TOP 10

Qurbanovla “Vaqar” aeroportunda: “Başqa çıxış yolu yoxdu”

Futbol
Tarix: 2018-10-12 20:07

Hələ Bakı Hava Limanında brifinq keçirərkən nə qədər gərginlikdə olduğunu görmək çətin deyildi. Farer adalarına səfərboyu da bu ab-hava davam edirdi. Sanki futbolçularının oyundan başqa mümkün olan ətrafındakı digər fikirləri yaxına buraxmamaqla məşğul idi. Özü də başa düşürdü, futbolumuzla yaxından maraqlana hər kəs də ki, Farerdən 3 xal gətirilməsə, Millətlər Liqasının qrup mərhələsindəki mübarizə başa çatacaq... 3:0 hesablı qələbədən sonra nəhayət ki, gülümsəyirdi. İlk missiyasını yerinə yetirmişdi. Nə qədər paradoskal görünsə də, Qurban Qurbanovla “Vaqar” aeroportunun gözləmə zalında təkbətək söhbətləşmək istədim. Əlbəttə, Farerlə oyunun qaynar ab-havası hələ çıxa bilməzdi. Ancaq final fitindən təqribən 2 saat sonra bəzi maraqlandığım suallara cavab tapa bildim.  

 

- Oyundan əvvəl çox gərgin idiniz. Bunu Bakıdakı brifinqdə də, Farerdəki qarşılaşma öncəsi mətbuat konfransında da aşkar hiss edirdik. Gərginlik komandanın xal ehtiyatı ilə bağlı idi, yoxsa başqa səbəb vardı?
- Açığı, gərginlik hər qarşılaşmadan əvvəl olur. Bilirik ki, hər  oyunumuz çox məsuliyyətlidi. Mətbuat konfransında özümü tam gərginlikdə göstərmək istəmirdim. Hansı ki bizdən həddən artıq çox tələb olunurdu ki, mütləq qalib gəlməliyik. Bu da istər-istəməz futbolçularda, o cümlədən məndə psixoloji gərginlik yaradırdı. Ancaq çalışırdım özümü daha rahat idarə edim ki, futbolçuları tam oyuna kökləyim. Ümumən düşünürəm ki, bu, normal haldı. Ancaq Farerdəki görüş də göstərdi ki, həqiqətən gərginlik vardı. Şükür Allaha ki, hər şey bizim tərəfdə oldu.

 

- Sirr deyilsə, start heyətini artıq nə vaxt özünüz üçün müəyyənləşdirdiniz?
- Oyun günü səhər məşqimiz oldu. Onda start heyətini tam dəqiqləşdirdim. Ancaq bundan öncəki günlərdəki məşqlərdə rotasiya edirdik, bir neçə variantlarda hazırlaşırdıq. Demək olar hər variantdan istifadə edirdik. Ancaq oyun günü səhər konkret start heyətini qurdum.

 

- Rahil Məmmədov start heyətində... Düşünmürsünüz ki, Rahil bu oyunla böyüdü? İlk dəfə rəsmi matça çıxırdı və bu, çox gərgin, məsul qarşılaşmaya təsadüf edirdi...
- Bildiyiniz kimi, Rahili milliyə gəldiyim gündən dəvət etdim və tez bir zamanda da onu öz komandama götürdüm. Onda potensialı görərək “Qarabağ”a cəlb etdim. Açığı, “Neftçi”də çıxış etdiyi vaxtdan oyunlarını izləyirdim. “Səbail”ə gedəndən sonra isə mövsüm ərzində stabil oynamağa başladı. Əsasən bizdə böyüməyə başladı. Hərçənd, avrokuboklarda iştirak etmirdi, təcrübəli futbolçuların yanında o atmosferi hiss etməklə tez bir zamanda böyüməyə başladı. Ancaq əlbəttə, bu gün bir oyun oynayıb deyə, ondan tam razı ola bilmərik. Hələ üzərində çox çalışmalıdı. Amma gənc futbolçuları belə oyunlarda əsas heyətə qoymaqda çəkinməli deyilik. Ola bilər düşünərik ki, risk var. Kənardan da bu addımımız riskli görünə bilər. Bəli, bəlkə də Rahilin səhvindən uduza bilərdik. Ancaq onun böyüməsi üçün mütləq bu addımları atmalı, bu risklərdən keçməliyik.  

 

- Xatirimə gəlmir ki, beynəlxalq matçlarda - istər klub, istərsə də yığma olsun - 3 gün ərzində belə uzun yol qət olunsun və 2 rəsmi görüş keçirilsin. Bakıdan Torshavna 14 saat yol gəldik, bir o qədər vaxt da sərf etdik geri qayıdaq və artıq 2 gün sonra millimiz növbəti matça çıxmalıdı. Bu gərginliyi, ən azı fiziki yorğunluğu futbolçuların üzərindən atmaq real görünür, yoxsa bu, hardasa hiss olunacaq?
- Əlbəttə, yorğunluq olacaq, çünki istədiyimiz kimi istirahət edə bilməyəcəyik. Özünüz də gördünüz ki, bura gəlməyimizdə nə qədər gərginlik, yorğunluq oldu. Hətta oyundan əvvəl demişdim ki, məni burdan Bakıya qayıtmağımız daha çox narahat edəcək. Bu da futbolçuların durumuyla bağlıdı. Ona görə ki, bizə bu oyundan sonra tez bir zamanda bərpa olunmaq üçün mütləq yaxşı istirahət lazımdə. Amma gördüyünüz kimi, bütün gecəni yolda, havada olacağıq, səhərə Bakıya çatacağıq. Nəticədə, həddən artıq yorğunluq, gərginlik olacaq. Ancaq başqa çıxış yolu yoxdu. Futbolçularla oyundan sonra danışdıq ki, həddən artıq peşəkar, diqqətli olmalıdırlar. Ancaq ola bilər ki, yorgunluq Bakıda oyunda özünü büruzə versin. Hətta Malta bizdən daha yaxşı şəraitdə istirahət edəcək. Çünki onlar Kosovoyla matçdan sonra elə orda qalırlar, səhər çarter reysilə çıxırlar. Yenə də çətinlik var, ancaq bu haqda bu gün danışmağa vaxtımız yoxdu. 

 

- Maltayla matç üçün komandaya bu gün ancaq bərpa məşqi verəcəksiniz? Yüngül məşq olacaq, yoxsa..?
- Ən azından axşam yüngül məşq etmək istəyirik ki, yorğunluq bir az çıxsın. Kimlər ki, az oynayıb, oynamayanlar üçün yəqin əlavə məşq verəcəyik. 

 

- Sonda qarşıdakı oyunda heyətdəki rotasiyalarla bağlı. Maltayla qarşılaşma üçün yəqin beyninizdə hansısa rotasiyalar var ki, millimiz fərqli oyun göstərsin...
- Buna Bakıda, rəqibin son oyunlarını, Kosovoyla matçını da izləyəndən sonra tam qərar verəcəyik. Ancaq istənilən halda, çalışacağıq ki, ən yaxşısını edək.
 

CEYHUN ƏLİYEV, Bakı-Torshavn-Bakı
 

22 Oktyabr 2018
21 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB