TOP 10

Tərlan Əhmədovun “Qəbələ” “elçiliy”i

Futbol
Tarix: 2018-10-08 00:01

“Qəbələ”nin başının üstünü “qara buludlar” alıb. İlk dövrənin yekunlarına görə “qırmızı-qaralar” Yuri Syomindən sonrakı zamanda ilk dəfə turnir cədvəlinin alt sıralarında qərarlaşıblar. Bəli, ötən mövsümlə müqayisədə, komandanın büdcəsi azaldılıb. Ancaq nə qədər azaldılsa da, bu, 7 oyuna 5 xal toplamağa əsas vermir. Bəs, nə baş verir ki, əyalət təmsilçisi çökür?

 

Gün ərzində təcrübəli Ağasəlim Mircavadova da tribuna verdik, “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanova da. İndi isə kənardan görünən, gəzən söz-söhbətlər, faktlara söykənən məqamlara toxunacağıq.

 

“Qırmızı-qaralar” birinci dövrənin ilk yarısında super nəticələr əldə etməsələr də, kifayət qədər baxımlı futbol sərgiləyirdilər. Belədə, nəticələr özünü çox gözlətmir. Lakin son turlarda “Qəbələ” nəinki qələbələri sıralamadı, heç normal futbolla da diqqət çəkmədi. Əcəba, niyə? Axı, adətən çempionat start götürərkən komanda ideal formada olmasa da, tədricən irəliləyişə nail olur. “Qəbələ”də isə bunun əksini gördük.  “Zirə”yə qarşı hesabat turunun görüşündən sonra isə baş məşqçi başını götürüb getdi, heç mətbuat konfransına da qalmadı. Məhz “Zirə”ylə oyun bir sıra sualları ortaya çıaxrdı. Nəyə görə futbolçular meydançada can qoymurlar? 

 

Pulları gecikir? Bu, ciddi səbəb deyil. Çünki bu cür hadisə tez-tez yaşanıb, lakin “qırmızı-qaralar”ın rəhbərliyi hər kəsə müqavilə ilə borclu olduğu məbləği qəpiyinə kimi ödəyib.

 

Məşqlərdə də fiziki yorğunluq hiss olunur? Qətiyyən. Baş məşqçi də müsahibəsində qeyd etdi ki, futbolçular məşqdə kifayət qədər aktivdilər.

 

İndi isə kuluarlara baş vuraq. Dərhal Tərlan Əhmədov adı gündəmi zəbt edir. Bu məşqçinin vaxtilə “Səbail”ə getmək üçün necə canfəşanlıq etməsini bəlkə də oxucular bilmir. Lakin heç kim bilməsə də, özü gözəl, çox gözəl bilir. Ardınca “Neftçi”yə lövbər salmağı bacardı. Fərqli yolla, amma yenə də “Neftçi” ona elçi düşməmişdi, elçini özü göndərmişdi. İndi də “Qəbələ” rəhbərliyinə elçi göndərir. Özü də bir neçə istiqamətdən. 

 

Bununla da kifayətlənmir. Artıq adını çəkmədiyimiz bir klubun futbolçularına “hazırlaşın, qışda sizi “Qəbələ”yə gətirəcəm” mesajını da verib, “qırmızı-qaralar”ın bəzi futbolçularıyla görüşüb də. Hər halda, mənbələrimiz belə informasiyanı bizə ötürüb. Qısası, Əhmədov “çemodan” əhval-ruhiyyəsindədi. 

 

Əslində, peşəkarlıq baxımından bir insanın iş axtarması təbii haldı. Məsələnin mənəvi tərəfi ilə də – iş başında olan birisinin yerinə göz dikməklə - işimiz yoxdu. İşimiz “Qəbələ” rəhbərliyi ilədi. Klub yeni olsaydı futbol camiəsində nələrin baş verdiyindən rəhbərliyin xəbərsiz olmasını qabartmazdıq. Ancaq “Qəbələ” Avropa Liqasının qrupunda ardıcıl iki dəfə oynamış komandadı. Deməli, rəhbərliyi də zəngin klub idarəçiliyi təcrübəsinə malikdi. Başqa sözlə, kimin hansı işlə məşğul olmasını beş barmaqları kimi bilirlər. Səhvə yol versələr, bundan sonra günahı nə məşqçidə, nə futbolçularda, nə də digərlərində axtarmaq hüquqları olacaq. Birbaşa günahkar özləri olacaqlar.

 

Sabah qərar məlum olacaq. “Qəbələ” rəhbərliyi bu cür yolla komandanın “sükanı arxası”na keçmək istəyən birisini iş başına gətirsə, bizə ancaq “keçmiş olsun” demək qalacaq. 
 

CEYHUN  ƏLİYEV

09 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB