nəsə alınıb, nəsə yox. Elə başa düşürəm ki, "Qarabağ"ın braziliyalı qapıçısı Vaqner Silva çoxundan güclüdü. Ola bilər ki, psixoloji durum elə olmadı, belə alındı. Futbolçularla işləmək lazımdı, əsasən də psixoloji planda. 

 

- Həm Kosovoya, həm də "Sportinq"ə darmadağında erkən qollar buraxırıq. Niyə belə olur? Nə üçün matça yaxşı başlaya bilmirik, kobud səhvlərdən sonra özümüzə gələ bilmirik?

- Əlbəttə, bunu analiz etmək lazımdı. Bu, məlum şeydi. Həmişə ona üstünlük vermişəm ki, komanda buna alışması üçün ilk 15 dəqiqədə öz cərimə meydanında çox sakit olmalıdı. Çox amillər var. "Qarabağ"ın məşqçiləri özləri hamıdan daha yaxşı bilər ki, niyə belə olur. Çünki onlar millidə də işləyirlər. Nə olmasa belə, "Qarabağ"ın 2 müdafiəçisi millidə də əsas heyətdə çıxış edir. Buna görə müəyyənləşdirmək lazımdı ki, niyə belə səhvlər olur, niyə erkən qollar buraxırlar. Yəni veriləcək suallar da çoxdu, onlara cavab axtarmaq lazımdı. İndiki halda, əsas müsbət amil bu, olmalıdı ki, "Qarabağ"ın futbolçuları özlərinə gəlsin. Olur belə nəticələr. Futbolun qaydası belədir ki, hansısa bir mərhələdə psixoloji durum pis olur. Ancaq əsas budu ki, futbolçular özlərinə gəlsin. Necə ola bilər ki, futbolçu əvvəlcə yaxşı oynasan, indi pis? Belə olmur axı...Yaxşı futbolçu niyə birdən zəif çıxış edir? Bax, bu "niyə"ni tapmaq, onu düzəltmək lazımdı.

 

- "Qarabağ"lılar iki cəbhədə iştirak edərək sonda mübarizəni ağır məğlubiyyətlə dayandırdılar. Belə ssenarini gözləmək olardı?

- Gözlənilir deyəndə ki, builki "Qarabağ" çempionatda çox xal itirib. Yadıma gəlmir ki, "Qarabağ" yaxşı olan vaxtında bu qədər xal itirsin. Bunu görməmişəm. Ümumi durumu düzəltmək lazımdı ki, futbolçular özlərinə gəlsinlər. Bu da məşqçilərin üzərinə düşür. Onlar psixoloji durum üzərində həddən çox işləməlidirlər.

 

- Məsələn, siz baş məşqçi olanda belə uğursuz matçlardan sonra futbolçuları psixoloji durumdan necə çıxarırdınız?

- Bu, ilk növbədə şəraitə baxır. Ən əsası, oyunçulara futboldan danışmaq lazım deyil, onları tam kənara çıxarmaq lazımdı. Mən "Neftçi"də işləyəndə də belə uğursuz qarşılaşmalar olub, "Xəzər Lənkəran"da da. Məsələn, "Neftçi"də olanda dəniz kənarına çıxarmışam və yaxud "piknik" etmişik. Bir günümüz belə olub. Məşq olmayıb, kollektiv söhbətlərimiz olub. Hətta futbolçulara demişəm ki, nişanlın və ya həyat yoldaşınla gəlib istirahət edə bilərsən. Lənkəran tərəfdə asandı, çünki oralar təbiətin qoynudu, mənzərəli yerlərdi. Lerik tərəfə çıxırsan, hər tərəf meşəlikdi, dincəlməyə çox yer var. Bir sözlə, belə anlarda bir günlük futboldan uzaqlaşmaq lazımdı. 

 

- "Qarabağ" sıx qrafikdə çıxış edir. Bunu necə edə bilərlər? Ümumiyyətlə, dediyinizin köməyi ola bilər?

- Əlbəttə, indi onlara psixoloji kömək lazımdı. Əsasən də azarkeşlər, "Qarabağ"sevərlər etməlidi. Niyə komanda udanda yanında olursan, uduzanda kənarda? Belə olmur axı. Mühiti dəyişmək lazımdı. Onu da deyim ki, "Astana"nın Kiyev "Dinamo"suyla matçına da baxdım. Riçard Almeyda da çox zəif oynadı. Millimizin üzvüdü, baş məşqçisi onu əvəzlədi. Bu, o demək deyil ki, Almeyda millimizdə zəif oynayır, orda əla. Belə bir şey yoxdu. Almeydanı 2 ay öncə Kiyevdəki matçda da gördüm. Onda Ukraynada idim. Almeyda onda tam başqa cür oynayırdı, qaçırdı, məhsuldar ötürmə verirdi. Nəsə yorğunluqdu, psixoloji durumdu, bunu axtarıb tapmaq lazımdı. 

 

- Komanda hesabda geri düşəndə, artıq fasilədə əvəzləmələrin, oyuna müdaxilələrin tez edilməsi nə qədər vacibdi?

- Gəlin, belə danışaq. Biz qıraqdayıq, işin içində deyilik. Hər bir insanın əvəzləmələrlə bağlı öz fikri ola bilər. Bunun söhbəti yoxdu. Məşqçilər futbolçunun fiziki, psixoloji durumunu daha yaxşı bilirlər. Çünki daim onlarla işləyirlər. Dani Kintananı götürək, zədədən sonra hələ də özünə gəlməyib. Həmin Dani deyil, açıq danışaq. Futbolçu əvəzetməsi çox incə məsələdi. Bu məsələdə həmişə baş məşqçinin tərəfində olmuşam. O, hər şeyi görərək daha yaxşısını bilir. 

 

- "Sportinq"lə matç "Qarabağ"ın kapitanı Rəşad Sadıqov üçün əlamətdar qarşılaşma idi. Çünki avrokuboklarda 100-cü oyununu keçirmişdi ki, bunlar arasında sizin də rəhbərliyiniz altında - "Neftçi"də də matçlar var. Keçmiş yetirməniz belə ələmatdar günündə belə arzuolunmaz məğlubiyyət yaşadı və ona görə daha çox təəssüf doğurur...

- Əlbəttə, Rəşadın arzusu bu idi ki, matç yaxşı qurtarsın. Hər bir futbolçu, məşqçi yubiley oyununun uğurlu nəticələnməsini istəyər. Bu. tarixə düşür. Ancaq qismətdi. Futbolun da özəllikləri var. Amma bir şey var ki, hər şeyə, nüansa hazır olmaq lazımdı. Kimin ağlına gələrdi ki, Bakıda 6-7 əsas futbolçusu olmayan "Sportinq" belə qalib gələr? Mənə də sual verildi ki, "Sportinq"də gənclər olacaq, qələbə şansımız artır. Cavab verdim ki, daha ağır olacaq. Baxın, Lissabondakı matçda "Sportinq"in bütün futbolçuları meydandaydı, uzun müddət heç-heçə idi, "Qarabağ" layiqincə oynadı. Ancaq gənc futbolçuları meydana buraxanda, onlar əsas heyətə düşmək, onun tam hüquqlu üzvü olmaq üçün daha çox çalışacaq. Bu, futbolun qanunudu. Dünən də həmin gənclər əllərində gələni etdilər ki, nəticəsi də göz qabağındadı. İstənilən halda, azərbaycanlı futbolçu üçün bu göstərici böyük nailiyyətdi və Rəşadı təbrik edirəm. O, ağır vəziyyətdən çıxa bilər, çünki xarakteri var. 

 

 

MEHMAN SÜLEYMANOV

 

 

15 Dekabr 2018
14 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB