TOP 10

Qurbanov da bu sevinci yaşadı: 8-ci baş məşqçi, 14-cü qələbə

Futbol
Tarix: 2018-10-12 16:00

Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi postunda ilk rəsmi qələbəsini qazanıb. Sport24.az xəbər verir ki, bu, UEFA Millətlər Liqasının III turunda Farer adaları yığmasıyla səfərdə 3:0 hesabıyla qalib gəldiyimiz oyunda olub.

 

46 yaşlı Qurbanov bu ildən çalışdırdığı millimizdə bunadək 2 qələbəsi yoldaşlıq görüşlərində olmuşdu - Qırğızıstana Bakıda 3:0, Latviyaya Riqada 3:1.

 

Təcrübəli mütəxəssisin ilk rəsmi qələbəsi eyni zamanda Millətlər Liqasında ilk qələbəmiz olub. Nəticədə mill komandamız rəsmi oyunlarda 1 ildən artıq davam edən qələbə həsrətinə son qoyub. Sonuncu qələbə 2017-ci ilin sentyabrın 4-də "Bakcell Arena"da San-Marino üzərində 5:1 hesabıyla olmuşdu. Növbəti 3 xalı 372 gün gözləmək lazım gəldi. 

 

Millimizin tarixindəki baş məşqçilərindən Ələkbər Məmmədov, Ağasəlim Mircavadov, Vaqif Sadıqov, braziliyalı Karlos Alberto Torres, habelə bu vəzifəni müvəqqəti icra etmiş Nazim Süleymanov, Mahmud Qurbanov və makedoniyalı Qyoko Hacıyevskinin hesabında rəsmi qələbə yoxdu.  

 

Ən çox rəsmi qələbə bu postda ən çox olmuş almaniyalı Berti Foqtsla (Lixtenşteyn səfərdə 2:0, Türkiyə evdə 1:0, Qazaxıstan evdə 3:2, Şimali İrlandiya evdə 2:0) onu əvəzləmiş xorvatiyalı həmkarı Robert Prosineçkiyə (Malta evdə 2:0, Norveç evdə 1:0, San-Marino səfərdə 1:0, evdə 5:1)  məxsusdu - hərəyə 4. Əhməd Ələsgərov (Lixtenşteyn evdə 4:0), Kazbek Tuayev (İsveçrə evdə 1:0), İqor Ponomaryov (Slovakiya evdə 2:0) , Əsgər Abdullayev (Serbiya və Çernoqoriya evdə 2:1) və Şahin Diniyev (Finlandiya evdə 1:0) hərəyə 1 dəfə bu sevinci yaşayıb.

 

Göründüyü kimi, Qurbanov millimizdə rəsmi qələbə hesabını açan 8-ci baş məşqçi olub. O, buna 3-cü rəsmi oyununda nail olub. Ən tez rəsmi qələbəni qazanan isə debütünü qalibiyyətlə qeyd edən - Malta yığmasını Bakıda 2:0 hesabıyla məğlub edən Prosineçki olub. 

 

Beləliklə, Azərbaycan 1994-cü ildən keçirdiyi rəsmi matçlarda 14-cü qələbəsini qazanıb. Bu, millimizin tarixinə 15-ci baş məşqçi kimi düşən Qurbanovla gerçəkləşib. 

 

Qeyd edək ki, millimiz ilk rəsmi qələbəsini 1996-cı ilin avqustun 31-də İsveçrə yığmasına Tofiq Bəhramov adına Respublika stadionunda 1:0 hesabıyla qalib gəlməklə nail olub. Vidadi Rzayevin 26-cı dəqiqədə qələbə topuna sevindiyimiz bu matç Azərbaycanda ilk rəsmi qarşılaşmamız kimi tarixə düşüb və beləcə debüt uğurlu alınıb. 

23 Oktyabr 2018
22 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB