TOP 10

Qurban Qurbanov: "Hamının millidən qələbə gözləməsi futbolçulara təzyiq yaradır"

Futbol
Tarix: 2018-10-09 16:52

Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov Farer adalarına səfər ərəfəsində brifinq keçirib. Təcrübəli mütəxəssis Heydər Əliyev Beynəlxalq Hava Limanında Sport24.az-ın Torshavna ezam olunan əməkdaşının da suallarını cavablandırıb.

 

- Komandanın hazırlığı nəyə ümid verir?

- Vaxtımız az olub. Bəzi legionerlər düşərgəmizə daha gec gəldilər. Riçard Almeyda yalnız bu gün bir məşq edib. Ancaq legionerlərin sonradan gəlməsi ilk dəfə deyil. Futbolçular pis hazırlaşmayıblar. Onlar qarşıdakı matçda özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar.

 

- Yalnız qələbənin şərt olmasını təzyiq saymalıyıq, yoxsa motivasiya?

- Əlbəttə, təzyiq var. Görünən odur ki, hamı qələbə gözləyir. Bu, istər-istəməz futbolçulara təzyiq yaradır. Bunu həmişə normal qarşılamışam. Bu zaman məsuliyyətimiz daha böyük olur. Bu, futbolun silinməyən qanunlarından biridir. Belə tələblər çox olur. Bunu təzyiq yox, əksinə, motivasiya kimi qəbul edərik ki, oyunumuza təsir etməsin.

 

- Rüfət Dadaşov haqda nə deyə bilərsiniz?

- Hamı özünü ən yaxşı tərəfdən göstərir. Sadəcə, vaxtımız çox az oldu ki, bu, problemdi. Dadaşov bizimlə iki məşq keçib. Bu, onun hazırkı imkanlarını bilmək üçün azdı. Rüfət milliyə qayıtdığına görə çox şaddır. Hiss edirəm ki, ona şans versək, etimadı doğrultmağa çalışacaq. Bu, milliyə qayıdan digər futbolçulara da aiddir.

 

- Cavid Hüseynov niyə heyətdə yoxdur?

- Bu, normaldır. Dəfələrlə demişəm ki, hər toplanışda yeni futbolçular olacaq, kimsə kənarda qalacaq. Bütün futbolçuları izləyirik və dəyişikliklər həmişə mümkündür.

 

- İki oyun arasında vaxtın azlığı və əsas - Farer adalarına uzun yolçuluq -  problemdirmi?

- Bəli, həddən artıq böyük problemdir. Yolda 14 saat olmaq az vaxt deyil. Ən pisi odur ki, səfərdə iki təyyarədən istifadə edəcəyik, Danimarkada təyyarəni dəyişərək hava limanında gözləyəcəyik. Uzun yolçuluq futbolçularda yorğunluğa gətirib çıxarır. Hələ adaptasiyanı da keçmək lazımdı. Getmək üçün bir o qədər narahat deyiləm. Ən çətini oyundan sonra qayıtmaq olacaq. Çünki futbolçular maksimum gücünü meydanda qoyacaqlar. Belə olan halda, onlar yaxşı istirahət etməli olduqları halda, bütün gecəni yolda olacağıq. Bu, ikinci matçımıza tam hazır olmaq baxımından problem yaradacaq. Məni ən çox narahat edən budur. Ancaq başqa çıxış yolumuz yoxdur. Hər bir halda çalışacağıq ki, ən düzgününü edək.

 

 

CEYHUN ƏLİYEV

 

16 Noyabr 2018
15 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB