TOP 10

Farerdə qanı tökülən futbolçu: “İndi yalnız Maltayla oyunu düşünməliyik”

Futbol
Tarix: 2018-10-12 10:00

Dünən Millətlər Liqasının qrup mərhələsinin III turu çərçivəsində Farer adalarının qonağı olan Azərbaycan yığması 3:0 hesablı qələbəni bayram etdi. Nəticə millimiz üçün olduqca uğurlu alınsa da, meydanda qan da töküldü. Söhbət yığmamızın yarımmüdafiəçisi Mahir Mədətovdan gedir. İstedadlı vinger Sport24.az-a verdiyi müsahibədə toqquşduğu epizodu gülüşlə xatırladı, qrupdakı mübarizəni deyil, qarşıdakı oyunu düşündüyünü vurğuladı.

 

-    Özünüz də oyunun nə qədər bizim üçün çətin keçdiyinin şahidi oldunuz. Meydançanın süni örtüklü olması oyunumuza təsir edirdi. Amma əvvəlcədən də hansı meydançada oynayacağımızı və bizi nələrin gözlədiyini bilirdik. Toparlanmağı bacardıq və baş məşqçimizin dediyi kimi kənarda səbəb axtarmamalıydıq. Döyüşməli idik və Vətənə qələbəylə dönməli idik. Yenə də təkrarlayıram, oyun çox ağır keçdi. Allaha şükür ki, qələbə qazanmağı bacardıq.

 

-    İkinci hissədə qaşın partladı. Həmin epizodu necə xatırlayırsan?
-    (gülür) Baş-başa toqquşduq, qaşım partladı. Ciddi bir şey yoxdu, həkim iki tikiş qoydu, oyunu davam etdirdim. Hər şey qaydasındadı.

 

-    Farer adalarınadək 14 saatlıq uçuş daha çox çətinlik yaratdı, yoxsa meydançanın süni olması?
-    Farer adalarına gəldikdən sonra Qurban Qurbanov dincəlmək üçün bizə yetərincə vaxt verdi. Həmçinin oyunöncəsi məşqi gündüz saatlarına saldı ki, əlavə dincəlmək üçün də vaxtımız qalsın. Süni örtüklü meydança isə bizə həqiqətən çətinlik yaradırdı. Üstəlik, oyunun başlamasına az vaxt qalmış topları da dəyişdirdilər. Biz başqa toplarla hazırlaşmışdıq, lakin hava şəraitinə görə qırmızı toplar verdilər. Sizə nə deyim, hər şeyi özünüz gördünüz.

 

-    28 saatlıq yol qət etdiniz və Farer adaları ilə gərgin oyun keçirdiniz. Qalan günlər ərzində Malta ilə görüş üçün bərpa ola biləcəksiniz?
-    Çalışacağıq ki, bərpa ola bilək. Maksimum dərəcədə yaxşı dincəlməliyik.  Çətinliklərin hamısını unudub Maltayla matçda da azarkeşlərimizi sevindirməliyik. 

 

-    3 turdan sonra qrup birinciliyi uğrunda mübarizənin Kosovo və Azərbaycan arasında gedəcəyini söyləyə bilərik?
-    Baş məşqçimiz bizə həmişə öyrədir ki, qarşıdakı hədəfə çatmaq barədə düşünmək lazımdı. Başqa sözlə, indi yalnız Maltayla Bakıdakı qarşılaşma barədə düşünməliyik. 
 

CEYHUN ƏLIYEV

23 Oktyabr 2018
22 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB