TOP 10

Küləksiz Torshavnda gözlədiyimiz Bakı rüzgarı

Futbol
Tarix: 2018-10-11 10:00

Son şans. Nə qədər qəribə səslənsə də, Azərbaycan yığması barədə belə sözlərin yazılması yenilikdi. Çünki adətən seçmə tsikllər start verməmiş şansımızın olmadığını hər bir kəs bilib. 

 

Lakin Millətlər Liqası fərqli formatdı və burda qrup mərhələsinin “ekvator”una çatar-çatmaz silahı yerə qoymaq qətiyyən olmaz. Ancaq ilk 2 oyunda xalları rəqibləri ilə yarı bölən millimiz artıq Kosovoya 2 xallıq handikap bağışlayıb. Bu gün də Farer adalarında xal itkisi yaşasaq və kosovolular evdə Maltanı məğlub edə bilsələr, fərq ən azı 5-ə yüksələcək ki, qarşıdakı 3 oyunda bu foranı əritmək real görünmür. Ən azından bu dəqiq olacaq ki, millimizin taleyi artıq öz əlində olmaayacaq. Əgər Kosovo 4 və 5-ci turlarda Farer və Malta üzərində qələbə qazana bilsə, qrup qalibi adını son oyunun nəticəsindən asılı olmayaraq bayram edəcək.

 

Bu, məsələnin ən arzuolunmaz tərəfi idi. Hərçənd, ilk 2 turda millimizin ifasında gördüyümüz oyunlar bədbinlik üçün əsas verir. Buna baxmayaraq, debüt matçlarındakı uğursuzluğun obyektiv çalarları da olub. Ön sırada aparıcı bir neçə futbolçumuzun sıradan çıxması və mövsümə yeni start verilməsi kimi amilləri göstərə bilərik.

 

Ancaq indi üzdə olanlar hamısı sağlamdı. Mövsümün başlamasından da  artıq 2 ay keçib. Üstəlik, geriyə də yol yoxdu. Düzdü, Millətlər Liqası vasitəsi ilə Avropa çempionatına yüksəlməsək, dünyanın axırı olmayacaq. Biz nə vaxtsa böyük turnirlərin final mərhələsini görmüşdük ki, indi də onun xifətini çəkək?  Sadəcə, bu, bir şansdı və belə fürsətdən maksimum yararlanmağa çalışmaq lazımdı.

 

Qurban Qurbanov yetirmələrinin üzərindəki psixoloji basqının qarşısını almaq üçün onları maksimum qorumağa çalışır. Ancaq bunu tam aradan qaldırmaq mümkün deyil. Çünki start fitindən sonra hər ötən dəqiqə “Damokl qılıncı” obrazında çıxış edəcək. Bu “qılınc” narahatçılığını aradan qaldırmaq üçün ən gözəl məlhəm erkən qol ola bilər. Bax, onda yığmamız nəinki 3 xal, hətta böyükhesablı qələbə də qazana bilər.

 

Artıq 3-cü gündü ki, Farer adalarındayıq. Torshavnda yağışın ardı-arası kəsilməsə də, küləyin olmaması diqqətimizi çəkir. Elə farerlilər də olduqca təmkinli, sakit xalqdılar. Başqa sözlə, nə havaları havamıza oxşayır, nə də xasiyyətləri xasiyyətimizə. Bunun fərqinə varmağımın başlıca səbəbi qələbənin yolunu göstərmək arzumuzdu. Meydan sahiblərindən fərqli olaraq, biz çılğın, emosional, bəzi (bəlkə də əksər) hallarda cığal xalqıq. Bax, bu axşam da bu çılğınlıq, emosiya, istək, lazım gəlsə cığallığımızla təmkinli, soyuqqanlı farerliləri udmalıyıq. Bakı rüzgarı bu axşam küləksiz Torshavnda əsməlidi, əsdirməliyik! 

 

CEYHUN ƏLİYEV, Torshavn
 

23 Oktyabr 2018
22 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB