TOP 10

“Kəpəz”in baş məşqçisi: “Bu, bizə böyük problemlər yaradır”

Futbol
Tarix: 2018-10-12 16:46

“Kəpəz”in baş məşqçisi Etibar İbrahimov klub saytına müsahibə verib. Sport24.az sizi həmin müsahibə ilə tanış edir:

 

- Çempionatda növbəti fasilə yaranıb və fikrimizcə, komandanın ilk 6 turdakı çıxışına qiymət verməyin zamanıdı…
- “Kəpəz”in çıxışını uğursuz və uğurlu bölmələrə ayırmaq olar. Amma uğursuzluq dövrünü təbii hal kimi dəyərləndirmək lazımdır. Çünki komanda yeni yığışmışdı, indi isə komanda formalaşıb, özünü tapıb. Xallar yığmağa başlamışıq. Uşaqlar sağ olsunlar ki, bizi tez sevindirdilər. Açığı, mən belə erkən gözləmirdim. Buna da onlar öz üzərlərində əzmlə çalışmaqla nail oldular. İnşallah, davamı gələr. Fasilə zamanından da yaxşı yararlanmalıyıq.

 

- Limitlə bağlı çətinliklərinizin olduğu hiss olunur. Cəza və zədə amili sizi çıxılmaz vəziyyətə salıb. Nə düşünürsüz?
- Çətin duruma düşmüşük, əsas heyətin bir futbolçusu uzun müddətə cəzalıdır, digəri zədəlidir. Bundan əlavə limitə uyğun gələn oyunçumuz əsgərliyə yollanır. Daha bir üzvümüz isə ali təhsillə bağlı Bakıdadır və məşqlərdə iştirak edə bilmir. Bu da bizə böyük problemlər yaradır. Hər dörd futbolçu bizə çox lazımdır. Buna baxmayaraq digərlərinə şans verməklə bu problemi aradan qaldırmağa çalışırıq.

 

- Son üç oyunda “Kəpəz” siz istədiyiniz kimi çıxış edir?
- Belə deyək, komanda qol buraxmırsa, mənim istədiyimdir. Amma təbii ki, bu hələ mən arzuladığım komanda deyil. Heyət tam komplektləşib  formalaşandan sonra mən istədiyim kollektiv olacaq. Günü-gündən uşaqlarda inam artır, xətlərarası əlaqə düzəlib, bir-birilərini başa düşürlər. Komanda daha yaxşı nəticələr qazanmağa qadirdir.

 

- Görünən odur ki, işiniz çoxdu...
- Yaxşı komanda yaratmaq üçün çox iş görmək lazımdır. Bura heyətə yaxşı futbolçu götürməkdən tutmuş digər önəmli səbəblər də daxildi. Oyun planında daha kəsərli oynamalıyıq, yaratdığımız qol vəziyyətlərini reallaşdırmalıyıq. Ötürmələr üzərində işləməliyik. Bu da zamanla qazanılan bir şeydir. Məşqlərimiz intensiv şəkildə davam edir.

 

- Fasilə dövründə yoxlama oyunu keçirmək istəyiniz var?
- Bəli, Premyer Liqa klublarından biri ilə oynamaq istəyirdik, danışdıq da, amma müəyyən səbəblərdən alınmadı. Bilirsiz ki, bizim regionda komanda azdı, ona görə də rəqib tapmaq çətindir. Bununla belə yenə axtarışdayıq.

 

- “Qaradağ Lökbatan”a qarşı ev oyununda Ümid Səmədov meydana daxil olmaqla “Kəpəz”in tarixinə əsas heyətdə çıxış etmiş ən gənc futbolçu kimi düşdü. 14 yaş 352 günlüyündə tarixə keçməsi üçün ona bu şəraiti yaradan məşqçi kimi qərar vermək çətin olmadı? 
- Hansısa uşağın istedadı varsa, ondan yararlanmalıyıq. Biz bu günlə yaşamırıq, bu addım gələcəyə hesablanmış işdir. “Kəpəz” əksər vaxtlarda elitada çıxış edib. Yaxın gələcəkdə komandamızı yenidən Premyer Liqada görmək istəyirik. Gələcəyin komandasını indidən qurmağa başlamalıyıq. Gəncə futboluna üç-dörd futbolçu qazandırmaq istəyiriksə, uşaqlara indidən şans verməliyik, onları hazırlamalıyıq. Azarkeşlər də elitada çıxış edən komandanın heyətində daha çox gəncəli oyunçuları görmək istəyir. Bu mənada Ümidin debütü ürəyimcədir. İnanıram ki, o, yaxın gələcəkdə əsas heyətin üzvünə çevrilməklə Premyer Liqa oyunlarında hamımızı sevindirəcək.    

 

- Dövrələrarası fasiləyə çox vaxt qalsa da, yəqin ki, dəyişikliklərlə bağlı fikirləriniz var. Nəyi dəyişmək istəyirsiz?
- Biz çempionat üçün gec yığışdıq deyə seçim imkanımız geniş deyildi. Futbolda labüd olan bir şey var ki, özünü yaxşı tərəfdən göstərən oyunçu komandada qalır, digərləri ayrılır. Bu normal haldır. Necə ki, uğursuz məşqçi postundan gedir.

 

- Nizam-intizam futbolda ilk sırada durur. Siz özünüz də qayda-qanuna xüsusi fikir verən mütəxəssis kimi tanınırsız. Elə klubun formasına hörmətsizlik edən Eltac Mirzəyevi də cəzalandırmaqla mövqeyinizi ortaya qoyduz. Yəqin ki, bu addım digərləri üçün bir yaxşı dərs və nizam-intizama çağırışdır.
- Sizinlə tam razıyam. Mirzəyev səhvini başa düşdü və hamıdan üzr istədi. Futbolçunu itirmək çox asandı amma onu qazanmaq lazımdır. İnsanı bir əməlinə görə silmək olmaz. Ümid edirəm ki, gələcəkdə belə hallar baş verməz, çünki daha sərt qərarlar qəbul edə bilərik. Eltacı cərimələmişik və bu, müəyyən dairələrdə başqa cür başa düşülüb. Onun cərimələnmiş aylıq məvacibi klubun büdcəsinə keçməyəcək, xeyriyyə məqsədi üçün xərclənəcək. Bunu hamı görəcək və bizi bu addıma görə dəstəkləyəcəklər.

18 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB