TOP 10

Mircavadov Mirabdullanın qarşısında şərt qoyulmasını istəyir: "Farer adaları deyəndə, bizə çox gülməli gəlir..."

Futbol
Tarix: 2018-10-11 13:00

"Millimizi qarşıda ağır oyun gözləyir. Farer adaları deyəndə, bizə çox gülməli gəlir. Ancaq yaddan çıxarmaq lazım deyil ki, orda Danimarkanın futbolçuları da oynayır. Bu ölkədə yığmaya düşməyənlər qonşu Fareri seçirlər". Bu fikirləri Sport24.az-a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov bildirib.

 

Millimizin UEFA Millətlər Liqasında növbəti rəqibi olan Farer adaları yığmasına barmararası baxmağı qətiyyən düzgün saymayan təcrübəli mütəxəssis onlarla U-21 səviyyəsində son matçı xatırlayıb: "Farerlilərlə 2 il əvvəl U-21-lərlə 1:1 oynadıq. "Dalğa Arena"dakı həmin matçı izləyirdim. Rəqibin 4 futbolçusu danimarkalı idi. Məhz onlardan biri də bizə qol vurdu. Çox gözəl də alındı. Yanımdakı məşqçilərimizdən birinə dedim ki, hücumçu axtarırdıq, bu da hücumçu, danışın, gətirin. Doğrudan əla forvard idi".

 

Mircavadov farerlilərlə əsas yığma səviyyəsində baş tutacaq matçda yalnız qələbə qazanmalı olduğumuzu hesab edir: "Razıyam ki, məhz Farer adalarıyla matç qrupda 1-ci yer mübarizəsində taleyimizə böyük ölçüdə aydınlıq gətirəcək. İstənilən halda, millimizə inanıram. Bunun söhbəti yoxdu. İşimiz nə qədər ağır olsa da, bunun öhdəsindən gəlməliyik".

 

71 yaşlı mütəxəssisi narahat edən bəzi milli  üzvlərinin oyun praktikası sarıdan əziyyət çəkmələridi: "Bəzi futbolçularımız klublarında özlərinə fikir vermirlər, həmişə oynamırlar. Nəticədə oyun praktikası sarıdan korluq çəkirlər ki, bu da ağırdı. Heç vaxt belə şey olmayıb və olmayacaq ki, klubda bərbad oynayım, yığmada əla. Bu, heç vaxt ola bilməz. Allaha şükür ki, az-çox təcrübəm var, həm SSRİ vaxtından, həm də Azərbaycan çempionatında və yığmalarda işlədiyim dövrdən görə-görə gəlmişəm".

 

Millimizin baş məşqçisi Qurban Qurbanovun Farer adaları və Malta yığmaları ilə qarşıdakı matçlara açıqladığı 23 nəfərlik heyətdən danışan Mircavadov böyük müzakirələrə səbəb olan "Neftçi"nin hücumçusu Mirabdulla Abbasovun kənarda qalmasına da toxunub: "Millinin heyətində nə var, odu. Bir futbolçu varsa ki, onu çağırmırsa, adam fikirləşər. Hətta baş məşqçi ilə ünsiyyət qurar, söhbət edər. Ancaq bu, yoxdu. Uzun fasilədən sonra Rüfət Dadaşov yenidən çağırılıb. Qol vuran hücumçudu, Almaniyada çıxış etdiyi liqada bombardirlərdən biridi. Qardaşı Renat da yaxşı hücumçudu. Qurbanov məcburdu qol vuran futbolçunu çağırsın. Çünki bu, yığmamızda böyük problemdi. Mirabdullaya gəlincə, "Neftçi"də oyunlarına baxıram. Gənc hücumçudu, 23 yaşı var, Milliyə çağırılıb-çağırılmaması artıq baş məşqçiyə aid məsələdi. Məşqçilər korpusunun siyahısına həmişə hörmətlə yanaşmışam, seçim haqda danışmamışam. Çünki baş məşqçi özü komanda daxilindədi, hər şeyin ən yaxşısını da o bilir. Mən komandanın daxilində deyiləm axı. Mirabdulla meydanda çox çalışır, qol vəziyyətləri də olur. Ancaq 7 oyuna 2 qol hücumçu üçün azdı. Azərbaycan birincilyindən söhbət gedir. Çempionatımızdakı təzyiqi, səviyyəni heç vaxt nəzərə almırıq. Abbasova xəbərdarlıq etmək olar. Ona milliyə düşməsi üçün şərt qoyasan ki, həmişə heyətdə oynayıb qol vurmalısan, çünki hücumçusan. Onda yığma hesabına qol hissiyyatını artırmaq lazımdı. Ümumiyyətlə, hər bir oyunçuyla ayrıca söhbət etmək, psixoloji durumu yüksəltmək lazımdı. Öldürmək asandı, bir dəqiqənin içində istənilən futbolçunu "sındır"a bilərik. Ancaq psixoloji durumu qaldırmaq çətindi".

 

Təcrübəli mütəxəssis millimizin işini çətinləşdirən əsas amilllərdən biri kimi Premyer Liqamızın səviyyəsinin aşağı olmasını önə çəkdi: "Bizdə çempionluq uğrunda 2 klub mübarizə aparır - "Qarabağ" və "Neftçi". "Qarabağ"ın gücü məlumdu, son 5 mövsümdə çempiondu. Bu mövsüm "Neftçi" də çempionluq uğrunda mübarizə aparır, yaxşı oynayır və ilk dövrəni lider kimi bitirib. Ancaq istərdim ki, daha 2 klub, heç olmasa həmin "Qəbələ" də çempionluq mübarizəsində iştirak etsin. Nəticədə daha çox gərginlik olsun ki, milli futbolçularımız beynəlxalq miqyasda inamlı oynasınlar. Bunlar bir-birinə zəncirvari bağlıdı. Ona görə istərdim ki, 8 klubdan 4-ü çempionluq uğrunda gərgin mübarizə aparsın. Onda "Qarabağ"a da asan olar, millimizə də, hər iki komandanın baş məşqçisi olan Qurban Qurbanova da. Bir "Qarabağ"la iş bitmir, futbolumuz qabağa gedə bilməz. Bu, çox ağırdı".  

 

Qeyd edək ki, Farer adaları - Azərbaycan matçı bu gün Bakı vaxtilə saat 22:45-də keçiriləcək. 

 

MEHMAN SÜLEYMANOV

09 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB