TOP 10

Millidə “inqilab” edilməlidi: 2020-yə yeni nəfəslə

Futbol
Tarix: 2018-11-23 19:26

Bitdi. İllüziyalara Priştinada “üç nidalı fatihə” verildi. Milli Vətənə “əli ətəyindən uzun” döndü. Arxaya boylanarkən nəyi görürük? Qaranlıqdı. Heç bir şey görünmür. Bəlkə də fənər salıb nələrisə seyr etmək mümkündü. Ancaq istəyirikmi? 

 

Bu gün Kosovo – Azərbaycan matçının “3-ü”dü. Həmin axşam Priştinada əsas heyətdə meydana çıxanların nəyə qadir olduqlarını gördük və bir daha əmin olduq ki, böyük hədəflər uğrunda bu nəslin futbolçuları mübarizə aparmaq iqtidarında deyillər. Qarşıdan Avropa çempionatının seçmə qrup mərhələsi gəlir. Millimiz dekabrın 2-də atılacaq püşkdə 5-ci səbətdə yer alacaq ki, bu da hansısa xəyallar qurmamağın əyani sübutudu. Çünki zəiflər arasında güclü ola bilməyən millidən elitar rəqiblərlə tarix yazacağını gözləmək sadəlövhlükdü!

 

Deməli, fövqaladə qərarlar qəbul edilməli, perspektiv planlar hazırlanmalıdı. Başqa sözlə, gələcəyin, yaxın gələcəyin yığmasını formalaşdırmağın əsl zamanıdı. AÇ-nin seçmə mərhələsinə də məhz gələcəyin yığmasını formalaşdırmaq prizmasından yanaşılmalıdı. Məhz bu cür yanaşdıqda hənsı mənzərənin formalaşmasını diqqətinizə çatdırırıq. Yəni, yeni nəslin perspektivli futbolçularına geniş şərait yaradılmalı və tək yoxlama oyunlarında deyil, rəsmi qarşılaşmalarda da onların təcrübə qazanması üçün imkan verilməlidi. Söhbət 2020-ci ildə keçiriləcək və millimizin D Liqasında mübarizə aparmağa başlayacağı həmin ilin sentyabr ayından gedir. Qarşıda təxminən 2 il var. Biz də təxmin etdiyimiz futbolçuların məhz 2020-nin axırlarında neçə yaşlarının olacağı prizmasından yanaşacağıq.

 

İlk olaraq qapı xəttinə nəzər salaq. Kamran Ağayevin həmin vaxt 34 yaşı olacaq. Gəncləşdirmə siyasətinə üz tuturuqsa, çərçivə fərqli simaya həvalə olunmalıdı. Doğrudu, Dino Dzoff 40 yaşında dünya çempionu olmuşdu. Ancaq nə Kamran Dzoff deyil, nə də Azərbaycan İtaliya. Hazırkı duruma görə ən ideal namizəd Səlahət Ağayevdi. Həmin vaxt Səlahətin 29 yaşı olacaq ki, qapıçı üçün karyeranın zirvə nöqtəsi məhz bu yaşda olur. Müdrikləşir, təcrübəsi artır, oyun oxumaq qabiliyyəti ideal olur. Səlahətlə “1 nömrə” uğrunda mübarizə aparmaq uğrunda əsas namizədlər Emil Balayevlə Rəşad Əzizlidi. Lakin Əzizli ilk növbədə oyun praktikası qazanmalıdı. “İstedadlı qapıçı” statusu milli qapılarının açılması üçün yetərli ola bilməz.

 

Mərkəz müdafiəçisi tandeminə gəlincə, 2020-də 29 yaşı olacaq Bədavi Hüseynov bir yerə möhürünü vurmalıdı. Onun yanında isə Rahil Məmmədov və Bəhlul Mustafazadənin şans qazanmaq zamanı yetişib. Xüsusilə, Rahilin əsl oynayan vaxtıdı. 23 yaşlı müdafiəçi AÇ-nin seçmə tsiklində yetərincə şans qazansa və öz üzərində işləsə Bədavinin yanında oynamaq potensialını tam aça bilər.

 

Müdafiənin sağ cinahında iki ildən sonra 25 yaşı tamam olacaq Abbas Hüseynov bişməlidi. Hazırda 23 yaşı olan cinah müdafiəçisi yüksək sürətə sahibdi. Qarşıdakı 2 il ərzində meydançanı görmək qabiliyyəti və milli təcrübə qazanacağı təqdirdə, növbəti Millətlər Liqası tsiklində yığmamızın əvəzolunmaz simasına çevriləcək. Bu mövqedə Abbasla yanaşı, gənc Ömər Buludovun da adını çəkərdik. Bəli, 2020-ci ildə “Neftçi”nin müdafiəçisinin heç 22 yaşı tamam olmayacaq. Ancaq indidən bu futbolçunun üstündə işləmək lazımdı. Futbolçu potensialımız o qədər də zəngin deyil ki, istedadları itirmək hüququmuz olsun. Əks cinahda isə universallıqları ilə seçilən iki namizədin adını çəkərdik. Həmin vaxt 31 yaşı tamamlanacaq Maksim Medvedevi heyətdən sıxışdırmağa əsas namizəd karyerasını sol cinah müdafiəçisi kimi başlamış və 2020-ci ildə 23 yaşı olacaq Sərtan Taşkını göstərərdik. Taşkın AÇ-nin seçmə tsiklində milli təcrübə toplasa, Millətlər Liqasında yığmamız üçün ekstra-faydalı ola bilər.

 

Dayaq yarımmüdafiəsi də düşündürən mövqelər sırasındadı. İlk baxışdan Qara Qarayev əvəzolunmaz fiqur kimi görünsə də, bu mövqeyə də “əlcək atmaq” iqtidarında olanlar var. Bu sıralamaya 2020-ci ildə 30 yaşda olacaq “Sumqayıt”ın futbolçusu Əli Babayevi və hazırda Qarayevlə komanda yoldaşı olan Coşqun Diniyevin adını çəkə bilərik. Mərkəz yarımmüdafiəçisi yerinə gəlincə, Riçard Almeydanın “qatarı getdi”. “Astana”ya keçməklə start heyətinə düşə bilməyən braziliyalı yarımmüdafiəçi plastikliyini də itirib. Unutmayaq ki, 2020-ci ildə Riçard 32 yaşın astanasında olacaq. Bu səbəbdən də həmin vaxt 28 yaşı olacaq Emin Mahmudova indidən bol şans vermək zamanı yetişib. Elə İsmayıl İbrahimli və Hacıağa Hacılı da U-21 səviyyəsini tez aşmağa cəhd göstərməlidirlər. Belədə, əsas millinin qapıları da bu gənclərin üzünə açılmalıdı.

 

Sol cinah yarımmüdafiəçisi mövqeyində Araz Abdullayevin hazırkı mövqeyi möhkəm görünür. Millətlər Liqası zamanı 28 yaşı olacaq vingerə “əlcək atmaq” iqtidarında olan futbolçular arasında 1 nömrəli namizəd hazırda 23 yaşı olan Namiq Ələsgərovdu. Təki zədələr istedadlı yarımmüdafiəçidən yan keçsin. Yarımümdafiənin əks cinahında isə son zamanlar yalnız əhalisi 50 min olmayan Farer adalarına qol vurmaqla yadda qalan Mahir Mədətova əsl rəqabət yarada biləcək isim var. Söhbət 22 yaşlı Fəhmin Muradbəylidən gedir. Muradbəyli bu cür, Mədətov da indiki kimi davam etsələr, Fəhmin millinin sağ cinahına daha layiqli olacaq.

 

Hücumameylli yarımmüdafiəçi (“yalançı”, yaxud 2-ci hücumçu) obrazında yeni nəfəsə ehtiyac danılmazdı. Bu mövqeyə əsas namizəd “Sumqayıt”ın “10 nömrə”si Aleksey İsayevdi. Yüksək sürət, əla driblinq və meydanı görmək bacarığı ilə seçilən 23 yaşlı futbolçu əslində Kosovo ilə oyunda olduqca faydalı ola bilərdi. Lakin “Kosovo qatarı” arxada qaldığından bizə 2020-ci ildəki Millətlər Liqası lazımdı. Həmin vaxt isə İsayevin 25 yaşı olacaq. İsayevlə yanaşı daha bir kreativ “10 nömrə” millinin yaxın gələcəyini formalaşdıra bilər. Söhbət 25 yaşlı Rəhman Hacıyevdən gedir. İndiki durumda Rəhmanın ən böyük problemi oyun praktikası sarıdan əziyyət çəkməsidi. İstedadlı yarımmüdafiəçi milli qapılarını açmaq istəyirsə, üzərində indikindən qat-qat çox çalışmalıdı ki, “Neftçi”də əsas heyət üzvünə çevrilməyi bacarsın.

 

Nəhayət, hücumçu məsələsi. Bu mövqeyə oyunçu axtarmaq üçün dağa-daşa düşməyə ehtiyac yoxdu. Mirabdulla Abbasov son 10 ildə ölkəmizdə yetişən ən yaxşı hücumçudu. Üstəlik, özündənrazılığı da yoxdu. Bu isə o anlama gəlir ki, Abbasovu funksional yükləmək lazımdı. “Aqaşka” 90 dəqiqə eyni tempi qoruya bilsə, nəinki millinin əvəzolunmaz simasına çevriləcək, hələ legioner həyatını da tezliklə yaşayacaq. Bu ampluada daha bir gənc Ramil Şeydayevdi. Lakin Sankt-Peterburq futbol məktəbinin yetirməsi indiki durumda milli haqda yox, özünə uyğun klub tapmaq barədə düşünməlidi. Parlaya bilsə, millimiz üçün yetərincə effektiv olacaq.

 

Sonda daha iki məqama toxunmaq istərdik. Qurban Qurbanov başda olmaqla, məşqçilər heyəti futbola baxış bucaqlarına əl gəzdirməlidirlər. Söhbət bütün oyunlarda eyni modeldən istifadə olunmasından gedir. Zəif rəqiblərə qarşı bu keçərlidi. Lakin bir qədər bərabər rəqib düşən kimi, milli ciddi problemlə üzləşir. Bu səbəbdən də mütləq və mütləq 4-4-2, 4-3-3, 3-4-3, 3-5-2 sxemləri də millimizin arsenalına daxil edilməli və rəqibə uyğun olaraq bu modifikasiyalardan istifadə edilməlidi. İkinci məqam isə milliyə namizədlərlə bağlıdı. Aydın məsələdir ki, namizədlər çərçivəsi elə də geniş deyil. Ancaq həmin futbolçular üçün xüsusi proqram tərtib edilməli, klub məşqçilərinə bu futbolçuların üzərində daha çox işlənilməsi tövsiyə olunmalıdı. Eyni zamanda, milliyə namizədlər məşqdən sonra maşınına minib əylənməyə yox, əlavə təmrinlər üzərində işləmək üçün daha 30-40 dəqiqə məşq etməlidirlər.

 

Kosovo məğlubiyyəti inqilabi dəyişikliklərə əl atmağın zamanının yetişdiyini əyani şəkildə göstərdi. Hər arxada qalan gün – itirilmiş gündü. Itirdiklərimiz yetər, irəliləmək üçün risk etmək lazımdı. Millidə nəsildəyişmə zamanı yetişib. Gözləməyə vaxt yoxdu.

 

 

CEYHUN ƏLİYEV
 

15 Dekabr 2018
14 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB