TOP 10

Qurban Qurbanov bu axşam kimlərə güvənəcək?

Futbol
Tarix: 2018-10-11 13:45

Bu axşam ölkə futbolsevərlərinin gözü uzaq Torshavnda olacaq. Paytaxtımızdan 5504 km aralıda yerləşən Farer adalarında Millətlər Liqasının III turu çıərçivəsində yığma komandamız turnirdə ilk qələbəsini qazanmağa çalışacaq. Bəs, Qurban Qurbanov bu taleyüklü oyunda hansı futbolçulara start heyətində yer verə bilər? Sport24.az bu sualın cavabını tapmaq üçün Farer adalarına gətirilən “23-lüy”ü diqqətdən keçirir.

 

Qapı xətti üçün millinin bayrağı altına 3 qolkiper dəvət alsa da, Şahruddin Məhəmmədəliyev oynamaq şansını yalnız fors-major halda qazana bilər. Səlahət Ağayev Topaz Premyer Liqasında əla performans göstərsə də, Qurbanovun daha zəngin təcrübəyə malik Kamran Ağayevə güvənəcəyini düşünürük.

 

Müdafiənin sağ cinahında Pavel Paşayevin oynayacağına şübhə etmirik. Hər halda, baş məşqçi dünənki mətbuat konfransına məhz Ukrayna “Aleksandriya”sının 30 yaşlı futbolçusunu əbəs yerə özüylə gətirməmişdi. Sol qanadda isə böyük ehtimalla Təmkin Xəlilzadə yer alacaq. Çempionatda uğursuz çıxış edən “Qəbələ”nin tənqid olunmayan yeganə ismi məhz Təmkindi. Həmin Təmkin ki, Millətlər Liqasında yığmamızın heyətində yeganə qolun müəllifidi.

 

Müdafiənin mərkəzi üçün namizəd seçimi geniş olsa da, bu, yalnız de-yure belədi. De-fakto isə Maksim Medvedev – Bədavi Hüseynov tandemi ən real namizədlərdi. Hər halda, bu futbolçular uzun illərdi “Qarabağ”da çiyin-çiyinə çıxış edirlər və yarımbaxışdan bir-birilərini anlayırlar. Doğrudu, Maks cinah müdafiəçisidi, lakin Rəşad Sadıqovun millidən gedişindən sonra məhz Medvedev Bədavinin mərkəzdəki silahdaşı olur.

 

Dayaq yarımmüdafiəçisi mövqeyinin Qara Qarayev tərəfindən surğuclanmasına heç bir şübhə yoxdu. Hər halda, ölkə daxilində onun kimi qara işi görməyi bacaran ikinci futbolçu yoxdu. Elə Riçard Almeydanın da meydanda olacağına şübhəmiz yoxdu. Braziliyalı azərbaycanlının hücumların qurulmasında dirijorluq etmə istedadı şübhə doğurmur. Məhz Almeydanın sayəsində millimizin müdafiə ilə hücum xətti arasında körpü salınacaq.

 

Yarımmüdafiənin qanadları isə yetərincə alternativ versdiyalara açıqdı. Lakin biz turnir cədvəlinə əsaslanaraq, öz mövqeyimizi ortaya qoyacağıq. Məsələ burasındadı ki, aşağı tempdə oyunla Farer adalarının müdafiə redutlarını yarmaq real görünmür. Necə ki, Malta qapısı qarşısında “avtobus” quraraq, ölü tempdə oynayan yığmamızı zərərsizləşdirməyi bacarmışdı. Deməli, bizə yüksək tempdə oynamağı bacaran vingerlər lazımdı. Bəli, belədə, müdafiə olunmaq baxımından müəyyən problemlər yaşana bilər. Lakin indi bizə qələbə lazımdı və bunun üçün sürətli, kreativ cinah yarımmüdafiəçilərinin xidmətinə zərurət yaranır. Bizim bu mövqelərə proqnozumuz belədi: sağ cinaha – Araz Abdullayev, sol cinaha – Mahir Mədətov.

 

Hücumameyyli yarımmüdafiəçi mövqeyində 3 futbolçu çıxış edə bilər. Söhbət hələ də ideal formasını yığa bilməyən Cavid İmamverdiyev, özünü “8 nömrə” (Almeyda oynayır) mövqeyində daha rahat hiss edən Emin Mahmudov və Almaniya 2-ci Bundesliqası təmsilçisi “Aue”nin şərəfini qoruyan Dmitri Nazarodan gedir. Doğrudu, Nazarov sol cinah yarımmüdafiəçisi kimi də oynayır və düşünürük ki, oyunun gedişatında hansısa əvəzetmədən sonra Dima məhz qanada çəkiləcək. Lakin start heyətində Qurbanovun “10 nömrə”sinin Nazarov olacağını düşünürük.

 

Nəhayət, mərkəz hücumçusu barədə. Bax, bu mövqe ən düşündürən sualdı. Bir tərəfdə baş məşqçinin baxış bucağı, digər tərəfdə praktika. Qurban Qurbanov iş başında Ramil Şeydayevi görüb. Lakin Şeydayev şərəfini qoruduğu “Krılya Sovetov”da oyun praktikasından məhrumdu. Tərəzinin digər gözündə isə Rüfət Dadaşovdu. Həmin Rüfət ki, indiyədək heç vaxt Qurbanovun rəhbərliyi altında milliyə dəvət olunmamışdı. Lakin o, Almaniya 3-cü Bundesliqasında “Proyssen” in heyətində arxada qalan 11 turda 6 qola imza atıb və daimi oyun praktikasına sahibdi. Böyük şübhələr altında olsaq da, biz üstünlüyü Rüfətə veririk.

 

Beləliklə, təxmin etdiyimiz start heyətini təqdim edirik: Kamran Ağayev – Təmkin Xəlilzadə, Maksim Medvedev, Bədavi Hüseynov, Pavel Paşayev – Qara Qayev, Mahir Mədətov, Riçard Almeyda, Araz Abdullayev, Dmitri Nazarov – Rüfət Dadaşov.

 

CEYHUN ƏLİYEV, Torshavn

23 Oktyabr 2018
22 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB