TOP 10

“Qarabağ”ın diaqnozu: yorulub, tükənib, doyub

Futbol
Tarix: 2018-11-30 09:52

1:6 -  acıdı, amma reallıqdı. 1:6 – sonuncu dəfə Bakıda hansı komandadan bu sayda qol buraxdığımızı çətin ki, kimsə xatırlaya. 1:6 – bu cür məğlubiyyət son illər ölkə klub futbolunu çiyinlərində daşıyan “Qarabağ”a yaraşmırdı. 1:6 - ...

 

Jezniçakın epizodunda hakim “Sportinq”in nüfuzu qarşısında Azərbaycan çempionunun qapısına penalti təyin etdi. Analoji epizod əks qapı qarşısında olsaydı, göstərməzdi. İkinci qol Haldorssonun kobud səhvindən sonra vuruldu. “Sportinq”in 3-cü qolunda Nani ağdamlıların 5-6 futbolçusunu bir-birinə qatdı. Sonuncu aldatdığı Rəşad Sadıqov idi. Dördüncü qolu Donald Gerye gətirdi... və s. və i.

 

Bəhanələr axtardıqda həmişə tapmaq mümkündü. İndi isə gəlin, bəhanələri kənara qoyub, reallıqlarla yaşayaq. Azərbaycan çempionu həm yorulub, həm tükənib, həm də doyub. Bu heyət, bu komanda ölkə klub futbolu tarixinə adını qızıl hərflərlə yazdırdı. Ancaq hər bir nağılın sonu olduğu kimi, bu yüksəliş də finişə çatıb.

 

“Yorulub” deyərkən cari mövsümü nəzərdə tuturuq. Millinin sıralarında 6 rəsmi oyun, “Qarabağ”la avrokubok yolu və ölkə çempionatı. “Sabah”a nə qədər hörmətlə yanaşsaq da, Topaz Premyer Liqasının debütantı ağdamlılardan xal almaq gücündə deyil. Lakin “süvarilər” çox, lap çox yorulublar. Özü də həm funksional, həm də psixoloji. Bu yorğunluq da qış fasiləsinə yaxın özünü çılpaqlığı ilə büruzə verir.

 

“Tükənib” deyərkən bu komandanın maksimal potensialı artıq arxada qoyduğunu nəzərdə tuturuq. Yaradılmış “maşın”ın zirvəsi ötən mövsümə təsadüf etdi və Azərbaycan tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsini Bakıda gördü. İndi yüksəliş sona çatıb və “Qarabağ” enişdədi.

 

“Doyub” ifadəsi altında yerli və beynəlxalq arenada qazanılan uğurları nəzərdə tuturuq. Əlbəttə, ayrı-ayrılıqda hansı futbolçunu dindirsən, “çempionluqdan, avrokubok uğurundan doymaq olmaz” deyəcək. Lakin praktika tam əksini göstərir. Özü də söhbət nə tək “Qarabağ”dan getmir, nə də Azərbaycan təmsilçilərindən. Bu, bütün dünyada belədi. Ardıcıl uğurları sıralayan istənilən komanda köklü dəyişikliklərə ehtiyac duyur. 

 

Deməli, “restart”a ehtiyac var. Bunu baş məşqçi də görür. Lakin qış fasiləsində ciddi islahatlar aparmaq mümkün deyil. Sanballı futbolçuları yayda əli çıraqlı tapmaq çətindirsə, mövsümün ortasında bu, demək olar, mümkünsüzdü. 

 

Azərbaycan futboluna “Qarabağ” lazımdı. Hətta hazırda əsas rəqibi “Neftçi”yə hamıdan çox lazımdı. Rəqabət olmalıdı ki, qitəmiqyaslı arenada nələrəsə ümid edək. Əlimizə balta alıb 1:6-ya görə “süvarilər” yıxıb-sürüməkdən asan bir iş yoxdu. Lakin Azərbaycan futbolu naminə yıxılana balta çalmayaq, əksinə, ayağa qalxmasında yardımçı olaq. Yardımçı olaq ki, ölkə futbolunun sabahı buludlu görünməsin.
 

CEYHUN ƏLİYEV

 

P.S. Yayda edilən transferlərin heç biri özünü doğrultmadı. Bir tək Zubiri pozitiv qələmə vermək olar. Ancaq xatırlayanda ki, daha öncə eyni mövqedə Pedro oynayırdı... 

15 Dekabr 2018
14 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB