TOP 10

Bakı rüzgarı Torshavn dumanını necə dağıtdı?

Futbol
Tarix: 2018-10-12 16:21

Torshavn – balaca kənd

Torshavnda sonuncu gün. Olduqca qəribə bir hava var. Sanki Bakıdayıq, özü də yay səlahiyyətləri yazdan almağa hazırlaşır. Yağışlı Farerdə belə bir havaya rast gəlmək xeyli qəribədi. Axşam satlarında milli komandamız Farer adaları ilə üz-üzə gələcək. Bəlkə təbiətin sirri bundadı?

 

Oteldə səhər yeməyi zamanı dilim dinc durmadı və həmkarlardan birinə “Topaz Azərbaycanın qələbəsinə hansı əmsalı verir” sualıyla müraciət etdim. Stavkadan çox uzaq birisinin “Topaz”-la maraqlanmasının sirri heç də pul yatırmaq həvəsindən qaynaqlanmırdı. Sadəcə, maraqlı idi, ardıcıl 2 heç-heçədən sonra bukmekerlər nə düşünür? Axı Farer adaları turnir cədvəlində də yığmamızı qabaqlayırdı. Qərəz “2,55” cavabını eşitdikdən sonra gənclik illərimi yadıma saldım və “millimizin qələbəsinə 20 manat vur” xahişini etdim...

 

Havanın mülayim keçməsi Toshavnın bəzi mənzərəli yerlərini gəzmək qərarımızı şərtləndirdi. Yolüstü AFFA-nın I vitse-prezidenti Rauf Əliyev, baş katib Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvləri – İsgəndər Cavadov və Vaqif Sadıqovu da gördük. “Bakı – balaca şəhərdi” deyimini xatırlayanda analoji parallel aparmaq olar: “Torshavn – balaca kənddi”. Assosiasiya rəsmilərinin başı qarışıq olduğundan yaxınlaşmamaq qərarını verdik. Bir qədər sonra otelə qayıtmaq zamanı yetişmişdi. 

 

Start heyəti – fərqli hisslər

 

 

Axşam 17:30-da (yerli vaxtla) oteli tərk etməli idik. Çemodanları yığarkən havanın dəyişməsini görməmək mümkün deyildi. Duman, yağış – qısası öyrəşdiyimiz boz Torshavn. Lakin saatlar ötdükcə hava daha da sərtləşirdi. Start fitinə 2 saat qalmış stadiona daxil olduq. Duman “Torsvedlur” stadionunu ağuşuna almışdı. Oyunadək duman bir qədər də güclənsəydi, oyunun təxirə salınması qaçılmaz olacaqdı. Lakin təbiətin şıltaqlığı komandalarla acı zarafat etmədi.

 

Qurban Qurbanovun start heyəti yetərincə maraqlı idi. Əgər yarımmüdafiənin qanadlarında sürətli Araz Abdullayevlə Mahir Mədətovun, habelə oyun qurucusu mövqeyində və hücumda Dmitri Nazarovla Rüfət Dadaşovun yer alması komandamızın aqressiv futbol sərgiləyəcəyindən xəbər verirdisə, gənc Rahil Məmmədovun Bədavi Hüseynovla müdafiənin mərkəzində qərarlaşacağı həyacanlandırmaya bilməzdi.

 

Almeyda başlayır və...tamamlayır

 

 

İlk dəqiqələr lap üzücü oldu. Top futbolçularımızın ayağında qalmırdı. Üstəlik isinmə hərəkətləri zamanı Kamran Ağayevin “top sürüşkəndi, tutmaq olmur” deməsi ilə meydanda ilk dəqiqələrdə gördüklərimiz üst-üstə düşürdü. Epizodların birində Qara Qarayev topu başla boş qapıdan çıxarmaqla yadda qaldı. Elə bir faktı deyək: ilk 4 dəqiqə kəsiyində meydan sahibləri 2 dəfə künc zərbəsi qazanmışdılar. Elə Qaranın xilaskar rolunda çıxış etdiyi epizod da məhz kornerdən sonra yaranmışdı. Bir tək Riçard Almeyda soyuqqanlığını itirmirdi. Elə onun topu saxlamaq qabiliyyəti, təqribən 15 dəqiqədən sonra rəqibin sürətini söndürdü. Amma biz Torsahvna qələbə arxasınca gəlmişdik. Rəqibi söndürməklə iş bitə bilməzdi. 20-ci dəqiqədən etibarən topa nəzarət millimizin tərəfinə keçdi. İlk siqnal Rüfət Dadaşovdan gəldi. Lakin “Proyssen”in forvardının baş zərbəsi çərçivənin üstündən keçdi. Rəqib qapısı qarşısında yaranan ilk qol epizodu isə tribunadakı azsaylı azərbaycanlıları ayağa qaldırdı. Riçard Almeyda – Dmitri Nazarov – Riçard Almeyda – Dmitri Nazarov – Araz Abdullayev beşgedişli kombinasiyasından sonra Abdullayev qapıya parallel sərt ötürmə verdi. Gunnar Nilsen barmaqlarının ucuyla topu bir qədər kənarlaşdırsa da, Mahir Mədətov sonadək mübarizə apardı və meydan sahiblərinin müdafiəçisini qeyri-ixtiyari topu cərimə meydançasının mərkəzinə uzaqlaşdırmasına məcbur etdi. Hücumu başlayan Riçard isə cərimə meydançasında tək qaldısa, vay rəqibin halına – 1:0!

 

“Alman maşını” işə düşəndə

 

 

Vurulan qoldan sonra müdafiə redutlarımız bir neçə səhvlə yadda qaldı. Lakin farerlilərin ustalıq səviyyəsinin yüksək olmaması lehimizə işləyən amil oldu. Fasiləyədək hesabı qoruyan yığmamız ikinci hissədə topa nəzarəti özündə saxlamağa cəhd etsə də, ara-sıra Kamran Ağayevin qapısı qarşısında təhlükəli anlar yaşanırdı. Belə epizodlardan ən təhlükəlisi Kamran Ağayevin müdafiəçimizdən topu aldıqdan sonra ayağının sürüşməsi nəticəsində məcburi topu tutması oldu.  Təyin edilən sərbəst zərbəni zərərsizləşdirən futbolçularımız az sonra “alman maşını”yla hesab arasındakı fərqi artırdılar. Maraqlıdır ki, bu dəfə də hücumu yığmamızın düşünən beyni Almeyda başladı. Onun Rüfətə ötürməsi və forvardın cərimə meydançasında Almaniyada çıxış edən digər futbolçumuz – Dmitri Nazarovu tapması meydan sahiblərinin qapısının torunun ikinci dəfə silkələnməsi ilə nəticələndi. Bundan sonra isə yığmamız oyunun ipini tamamilə ələ keçirdi. Oyuna əvəzetmədən daxil olan Ruslan Qurbanovun fədakarlığı nəticəsində qazanılan penaltidən istifadə edən Almeyda özünün ikinci, komandamızın üçüncü qolunu vurmaqla yekun nəticəni müəyyənləşdirdi.

 

Torshavn-Kopenhagen reysi, Və ya bu milli xalqındı

 

 

Qazanılan 3 xal millimizə hava-su kimi lazım idi. Özü də iki səbəbə görə. Malta ilə səfərdə 1:1-lik heç-heçədən sonra futbolçular xeyli tənqid olunmuşdular. Hətta kiməsə qalib gələcəklərinə özlərinin də inamları azalmışdı. Lakin bu psixoloji quyudan 3 cavabsız qolla çıxmaq onlara da özünəinam hissini qaytardı.  Bunu görmək üçün Torshavn – Kopenhagen aviareysinin sərnişini olmaq kifayət idi. Bütün yorğunçuluğa baxmayaraq, milli üzvlərindən heç kim yatmırdı. Təyyarə əməlli başlı qaynayırdı. Hamının çöhrəsindən pozitiv enerji yağırdı. 

 

Əlbəttə, “Farer kimdi ki, biz bu qələbəyə sevinək” deyənlər ənənəvi olaraq tapılacaq. Ancaq söhbət Farerin kimliyindən getmir, ilk nöbvədə hər birimiz “biz kimik” sualını qarşımıza qoyub fikirləşməliyik. Bu gün Azərbaycan D Liqasında mübarizə aparırsa, deməli, Farer bizim tayımızdı. 

 

Məni ən çox narahat edən məqam futbolçularımızın yorucu səfərdən sonra Maltaya qarşı oktyabrın 14-də keçiriləcək oyunadək bərpa ola bilib-bilməyəcəkləri idi. Lakin məhz Danimarkayadək yolda gördüklərim komandanın psixoloji cəhətdən hər şeyə sinə gərmək iqtidarında olması qənaətinə gəlməyimi şərtləndirdi. Bu uşaqlar Maltaya qarşı görüşdə yorğunluqdan şikayətlənməyəcəklər. Onlar oktyabrın 14-də Bakı Olimpiya Stadionunda canlarını qoyacaqlar. Necə ki, Qara Qarayev “lazım gəlsə qapıda da dayanaram” dedi, necə ki, Cavid İmamverdiyev “kimin meydançada olmasının fərqi yoxdu, bu, xalqın millisidi” dedi. İndi də növbə xalqdadı. Oktyabrın 14-də gəlib millisinin arxasında dayanmaq, həmin yorğunluğu futbolçularımıza unutdurmaq və qələbə sevincinin dadını komandamızla birlikdə çıxarmaq növbəsi. 

 

CEYHUN ƏLİYEV, Bakı-Torshavn-Bakı
 

23 Oktyabr 2018
22 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB