TOP 10

Farerdə 1 jurnalist, qeybə çəkilmiş tribuna və “ucundan tutulmuş yağış”

Futbol
Tarix: 2018-10-10 20:25

Torshavn. Dumanlı, yağışlı, boz hava şəraiti. Bu ölkədə belə hava şəraiti təbii haldı. Təbiətin qoynunda yerləşən ekzotik ölkədə səhərimiz Farer adalarının baş məşqçisi Lars Olsenin mətbuat konfransına yollanmağımızla açılır. Diqqətimi çəkən məqam: konfransa cəmi bir farerli jurnalist gəlib. Əslində təəcüblü deyil: əhalisi (50 min) “Qarabağ”la “Arsenal”ın matçını izləyən tamaşaçı sayından az olan (60 min) olan ölkədə 1 idman jurnalistinin gəlməsi sensasiya deyil.

 

“Torsvollur” stadionunun əsas meydançası Zirə Olimpiya Kompleksinin örtüyünün dəyişdirilməmiş formasından fərqlənmir. Aramsız yağan yağış haqda isə məşhur ifadəylə yazaq: “Tut ucundan, göyə çıx”. Tribunalardan birinin yoxluğu təəccübümüzə səbəb olur. Hazırda həmin yerdə tikinti işləri gedir. Yəqin ki, nə vaxtsa bir də Farerlə üz-üzə gəlsək həmin tribuna hazır olacaq.

 

Qurban Qurbanovun mətbuat konfransında iddialı, hətta deyərdim futbolçulara göndərdiyi sərt ismarıclar heç də ona xas olan açıqlamalar deyildi. 46 yaşlı mütəxəssis nə meydançanın yararsız vəziyyəti və standartlara uyğun olmamasını, nə futbolçularımızın durumu və yorğunluğunu, nə də hava şəraitinin onun üçün həlledici önəm kəsb etmədiyini bildirdi. Ancaq bir faktı diqqətinizə çatdıraq ki, daha çox topla oynamağı sevən futbolçularımız üçün sabah sərt meydançada bacarıqlarını tam şəkildə nümayiş etdirmək çətin olacaq.

 

Media üçün açıq olan məşqin 15 dəqiqəlik kəsiyi zamanı baş məşqçinin hansı “11-liy”ə üstünlük verəcəyini müəyyənləşdirmək qeyri-mümkün idi. Düzdü, sabah mütləq təxminlərimizi sizlərlə bölüşəcəyik. Hazırda isə düşüncələrimizi daxilimizdə saxlayaq.

 

Farer adaları – Azərbaycan matçına isə bir sutkadan az vaxt qalır...

 

CEYHUN ƏLİYEV, Torshavn
 

09 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB