TOP 10

Rəşad Sadıqov legionerlərin klublarında oynamamalarından narahatdı: "Renatı may ayınadək U-21-ə çağırmayacam"

Futbol
Tarix: 2018-10-12 18:00

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Sadıqov oktyabrın 16-da Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Norveçlə oyun öncəsi mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, "Bayıl Arena"da açıq məşqdən öncə jurnalistlər qarşısına çıxan 36 yaşlı mütəxəssis əvvəlcə qarşıdakı matçla bağlı fikirlərini bildirib.

 

- Qrupumuzda son oyunumuzu keçirəcəyik. Turnirdə çıxışımızı ümumi dəyərləndirsək, nəticə baxımından istədiyimiz kimi olmadı. Çünki 9 matçdan 2 xalımız var və bizi Norveçlə çətin səfər matçı gözləyir. Buna baxmayaraq, oyuna yaxşı əhval-ruhiyyədə hazırlaşırıq. Norveçin gücü bəllidi, qrupdan çıxmaq uğrunda mübarizə aparır. Bu gün Almaniya ilə qarşılaşırlar, 4 gün sonra da bizimlə oynacaqlar. Bizim də öz məqsədlərimiz, bəzi düşüncələrimiz var. Qarşılaşmaya bu əhval-ruhiyyədə, inamla hazırlaşırıq. 

 

- Səfər planınız necədi?

- Federasiya rəhbərliyindən xahiş etdik və bizə şərait yaratdılar ki, səfərə 3 gün öncədən çıxaq. Çünki yolumuz bir az çətindi. Sabah yola düşəcəyik. Orda 2 gün məşq etmək imkanımız olacaq. Uzun yolumuz olacaq və bundan sonra futbolçularda çox yorğunluq olacaq. Bu üzdən əlavə bir gün istədim ki, oyunda fiziki durumumuz daha yaxşı olsun. Bunu səbəb kimi götürdük, necə olacağına baxacağıq.

 

- Bakıdakı qarşılaşmada Norveçə müqavimət göstərsək də, sonda rəqib qalib gəlmişdi. Bu dəfə isə onlar doğma azarkeşləri önündə çıxış edəcəklər. Xal qazanmaq üçün nəyə ümid edə bilərik? Bizim xeyrimizə hansı amil ola bilər?

- Əsas odu ki, rəqibə öz oyununu oynamağa imkanı verməyək və 1-ci dəqiqədən 90-cı dəqiqəyədək eyni istəklə, diqqətlə oynamalıyıq. Bu, çox vacib olacaq. Çünki burdakı matçda ikinci hissənin ilk 5 dəqiqəsində oyunu rəqibə verdik. Bu gün də komandayla həmin matça baxırdıq. Nə oldusa, həmin 5 dəqiqə ərzində oldu. Bundan sonra da çox inamlı çıxış etdik, iki qol imkanımız oldu, qol vurduq. Səfərdə çəkinmədən, inamlı oynamaq lazımdı. Bizdə də oyun üslubunda bəzi dəyişikliklər olacaq. Çalışırıq ki, bunu komandaya uyğunlaşdıraq.  5-6 gənc futbolçumuzun daha inamlı oynaması, təcrübə toplaması bəlkə də mənim üçün ən vacib amil olacaq. 

 

- İsrail və Norveçlə oyunlarda qeyd etmişdiniz ki, futbolçuların mütəmadi çıxış etmələri çox önəmlidi. Xüsusilə legionerlərdə bu hal müşahidə olunur. Bugünkü durum necədi? Sizi qane edirmi?

- Yox, yenə də qane etmir. Bu dəqiqə ən böyük problem oynamamalarıdı. Baxırsan ki, Ozan, Barış, Ziya klubunda oynamır. Onlar növbəti seçmə mərhələdə ümid bəslədiyim futbolçulardı. Bildiyiniz kimi, U-20-nin oyunları zamanı da onlara daim şans verirdim. Ancaq indi klublarında oynamamaları mənə böyük problem yaradır. Bununla bağlı hər biri ilə ayrılıqda söhbətim olub. Fikrimi bildirmişəm ki, qışdan sonra maksimum çalışıb oynamaq lazımdı. Ya məşqçiləri ilə danışsınlar, ya klublarını dəyişsinlər. Hər şey normal formada olsun. Heç oynamayacaqlarsa, “18-liy”ə belə düşməyəcəklərsə, başqa kluba keçsinlər. Çünki onların oynaması bizim üçün çox önəmli olacaq. Baxırsan, hətta yerli futbolçularla bağlı belə problem yaşayırıq. Tək-tük futbolçular var ki, daim stabil klubunda oynayır. Belə vəziyyətdə digər komandalarla rəqabət aparmaq mümkün deyil. 50-60 dəqiqə oynaya bilərsən, ancaq 90 dəqiqə eyni formada mübarizə aparmağımız mümkün deyil. Heyətində 4-5 nəfərin klubunda oyun praktikası yoxdusa, komandanın tempi mütləq düşəcək. Üstəlik, bu cür beynəlxalq matçlarda rəqiblər daha yüksək tempdə oynayırlar. Bizim də fiziki cəhətdən optimal formada olmağımız şərtdi.

 

- Əlaqələrinizi salaraq həmin futbolçuları Türkiyə, Rusiya və ya Azərbaycana gətirmək mümkündümü? Futbolçuların daim oynaması üçün bu haqda düşünmürsünüz?

- Ümumiyyətlə, növbəti seçmə mərhələnin komandasını çox diqqətdən keçirirəm. Paralel olaraq həm bu, həm də növbəti seçmə tsikli düşünürəm. Daim beynimin bir küncündə olan növbəti tsiklin futbolçularıdı. Daim futbolçuların özləri, klubları ilə danışıram. Hələ vaxtımız olduğu üçün heç kimi sıxmıram. Amma planımda var ki, qışdan sonra artıq ciddi şəkildə üzərlərində düşüm və hansı komanda olursa-olsun, oynasınlar. Çünki oynamadıqdan sonra burda 5 gün hazırlaşdıraq, 100 taktika, sistem seçək, ümidimiz yalnız şansa qalacaq. İndiki vəziyyətdə oyun qurasan, dominantlıq edəsən - bu tipdə oyun keçirmək çox çətin olacaq.

 

- Qrupda son oyundu və heç bir iddia qalmayıb. Belə bir məqamda futbolçuları necə kökləyə bilirsiz? Bu iş nə dərəcədə çətindi?

- İlk növbədə Azərbaycan millisinin adını təmsil edəcəyik. Bu, bizim üçün ən böyük motivasiya olmalıdı. İstər yoldaşlıq görüşü, istərsə də seçmə mərhələdə sonuncu pillədə olsun, fərqi yoxdu. O formanı 1 dəqiqə də geyinmək belə futbolçu üçün motivasiyadı. Bundan artıq sənə motivasiya lazım deyil. Üstəlik, özünü yaxşı tərəfdən göstərə bilərsən. Artıq hamı bilir ki, əsas millinin baş məşqçisinin də üzərlərində böyük diqqəti var. Açığı, dəfələrlə görmüşəm ki, yığmamızın baş məşqçini 5-6 futbolçu haqda məndən detallı məlumat istəyib, mən də bunu ona çatdırmışam. Özləri də görüblər ki, hətta Qurban müəllim hətta gəlib məşqləri də izləyib. Hər bir oyun futbolçular üçün şansdı ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Bir çoxları üçün son matçdı, onlarla işbirliyimizi bitiririk. Çalışıb özlərini yaxşı tərəfdən göstərməlidilər ki, noyabrdan əsas milliyə çağırılsınlar.

 

- Renat Dadaşovun çağırılmaması bir az rezonans doğurdu. Konkret səbəb nədi ki, onu bu dəfə çağırmadığınız?

- Bu məsələnin rezonans doğurduğu haqda məlumatım yoxdu. Bunu ilk dəfə sizdən eşidirəm. İlk siyahımda Renat var idi, sadəcə, sonra adəını çıxardım. Amma bu, sosial şəbəkədəki "like" məsələsinə görə deyildi. Bundan əvvəl onu siyahıdan çıxarmışdım. Çünki bilirsiniz ki, legionerlərə daha tez dəvət göndəririk. Bilet almaq lazım olur. Daha geniş heyəti son gündə elan edirik. Baxırıq ki, çempionatda kimsə zədələnər, kimsə son turda özünü yaxşı göstərməz. Seçimi son turadək açıq buraxırıq. Renat mənə bildirdi ki, ayın 14-də və 19-da oyunum var, klubum bu matçlarda iştirak etməyimi istəyir. Onunıa danışığı inzibatçımız Anar Şıxəliyev edirdi. Gördüm ki, orda qalıb, həmin matçlarda oynamaq istəyir. Bundan sonra bir qərar qəbul etdim ki, adını siyahıdan çıxardım. Özü ilə də danışığım oldu və bildirdim ki, may ayına qədər səni toplanışlara artıq çağırmayacam. Çünki Portuqaliya çempionatı millinin oyunları zamanı dayanmır. Görürrəm ki, Renat da klubda oynamağa böyük həvəs göstərir.. Gələcək planları ilə bağlı "Eştoril"də möhkəmlənmək istəyir. Mən də bildirdim ki, planlarımı tək sənin üzərində qura bilmərəm. Sabah yenə rəsmi oyun zamanı Portuqaliya çempionatı davam edər. Aramızda normal danışıq oldu ki, klubunda möhkəmlənməsi üçün bir müddət sənə fasilə verəcəm. Renatla bağlı sonrakı qərarı isə gələcəkdə verəcəm.

 

- Rahil Məmmədov millinin heyətində dünən 90 dəqiqə iştirak etdi və kifayət qədər səhvlərə yol verdi. Belə çıxır ki, aşağı yaş qruplarımızın ən yaxşısı odu, yoxsa ondan yaxşıları var? Konret Rahilin oyunu sizi qane etdi?

- Rahil komanda yoldaşım olsun-olmasın, fərq etmir, onun oyunu şəxsən məni çox qane elədi. Sizi hansı nöqteyi nəzərdən qane eləmədiyini bilmirəm. Nəzərə alaq ki, ilk rəsmi matçı idi və bu cür böyük təzyiq olan qarşılaşmada meydana çıxmışdı. Bəli, hərdən inamsız epizodları oldu. Bu, təkcə onda yox, hamıda oldu. Deməzdim ki, kimdənsə pis oynadı, digərləri ondan yaxşı oynadı. Ümumilikdə, Rahil dünən pis çıxış etmədi. O ki qaldı aşağıdakı "material"ı, bunu hamımız çox gözəl bilirik. Məncə, hamımız hər şeyi aydın görürük. Fərq çoxdu. İstər əsas, istərsə U-21 yığmamızın beynəlxalq turnirlərdə, eləcə də klublarımızın avrokuboklardakı çıxışına baxanda fərqi hiss edirik. Hamısında başımızdan yuxarı tullanmalı, oynamadığın futbolu oynamalısan, bacardığından daha yaxşısını etməliyik.

 

- Yəni Farer adaları ilə oyunda qapımız qarşısında o qədər təhlükəli vəziyyətlərin olacağını gözləyirdiz...

- Boş qapıdan topun çıxarıldığı hər iki epizod standart vəziyyətdən yarandı. "Standart"dan çətinlik yaşayacağımızı mən də gözləyirdim. Qapımız qarşısında yaranan qol epizodlarının hamısı fərdi səhvlərdən oldu. Həmin anlarda hansısa futbolçu bacarığından aşağı oynamsı nəticəsində belə hal yaşandı. Bu da təzyiqdən qaynaqlanır. Biz nə qədər desək də, futbolçuların üzərində böyük təzyiq var. İkinci qoldan sonra uşaqlar dərindən nəfəs almağa başladılar. Mənim özümdə də belə şeylər çox olub. Böyük təzyiq altında hansıda meydana çıxmışam, 1-2 qoldan, 60-cı dəqiqədən futbol oynamağa başlamışam. Üstəlik, bir çoxu da optimal formada deyil. Bu da sənə bir tərəfdən sənə problem yaradır. Baxırsan ki, fiziki forma, oyun praktikası qaydasında deyil və bu qədər təzyiq var. Üstəlik, mütləq qələbə qazanmalıyıq. Əlbəttə ki, bu zaman problemlə üzləşəcəksən. 60-cı dəqiqədən sonra tanıdığım futbolçuları meydanda görməyə başladım.

 

- Bayaq qeyd etdiniz ki, Ozanı, Barışı gələn seçmə mərhələdə əsas heyət oyunçusu kimi görürsünüz. Barış isə “Bohum” kimi diqqətçəkən klubda oynayır. Türkiyə Futbol Federasiyasının da onu “oğurlamaq” ehtimalı var. Bu təhlükəni hiss edirsinizmi? Belə bir halla üzləşsəniz, Barışı necə yola gətirəcəksiniz?

- Barışı U-19-dan tanıyıram. O, gəlişimizdən sonra U-21-də debüt elədi. Barışı hələ U-17-də oynadığı vaxtdan bəyənirdim. Milliləşdirilmiş oyunçularla bağlı bu tip problemləri yaşayacağıq. Barışla gözəl münasibətimiz var. Zədəli olduğu üçün ilk toplanışlarda bizimlə ola bilmədi. Ancaq daim ünsiyyətdə olurduq, danışırdıq, müzakirə edirdik. Yenə də münasibətlərimiz yaxşıdı. Düşünürəm ki, o, burda oynamaqdan zövq alır. Ümumiyyətlə, təkcə adları çəkilən iki oyunçu deyil. Fərid Nəbiyevimiz var. İsmayıl İbrahimlimiz var, Rövlan Muradovumuz var. Onları gələn tsiklə indidən hazırlayıram və böyük ümid bəsləyirəm. Fikrimcə, onlar 2-3 ilə millimizi gücləndirəcək oyunçular olacaqlar. Hamısı ilə maksimum münasibət, ünsiyyət qurmağa çalışırıq ki, gələcəkdə digər yığmaları yox, məhz bizim millini seçsinlər. Barış da, Ozan da məndən əvvəl milliləşdirilib. Böyük sevgiylə yığmamıza gəlirlər. Mən də onları itirmək istəmirəm.

 

- Murad Mahmudovla bağlı planınız nədi? Onu yenə çağırmamağınız nəylə bağlıdı?

- Murad da ciddi nəzarətimdədi. O, 2000-ci il təvəllüdlüdü. Sadəcə, bütün məşqçilərlə birlikdə kollektiv şəkildə iş qururuq. Kimə nə vaxt hansı faydalı olacaqsa, o addımı atmağa çalışırıq. Murada U-21 hələ tezdi. Buna baxmayaraq çağırdıq, gəlib bizimlə oldu, məşqlərdə, yoldaşlıq görüşlərində iştirak etdi. Mənim üçün Mahmudovun klubunda oynaması gələn tsikl üçün önəmlidi. Buna görə də klubuna buraxdım. Onu yenə çağıracaqdım. Sadəcə, bir ay sonra U-19-un seçmə mərhələ matçları olacaq. Baş məşqçi ilə danışdım və buna görə Muradı çağırmadım. Artıq iki həftədi ordadı. U-19-un toplanışındadı, burdakı yoldaşlıq görüşlərində iştirak edir. 

 

- Rusiyadan hücumçu Kamran Əliyev U-20-ə cəlb edtiniz, ancaq indi çağırılmır. Bu, nəylə bağlıdı?

- Kamranın oyunu sırf məni qane edir. Elə xarakteri də. Bəyəndiyim peşəkar futbolçudu. Sadəcə, Rusiya yığmasından təklif gözləyir. Bunu sonadək edəcək. Kamrana bidlirdim ki, ordan təklif gözləyirsənsə, artıq səni dəvət edə bilmərəm. İstəyirdi bu oyunlarda gəlib iştirak etsin. Ancaq Rusiyadan təklif gəlsə, gedəcəm. Ona dedim ki, bu psixologiyayla millidə olmanı istəmirəm. Sənə futbolçu kimi hörmət edirəm, ancaq fikrini qətiləşdirəndən sonra yenidən bu haqda danışa bilərik. Təkcə Kamran deyil, 4-5 belə futbolçu var ki, növbəti seçmə mərhələdə U-21-də ola bilərlər. Ancaq indidən başlarında belə fikir var ki, ola bilər Rusiyadan təklif gəlsən. Mən də hamısına fikirləşməyə vaxt vermişəm. 

 

- Millimizin Malta yığmaısyla oyununa necə baxmağı planlaşdırırsınız?

- Səfərdə baxacağıq. Səfəri də elə saldıq ki, həmin qarşılaşma vaxtı yolda olmayaq. Bir gün tez gedək, həm də matça rahat baxaq. Yəqin ki, oyunu internet vasitəsilə izləyəcəyik.

 

- U-21-in kapitanı Bəhlul Mustafazadə klubunda son qarşılaşmalarda oynamır. Buna görə millidə həvəsdən düşməyib?

- Özünü normal hiss edir. Klubunda son 2 görüşdə iştirak etməyib. Tək Bəhlula deyil, bütün futbolçulara bildirirəm ki, daha istəkli, özünüzə qarşı daha tələbkar olmalısınız. Hər bir məşqçi istəyər ki, əlində yaxşı olan "material"dan istifadə etsin, oynatsın. Ancaq bu gün Bəhlulun klubunda oynamaması həm özü, həm də futbolumuz üçün itkidi. Deməyək ki klub bunda günahkardı. Özü özünə qarşı bir az da tələbkar olmalı, daha çox işləməlidir ki, klubunda oynasın. Çünki aşağıdan gələn tək-tük stopperlərimizdən biridi. Onsuz da bu mövqedə problem yaşayırıq, qıtlıq var. Bəhlulu da belə asanlıqla itirməyimizi istəməzdim.

 

- Bəhlul və bir sıra futbolçular var ki, yaşa görə bu tsikldə U-21-də çıxışlarını başa vururlar. Son oyunda onların hamısının xidmətindən istifadə etmək fikrindəsiniz?

- Heyət qarışıq olacaq. Yalnız ilk oyunda daha gənc futbolçunu - Hacıağa Hacıyevi oynatdım. Bundan sonra sayı artıtaraq növbəti tsiklin yığmasının üzvlərini daha çox oynatmağa çalışıram. Ancaq kimlər ki əsas milliyə namizəddi, Qurban müəllimin geniş siyahısında var, onlar barəsində məndən ciddi şəkildə maraqlanır, qarşıdakı oyunda maksimum onları oynatmağa çalışacağam. 

 

MEHMAN SÜLEYMANOV

22 Oktyabr 2018
21 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB