TOP 10

SONUNCU MOGİKAN. Alkaparov? Yox, SAMİR ƏLƏKBƏROV-50!

Futbol
Tarix: 2018-11-08 19:42

Bu gün 50 yaşı tamam olur. Təvazökar, gülərüz, sadə, səmimi – vizit kartı belədi bugünkü qəhrəmanımızın. Oyununu görən bir də görmək istəyib. Yüksək texnikaya sahib Samir Ələkbərovu “sonuncu moqikan” adlandırardıq. Uzun illər ölkə futbolumuzda hücumçu sarıdan problem olmasa da, müasir dövrdə Ələkbərovu nümunə göstərərək “beləsi yoxdu” deyirik. 

 

Karyerasının zirvə nöqtəsində futboldan kənarlaşdırıldı və sevimli idman növündən 2 illik ayrılmalı oldu Ələkbərov. Ancaq futboldan küsmədi. Ümumiyyətlə, unikal insandı. Vikipediyada doğum tarixi  oktyabr göstərilsə də, əslində o, bu gün – 08 noyabr 1968-ci ildə dünyaya göz açıb. İndi isə tribuna ondadı. Necə deyərlər, sonuncu Mogikan!

 

Alkaparov

Açığı, dəqiq deyə bilmərəm doğum günümü niyə 1 ay əvvələ çəkiblər. Aydı da, 10 yazıblar 11-in əvəzinə. Bəlkə də İsraildə oynadığım dövrlərdə səhvə yol veriblər. Çünki soyadımı Alkaparov kimi qeydiyyata almışdılar. Bir neçə dəfə azərbaycanlı futbolçular İsraildə həmyerlilərinin oynaması barədə deyəndə “bizdə elə adam oynamayıb” cavabını da alıblar. Sonradan öyrəniblər ki, israillilər məni Alkaparov kimi tanıyıblar. Soyadım ümumiyyətlə, başabəlalı olub. “Xəzər Lənkəran”da işlədiyimiz dövrlər idi. Braziliyaya getmişdik, oyunçu seçmək üçün. Bir qədər çox qalmalı olduq və bu səbəbdən Mais Mənsimov əlavə pul göndərdi. Xarici pasportumda Alekberov yazılıb, pul isə Samir Alekperov adına göndərilib. Tərcüməçimiz Elvarla (Elvar Quliyev) iki saat çənə-boğaz elədik bankda, bağlanmağa yaxın izah edə bildik ki, ruslarda “K”, bizdə “B” yazıldığı üçün belə yanlışlıqlar olur.

 

Cəbrayılovun “ötürməsi” ilə

Eduard Dadaşeviç Cəbrayılov məşqçim idi. Xeyli sayda komandaya məni təklif etsə də, heç biri götürmürdü. “3-cü Bağ”da Xankəndi “Qarabağ”ı məşq edirdi. Eduard müəllim ikitərəfli oyunda meydana çıxmağım üçün komandanın ovaxtkı baş məşqçisinə müraciət etdi. Nə isə, oyunumu bəyəndilər və gecəylə Xankəndinə yollandım. Bir neçə təlim-məşq toplanışından sonra komandaya cəlb olundum. Hə, orada çoxlu erməni oynayırdı. Lakin ovaxtlar indiki problemlər yox idi. Bəli, dağlıyam, Qarabağ zonasından deyiləm, ancaq elə darıxıram Qarabağ üçün, elə darıxıram! Burnumun ucu göynəyir oralar üçün... Oyunlarımıza 15 min adam gələrdi. Təvazökarlıqdan uzaq olsa da, yaman çox istəyirdilər məni orda. Birinci katib gəlirdi oyunlarımızı izləməyə. Həmin vaxt limit qaydası belə idi ki, ev oyunlarında 1 futbolçu 18 yaş və daha gənc olmalı idi. Komanda 32 oyun keçirdi, hamısında meydanda oldum. Məni “limitçik” kimi oynatsaydılar, səfər qarşılaşmalarında şans verməzdilər. Əlbəttə, hamı kimi, mənim də ən böyük arzum “Neftçi” idi. Xankəndində əsgərlik problemimi də, ali təhsil məsələmi də həll edəcəklərinə söz versələr də...

 

“Neftçi”

“Neftçi”də məşqçi dəyişkiliyi olası idi. Yuri Sevidov gəlməli idi bu posta. Ağasəlim Mircavadov da köməkçi məşqçi təyin olunmuşdu. Yaz-payız sistemi idi və noyabrda mövsüm başa çatan kimi 2-ci Liqada oynayan perspektivli uşaqları tolamaq tapşırığı verilmişdi. Şakir Qəribov, Əfqan Talıbov, Şahin Diniyev, Yuri Yesaulov kimi futbolçular təlim-məşq toplanışına dəvətlilər sırasında idilər. Bu toplanışdan Sevidov bir neçə bəyəndiyi futbolçunu “Neftçi”yə cəlb edəcəkdi. Rusiyalı mütəxəssisin gəlişi də yubandı. Yanvarın 1-də “Neftçi” Türkiyəyə təlim-məşq toplanışına yollandı. Biz qaldıq Bakıda və məşqlərimizi davam etdirdik. Nəhayət, Yuri Aleksandroviç gəlib çıxdı. Bundan sonra növbəti toplanış və mən də əvəzedici komandaya cəlb olundum. Bundan sonra Xankəndinə yollandım və əmək kitabçamı götürdüm.

 

“Neftçi” formasında ilk oyunum Alma-Atıda oldu. Start fitindən sonadək meydanda oldum, 1:3 məğlub olmuşduq. Açığı, ilk qolum yadıma gəlmir. Statistikayla heç vaxt maraqlanmamışam. Sağ olun ki, “Neftçi”nin müstəqillik dövründə ən sərrast futbolçusu olduğumu dediniz. Ancaq belə şeylərə heç vaxt ciddi önəm verməmişəm. Bir əhvalat danışım. Övladım dərsdən gəlib mənə dedi ki, “ata, sən məgər futbolçu olmusan? Mənə “futbolçunun qızı” deyirlər”. Sözümün canı budu ki, şöhrət arxasınca heç vaxt qaçmamışam. Nə şəkillərimi asıram divardan, nə medallarımı. Amma iki hədiyyəni qorumuşam. “İlin futbolçusu” seçilmişdim. Divar saatı hədiyyə etdilər. Bax, onu saxlamışam. Bir də həmkarınız Gündüzün mərhum atası – Balaş Abbaszadə ikinci dəfə eyni nominasiyanın qalibi olanda mənə bir bağlama, bir də zərf verdi. Bağlamanı evdə açdım, içində kitablar idi: “Samir Ələkbərova Balaş Abbaszadədən”. Zərfdə isə 2 dənə “yüzlük” idi. Həmin kitablar bu gün də evimizdədi.

 

Kuboklar Kubokunun qalibləri Ələkbərova ofisiantlığı necə etdilər?

...Millinin ilk oyununun iştirakçısı olmaq mənə də nəsib olub. Gürcüstana 3:6 uduzmuşduq. Gürcaanidə keçirilmişdi qarşılaşma. Bakıya qayıdan qatara gecikirdik. Heç hamama girə bilməmişdik. Tələsik yeməkxanaya getdik. Ofisiantlardan biri keçəndə qardaşım Aydın (o da millidə oynayırdı – red.) “bu, Şengeliyaya (Ramaz Şengeliya, 80-ci illərdə Tiflis “Dinamo”su və SSRİ yığmasının əfsanəvi hücumçusu, 1981-ci ildə Kuboklar Kubokunun qalibi) necə oxşayır” dedi. Digər ofisiant yaxınlaşır bizə və “rebyata, çto nujno” (uşaqlar, əlavə nə lazımdı) deyə soruşur. Aydın da “ay qardaş, bu, Çivadzeyə (Aleksandr Çivadze - Tiflis “Dinamo”su və SSRİ yığmasının əfsanəvi kapitanı, 1981-ci ildə Kuboklar Kubokunun qalibi) necə oxşayır” dedi. Sən demə rəhmətlik Fuad Musayev Gürcüstan Futbol Federasiyasında işləyən həmin veteranlara necə “naezd” edibsə, hamısı tökülüb gəlib yeməkxanada ofisiantlara kömək edirlər ki, AFFA prezidenti narazı qalmasın. 

 

Millidə rəsmi oyunda qol hesabını aça bilməyən

Millidə yoldaşlıq görüşündə qol vurmuşam, ancaq rəsmi oyunda yox. Vura bilərdim. Niyə vurmazdım ki? Sadəcə, bu gün həmin kadrlar, kassetlər yoxdu.... İsrailə qarşı yaxşı oynamışdım. Məni elə ordan “Makkabi”yə apardılar. Polşada 0:1 hesabıyla uduzduğumuz qarşılaşma... o epizod indiyədək yadımdadı, “pyatoçok”da rəqibi keçirəm və Vəli Qasımova boş qapıya ötürmə verirəm. Vəli yana vurur. Slovakiyada penalti qazandım, topu özüm götürüb vura bilərdim. Nazim Süleymanov qol vurdu, halal xoşu. Millidə az - demək olar bir tsikl oynadım. Qismət olmadı qol vurmaq. Ancaq 0:10-da – “Oser faciə”sində oynamaq nəsib imiş mənə. Ehtiyatdan oyuna girdim, Hesab elə də böyük deyildi - 0:3. Ancaq hesab artırmağa doğru gedirdi. Kim girsəydi, xeyri yox idi. Hamısı oynayır, biz də qıraqdan baxırıq. Zidanı heç tanımırdıq, təzə gəlmişdi. Sən demə, gələcək dünya və Avropa çempionları oynayırmış. 

 

Təyyarədə axan tər, “ərəb” Samir və Təl-Əvivdə tapılan Diniyev

Şahin Diniyevlə bağlı çox hadisələr olub. Şahin təyyarədən qorxur axı. Millinin oyunlarına İsveçrədən uçanda Sürixdə hava burulğanına düşürsən. Hamı bilir ki, orda təyyarə əsir. Mən də o anı bilirdim və biletlərə əsasən yerimiz dalqabal olanda qalxıb Şahinə baxırdım ki, keçəlindən yerə damcı-damcı tər axır (gülür). Mən də təyyarədən qorxmayan adam, gülürdüm ona. Şahin həyəcanlanır ki, nə vaxt düşəcəyik. Düşdük Təl-Əvivə, çıxdı aradan. Pasport nəzarətindən keçirdik - o da yəhudi dilində bilir - polislərə arxadan biri gəlir - ərəbdi, tutun onu salın saxlama məntəqəsinə. Elə də oldu. Deyirəm ki, hara aparırsınız məni. Məndə də Samir ərəb adı, pasportumda Dubay möhürü. Gəl, indi vəziyyətdən çıx. Ora-bura çevrilərək polislərin əllərindən çıxmağa çalışıram. Qışqırdım ki, Şahin. Bir də gördüm ki, Şahin dirəyin arxasından çıxıb deyir ki, aha, göydə gülürdün mənə. Polislərə nə dedi-demədi, buraxdılar məni. Dedim, yaxşı, baxarıq. O, Təl-Əvivdə yaşayırdı, mən də düşmüşəm Petah-Tikvaya. Şəhərlərimizin də arasında 15 dəqiqəlik yoldu. Təzə maşın veriblər mənə. Dedim ki, gedib Şahini tapacam. Küçələrinin də adı indiyədək yadımdadı - Şapiro. Mənimlə də Murad Maqomedov komanda yoldaşı idi. Dedim ki, Təl-Əvivi yaxşı tanımıram, gedək Diniyevin yanına. Həm şəhəri gəzərik, həm də Şahini görərik.  Necə deyərlər, həm ziyarət, həm ticarət. Yolda dayanmışam, Murad mənə deyir ki, bilirsən harda yaşayır. Deyirəm ki, hardan bilirəm? Bəs onda Şahini necə tapaq? Təl-Əviv də böyük şəhərdi. Dayanmışam, bir binaya da diqqətlə baxıram. Hiss edirəm ki, Şahin hava limanından gələn yoldan bura dönüb, evi burdadı. Bir anda jalüz ayrıldı, bir baş çıxdı çölə, dərhal da içəri girdi. Dedim ki, tapdım, sən öl, Şahindi. Qismətə bax e!  Yanımdadı sourşur ki, hanı Şahin. Deyirəm ki, artıq pəncərəni bağladı. Nə danışırsan, nə Şahin, gəl gedək. Maşını fırlayıb saxladım və qışqırdım “Şahin”. Bir də gördüm ki pəncərə açıldı və Şahin çıxaraq “burda da gəldin məni tapdın” dedi. Bu, təsadüfdü, işıqfordan gözəyarı dönərək qaldığı evi tapdım. O boyda binada bir pəncərə açılır, Şahin bayıra baxır, örtür pəncərini, tuturam onu. İndi ona deyirəm ki, Allah haqqı təsadüfdü. Deyir, yox e, sən necə gəlib tapmısan məni. İzah edirəm ki, keçirdim burdan, pəncərə açıldı, səni gördüm. Bax elə tapmışam Şahini, belə hadisələr olub. Diniyev özü yaxşı insandı. 

 

Yada düşər xatirələr

Ən yaddaqalan oyunlar arasında məğlubiyyəti də olub, qalibiyyəti də. Elə uduzduğun oyunlar olub ki, ondan ləzzət almısan. “Neftçi”də ilk oyunum Almatıda olub, "Kayrat"a 1:3 hesabıyla uduzmuşuq. Ancaq o hisslər indiyədək məndən getmir. Bu, rəqib meydançasındakı qarşılaşmadı. Bundan sonra Tiflis “Dinamo”suyla Bakıda oynadıq. Mehman Allehverdiyevin yerinə girmişdim 15 dəqiqə qalmış. O yadımdan çıxmır, 3:0 hesabıyla qalib gəlmişdik. Qolları Nazim Süleymanov, Maşallah Əhmədov, Şakir Qəribov vurmuşdular. Birinci hissə 0:0 idi. Gözləyirdim ki, əsas heyətdə yer alım, çünki Almatıda start “11-liyi”ndə çıxmışdım. Ancaq baş məşqçi məni ilk dəqiqələrdən meydana buraxmadı. Gözümün qabağına həmin futbolçular gəlir, SRRİ yığmasının da üzvləri olan Aleksandr Çivadze, Tengiz Sulakveridze, Ramaz Şengeliya, Otar Qabeliya. Qabeliya zərbəmi çıxardı, bəlkə də ilk qolum olardı “Neftçi”də. O, epizodda məni aldatdı, kadrlar yoxdu da... Cərimə meydançasının daxilində topu Çivadzenin ayaqları arasından atdım, Otar məni aldatdı, yaxın küncü verdi mənə, özü getdi uzaq küncə. Məntiqlə zərbəni uzaq küncə vurmalı idim. Lakin yaxın küncdəki boşluğu gördüm və “mərmi”ni ora göndərdim, topu ayağı ilə çıxardı. Bir də onu gördüm ki, stadion qalxdı ayağa. Zərbəyə görə yox, topu Çivadzenin ayaqlarının arasından atdığıma görə. Son oyunun təhlilində futbolçumuz Valeri Pançik həmişə deyirdi ki, həmin epizodu bir daha geri fırlayın, baxım. SSRİ yığmasında Çivadzeylə rəqabətdə idi, ona baxıb ləzzət alırdı. Deyirdi ki, Samir, onu necə etdin?! O epizod indiyədək yadımdadı. Çivadze də Çivadze idi. Müstəqillikdə isə “Neftçi”ylə avrokuboklarda ilk qələbəmiz yaxşı yadımdadı. Sofiya “Lokomotiv”inə Bakıda 2:1 hesabıyla qalib gələndə Vidadi Rzayevə məhsuldar ötürmə verdim, Yaşar Vahabzadə də son dəqiqələrdə qələbə topunu vurdu. Qardaşım Aydın Ələkbərov qırmızı vərəqə alaraq meydandan qovulmuşdu. Onda prezidentimiz mərhum Rasim Rəfiyev idi, indiki klubumdakı prezident Riad müəllimin atası.

 

Hücumçu problemi

Hücumçu problemi bizim vaxtda yox idi, indi isə var. Bəlkə biz “Sovet şinel”indən çıxdıq. SSRİ futbolu güclü olub da. Gəlin, bunu bu gün etiraf edək. Həmişə Mixail Qorbaçovu söyürəm, çünki SSRİ-ni dağıtdı. Sovetin vaxtında isə təmiz istedadlar ortada olurdu. İndi bu istedadların qarşısı alınmır, kim ki deyir istedad yoxdu, yalan deyir. Elə götürək Araz Abdullayevi, Mahir Mədətovu, Elşən Abdullayevi. Çox adlar çəkmək olar. Heç də bizim nəsildən zəif futbolçular deyillər. Zaman dəyişib. Söhbət əyləncələrinin artmasından getmir. Qorxu yoxdu indiki futbolçularda. SSRİ vaxtında qorxu vardı ki, düz hərəkət etməsəydin, tutardılar səni. Futbolçunu da komandadan çıxardanda, deyirdi ki, ay Allah, məni çıxarsalar da, gedib II dəstədə oynayım, təki şərləməsinlər. Futbolçunun canında qorxu olmalıdı. Ancaq bu gün futbolçu heç kimdən qorxmur. Məşqçi də ona iradını bildirə bilmir. Niyə Əhməd Ələsgərov Əhməd Ələsgərov idi? Əhməddən qorxurdular. Bugünsə heç kimdən qorxmurlar. Qabaqlar isə Əhməd müəllim həmbaş məşqçi idi, həm də klubun prezidenti. Futbolçuya ev verirdi, hər şeyi baş məşqçi edirdi. İndi isə qorxmurlar, oynadım da budu, oynamadım da budu. 

 

Fuad Ənvəroviç

Mən sözümü tək Fuad Musayevə yox, hamıya deyirdim. Rəhmətlik Fuad müəllim etiraf etdi ki, futbolçu karyeranı məhv etmişəm. Ancaq heç vaxt düz sözümü deməkdən çəkinməmişəm. Bunu “Neftçi”yə görə etmişəm. Peşmançılığım yoxdu. Qorxmamışam ki, qarşımdakı Fuad Musayev olub. Dalınca danışanlar onu görəndə gizlənməyə deşik axtarırdılar. Ancaq Fuad Musayevin futbolumuzda əməyinin olduğunu neçə yerdə qeyd etmişəm. Sonra onunla görüşmüşəm, məndən halallıq alıb. Məni qucaqladı, gözü doldu. Hətta mənə bir şəkil də verdi, dedi ki, al, bu, sənin fotondu. Hardasa futbolçu kimi şəklimi çəkdirib. Jurnalist də o idi, baş məşqçi də, prezident də, fotoqraf da. Hardan çıxartmışdı o şəkli, bilə bilmədim. Dedi ki, hazırlıqlı gəldim, hamınıza şəkillər gətirmişəm. Gördüm ki, çemodanını açıb fotoları paylayır.  Bir aydan sonra dünyasını dəyişdi. Ancaq mənimlə halallaşdı, dedi ki, səni çox incitmişəm. Artıq 80 yaşı vardı, ancaq heç kim yaxına gələ bilmirdi. Çünki zəhmindən qorxurdular. Ancaq Fuad Ənvəroviç onlar üçün nələr etmişdi. Mənə isə dedi ki, sənə heç nə etmədim, ancaq karyeranı məhv etdim. Qucaqlayıb öpdü məni, hətta həmin vaxt çəkilən bir şəklimiz də vardı. İlk tanışlığım da yadımdadı. 80-ci illərin sonu, “Neftçi”nin oyununa gəlmişdi, uduzmuşduq. Hamı ondan qorxaraq gizlənirdi. Mən də tanımıram Fuad Musayevi. Belimdə məşq çantası, keçirəm yanından. Dedilər ki, səni görmək istəyir. Dedim ki, kimdi o, tanımıram. Dedilər, Fuad Musayevdi, yaxınlaşdım. Mənə dedi ki, hamıya “2”, ancaq sənə “3”, pis oynamadın.  

 

Ələkbərov bu gün “Sumqayıt”ın məşqçi funksiyasını yerinə yetirir. Maraqlıdı, milli komandada ilk oyuna çiyin-çiyinə çıxdığı Nazim Süleymanov indi həmin “Sumqayıt”da baş məşqçidi, “Neftçi”də oynadığı illər klub prezidenti olmuş Rasim Rəfiyevin oğlu Riad isə həmin “Sumqayıt”ın prezidenti. Kim bilir, bəlkə “futbol Tanrısı” Rəfiyev və Nazim Süleymanovla onun yollarını ona görə kəsişdirib ki, futbolçu kimi edə bilmədiklərini məşqçi kürsüsündə qazansın?! 

 

Doğum günün mübarək, SONUNCU MOGİKAN!

 

CEYHUN ƏLİYEV, MEHMAN SÜLEYMANOV

15 Dekabr 2018
14 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB