TOP 10

Sənan Qurbanov islahatlar vəd etdi: “Bilərəkdən oynamayan oyunçular şərəfsizdilər!”

Futbol
Tarix: 2018-10-07 20:20

Sənan Qurbanov nəhayət ki, sükutu pozdu. İki gündü susan gənc mütəxəssis Sport24.az-a verdiyi müsahibədə nə qədər diplomatik olmağa çalışsa da, bəzi məqamlara dolayısı ilə olsa da, aydınlıq gətirdi.

 

-    Yeddinci turda “Zirə”dən alınan məğlubiyyətdən sonra səsinizi eşidə bilmirik. Nə mətbuat konfransında göründünüz, nə də zənglərimizə cavab vermirsiniz...
-    Oyundan sonra özümü çox pis etdim. Ona görə konfransa girə bilmədim. Bu cür nəticələr məni çox məyus edir. Baxırsan ki, komanda oynayır, amma nəticə yoxdu.

 

-    Bu fikrinizlə tam razılaşa bilmərəm. Həqiqətən də “Neftçi”yə qarşı ikinci hissədə, “Sabah”la oyunboyu üstün oynadınız. Elə “Sumqayıt”la son dəqiqədə buraxılan qol nəticəsində 2 xal itirdiyin qarşılaşma barədə də müsbət fikir söyləmək olar. Ancaq “Keşlə” və xüsusilə “Zirə”yə qarşı futbolçularınız ayaq sürüyürdülər...
-    Doğru qeyd edirsiniz. “Zirə”ylə oyun məni çox üzdü. Həmin görüşdə nə “Zirə”, nə də biz futbol adına ortaya heç bir şey qoymadıq. Ən ədalətli nəticə də 0:0 olardı. Lakin öz komandamdan danışmalıyam ki, burda da etiraf edim ki, nəyə görə belə olduğunu anlaya bilmədim.

 

-    Azərbaycanda məşhur bir praktika var: futbolçular məşqçini yola salmaq istəyəndə məhz “Qəbələ”nin “Zirə”yə qarşı oynadığı üslubda çıxış edirlər...
-    Bilərəkdən oynamayan oyunçular şərəfsizdilər! Əgər “Qəbələ”də belələri varsa... İnanmıram. İnanmıram ki, komandamda belələri olsun. Bilirsiz, məşqlərdə futbolçular qol vurmaqdan daha çətinini prkatikada həyata keçirirlər. Oyun zamanı da bunu edirlər. Mən çıxıb futbolçunun yerinə 5 metrdən qol vura bilmərəm, axı. Uduzduqca da komandada psixoloji gərginlik artır. Artıq qapı qarşısında olanda inanmırlar ki, fərqlənə bilərlər.

 

-    Rəsmən komandadan getməyiniz rəsmiləşməyib?
-    Xeyr, rəhbərlikdən mənimlə əlaqə saxlayan olmayıb. Hansı qərarı qəbul etsələr, ona hörmətlə yanaşacam. “Xəmirim “Qəbələ”də yoğrulub”, bu komandanın uğurlu olması üçün istənilən qərara hazıram. Təki “Qəbələ” irəli getsin.

 

-    Bizdə olan məlumata görə, sabah komanda Qəbələdə toplaşır. Bu, Sənan Qurbanovun qərarıdı, yoxsa klub rəhbərliyinin?
-    Əvvəlcədən də planlaşdırmışdım ki, 2 günlük istirahətdən sonra komandanı yığım. Bu, mənim qərarımdı. Sabah axşam komanda Qəbələ şəhər stadionunda toplaşacaq.

 

-    Başqa sözlə, sabah istefaya göndərilməsəniz, iş başında olacaqsınız?
-    Tamamilə doğrudu. Bir az emosiyalara qapılmışdım.

 

-    Sonda bilmək istəyərdik: əgər klub rəhbərliyi sizinlə işbirliyini davam etdirmək qərarı versə, heyətdə ciddi islahatlar gözlənilirmi?
-    Bəli, birmənalı şəkildə. “Səbr kasam” dolub. Komadada ciddi islahatlar olacaq.

 

CEYHUN ƏLİYEV
 

09 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB