TOP 10

Millimizin 1-ci olmaq şansı: Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək?

Futbol
Tarix: 2018-11-16 12:00

Milli komandamız Millətlər Liqasının qrup mərhələsinin sonuna 2 tur qalmış 2-ci pilləni mühafizə edir. Kosovo ilə aramızda 2 xal var ki, bu da turniri 1-ci pillədə başa vurmaq şanslarımızı qoruyur. Hazırda kosovoluların 8, millimizin isə 6 xalı var. Maraqlıdı ki, sözügedən yığmaların vurduqları və buraxdıqları qolların sayı da oxşar durumdadı. Qurban Qurbanovun yetirmələrində bu nisbət 5-2, Kosovoda isə 6-2-di. Belədə, ortaya belə bir sual çıxır: yekun cədvəlində xallar eyni olsa, pley-offa hansı komanda yüksələcək?

 

Beşin ci turda millimiz evdə Farer adaları ilə üz-üzə gələcək. Həmin farerlilərlə ki, qrup mərhələsində yeganə qələbəmizi bu komanda üzərində, özü də səfərdə, özü də böyük hesabla əldə etmişik – 3:0. Eyni gündə Kosovo Maltanın qonağı olacaq. Maraqlıdı ki, qrupdakı əsas rəqibimiz əvvəlki iki qarşılaşmanın heç birində səfərdə qələbə qazanmayıb. Başqa sözlə, kosovoluların səfər sindromunun olduğunu iddia etmək olar. Belədə, Malta ilə görüşdə də xal itkisinə məruz qalacağı təqdirdə, Kosovo ilə xalları bərabərləşdirə bilərik. 

 

Aydın məsələdir ki, evdə 2 və daha çox top fərqi ilə qalib gələcəyimiz təqdirdə, Priştinada baş tutacaq son görüşdə yığmamızı istənilən hesablı heç-heçə qane edəcək. Çünki belədə, rəqibin saldosu +4 qalacaqsa, bizdə bu, +5 və ya daha böyük rəqəmlə ölçüləcək. Bəs, son tur öncəsi Azərbaycan və Kosovonun top fərqi də, vurulan və buraxılan qolların sayı da eyni olarsa, bərabərlik hansı yığmanı qane edəcək? Qaydalara əsasən, ilk baxılan maddə iki komanda arasındakı nəticələrdi. Nəzərə alsaq ki, Bakıda baş tutan görüş 0:0 nəticələnib, istənilən məhsuldar heç-heçə yığmamızı pley-offa aparacaq. Deməli, daha bir alternativi diqqətdən keçirməliyik. Söhbət son tur qarşılaşmasında da qolsuz bərabərliyin qeydə alınmasından gedir.

 

Qrup qalibini müəyyənləşdirmək üçün növbəti bənd hansı komandanın səfər matçlarında daha çox qol vurmasıdı. Yəni, səfərdə daha çox qola imza atan kollektiv üstünlük qazanır. İndiki vəziyyətdə millimiz 4 dəfə fərqləndiyi halda, kosovoluların aktivində cəmi 1 qol var. Göründüyü kimi, Maltada xal itirəcəkləri təqdirdə, aradakı 3 topluq fərqi aradan qaldırmaq şansları minimaldı. Bunun üçün Valettadakı görüşdə 3:3 hesabı qeydə alınmalıdı. Bu da futbolda nadir hallarda qeydə alınan nəticədi.

 

Ancaq əgər bu göstərici də eyni olsa, yenə də milimiz son göstəricidə də üstündür. Söhbət alınan sarı və qırmızı vərəqələrdən gedir. Belə ki, nə bizim yığma, nə də kosovoluların passivində qırmızı vərəqə yoxdu. Sarı vərəqələrə diqqət yetirdikdə isə Qurban Qurbanovun komandası indiyədək 4 dəfə xəbərdarlıq aldığı halda, potensial rəqib 6 belə hal yaşayıb.

 

Yalnız yuxarıda qeyd etdiyimiz göstəricilər eyni olacağı halda, reqlamentə əsasən püşk atılacaq. Lakin işin püşkədək uzanacağı real görünmür. İndiki vəziyyətdə Maltadan xoş xəbər gözləmək və Bakı Olimpiya Stadionunda qalib gəlmək şərtdi. Onda Priştinada millimizi istənilən hesablı bərabərlik pley-off mərhələsinə yüksəldəcək.
 

15 Dekabr 2018
14 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB