TOP 10

Cavid İmamverdiyev: "İstəsəydik farerlilərə 5-6 qol da vura bilərdik"

Futbol
Tarix: 2018-10-12 01:56

Azərbaycan millisinin futbolçusu Cavid İmamverdiyev UEFA Millətlər Liqasında Farer adaları yığmasına səfərdə 3:0 hesablı qələbədən sonra Sport24.az-ın ada ölkələrinə ezam olunmuş əməkdaşına müsahibə verib. Oyuna sonradan daxil olan "Sabah"ın yarımmüdafiəçi bu qələbənin əhəmiyyətindən danışıb. 

 

- 3:0 hesablı qələbə və yəqin ki, əhval-ruhiyyə də xeyli dəyişib. Nəticəni necə qiymətləndirirsən?

- Əlbəttə, bu qələbə özümüzə gələ bilmək üçün bizə çox lazım idi. Həm komanda, həm də öz adımdan çox sevinirəm ki, belə gözəl qələbə qazana bildik. Azərbaycan xalqını sevindirə bildik, bu 3 xal gələcək oyunlarımız üçün bizə lazım idi. İnanıram ki, bundan da yaxşı oyun göstərə bilərik. İstəsəydik farerlilərə 5-6 qol da vura bilərdik. Amma bu, oyundu. Şükürlər olsun ki, qələbə bizimlə oldu.

 

- Meydana sonradan daxil oldun. Özünü start heyətində hazır sayırdın, yoxsa əvvəlcədən bilirdin ki, oyuna daha sonra daxil olacaqsan?

- Sizə bir söz deyim ki, baş məşqçimiz Qurban Qurbanovun dediyi kimi, milli komandada futbolçuların hamısı eyni səviyyədədi. Fərq etməz, ola bilər ki, hazırlıq baxımından kimsə bir az aşağı, kimsə yuxarı ola bilər. Ancaq futbolçu baxımından hamısı eyni səviyyədədi. Qurban müəllim də hamımızı eyni səviyyədə görür. İstərsən meydana sona 1 dəqiqə qalmış çıx, istərsə də ilk dəqiqələrdən, fərqi yoxdu. Bu, milli komandadı, canını qoymalısan, əlindən gələni artıqlamasıyla etməlisən. 

 

- Hesab 0:0 olanda komandamız bir az inamsız görünürdü. Bu zaman rəqibdə də bir neçə qol epizodu oldu. Ehtiyat oynçular skamyasından necə görünürdü: futbolçularımızda həyəcan var idi, yoxsa..?

- Deməzdim ki, həyəcan vardı. Sadəcə, bu, futboldu, Bəzi epizodlar var idi ki, alınmırdı. Yenə deyirəm ki, bu qələbə üçün əlimizdən gələni etdik. Əsas odur ki, Qurban müəllimin tapşırıqlarını yerinə yetirək. Düşünürəm ki, komandamız da bu gün bunu bacardı. Hər şeyi qoyaq bir kənara, bu qələbə sırf Azərbaycan xalqını sevindirmək, özümüzü kökləmək üçün bu, çox lazım idi.

 

- Milliyə özünəinam hissini qaytarmaq baxımından vacib idi...

- Bəli-bəli. Düşünürəm ki, növbəti qarşılaşmalarda bu oyunumuzu daha da artırıb qələbələrimizi sıralayacağıq və Azərbaycan xalqını sevindirəcəyik.

 

- Süni örtüklü meydança, üstəlik, yağış yağdı, çox sürüşkən oldu. Oynamaq nə drəəcədə çətin idi?

- Süni qazona qalsa, Azərbaycanda ad belə meydançalar var. Ancaq düzdür, meydança bir az problem yaradırdı, o qədər rahat deyildi. Ancaq şükür Allaha ki, bu, bəhanə olmadı və 3 topu vuraraq qalib gəldik. 

 

CEYHUN ƏLİYEV, Torshavn

23 Oktyabr 2018
22 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB