TOP 10

Qurban Qurbanov: “Biz başqa oyun planlaşdırmışdıq”

Futbol
Tarix: 2018-11-30 00:19

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində "Sportinq"ə evdə 1:6 hesabıyla uduzduqları qarşılaşmadan sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, təcrübəli çalışdırıcı öncə oyunu dəyərləndirib.


- Çox üzücü məğlubiyyət idi. Bu gün rəqibin tam gücünü bildik. Ən yaxşı oyunlarından birini oynadı bəlkə. Rəqib sürətli, səndən çox üstün oynayır. Yaxşı danışılacaq bir şey yoxdu. Oyun rəqibin bizdən nə qədər güclü olduğunu göstərdi.


- Komandanın oyunundan ümumilikdə razı qaldınız?
- Əlbəttə ki, yox.


- Ən çox hansı mövqedən narazı qaldınız? Hansı futbolçular sizi qətiyyən razı salmadı?
- Rəqib hərtərəfli bizdən üstün oynadı. Desəm ki, hər hansı mövqedə yaxşı oynadıq, düzgün olmaz. Portuqaliyanın ən yaxşı uşaq futbol klubu "Sportinq"di. Onların oyunçu seçimi həddən çox yüksək səviyyədədi. Onların topla işləməsini hamınız gördünüz. Avropa futbolu bizim üçün bundan da yuxarı səviyyədədi. Özümüzü aldatmalı deyilik. Çox komponentlərdə zəifik. Bəzən xarakter, istək hesabına nəticə qazanmışıq. Rəqib səndən üstün olanda isə çox səhvlər edirsən və rəqib bu xətaları bağışlamır. 


- Bu oyun real gücümüzü göstərdi. Kosovoya məğlubiyyətdən sonra da bu ifadəni işlətmişdiniz. Millimizin baş məşqçisi, AFFA İcraiyyə Komitəsinin üzvü kimi inkişaf planlarınız, layihələriniz var?
- Həqiqəti deyirəm. Hər şeyə real baxmalıyıq. İnkişaf barədə danışsaq, hər şeyə yenidən, sıfırdan başlamalıyıq. Avropa klubları bizdən qat-qat üstün səviyyədədi. Biz kiçik ölkələr belə oyunlarda ancaq təcrübə qazanırıq. Futbolçular öz üzərlərində daha çox çalışmalıdı. Ən çox təəssüf etdiyim Bakıda belə hesabla uduzmaqdı. Evdə heç kimə məğlub olmaq istəmirəm. Böyük bir inkişaf olmalıdı ki, belə rəqiblərə qarşı mübarizə apara, müqavimət göstərə bilək. Güclü rəqiblərə qarşı mübarizə apardığımız olub. Göründüyü kimi, Avropada futbol çox sürətlə inkişaf edir. 


- Futbolçular meydana şəhid övladları ilə çıxmışdılar. Bu, kiçik motivasiya deyildi. Niyə bunu meydanda görmədik?
- İstəməzdim ki, belə qollar buraxaq. Əvvəlcə penaltidən buraxdıq. İkinci qolu elə buraxmalı deyildik. Deməzdim ki, motivasiya yox idi. Qol da vurduq. Bəzi düşündüyümüz hücumlar da alındı. Deməzdim ki, daha artığını edə bilərdilər. Rəqib topla çox yaxşı oynadı. Biz başqa oyun planlaşdırmışdıq. İstəyirdik ki, topa daha çox sahib olaq. Xırda amillər ki, oyunun nəticəsinə təsir edirlər. Hər halda, düşünürdülər ki, hansı uşaqlarla meydana çıxıblar.

 

MEHMAN SÜLEYMANOV

15 Dekabr 2018
14 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB