TOP 10

Mircavadov "Qəbələ"nin Qəbələyə qayıtmasını vacib şərt sayır: "Futbolçular bilərəkdən oynamaq istəmirlərsə..."

Futbol
Tarix: 2018-10-07 17:40

"Qəbələ" üçün cari çempionat nə qədər uğurlu startla yadda qalsa da, sonrakı çıxış bir o qədər pis oldu. "Qırmızı-qaralar"ın hələ ki görüb-görəcəyi yeganə qələbə ilk turda "Səbail"i evdə 3:0 hesabıyla məğlub etməsidi. Vəziyyət o dərəcədə pis oldu ki, Sənan Qurbanovun yetirmələri ilk dövrənin son turunda bunadək qələbəyə həsrət olan "Zirə"yə də uduzdu. Birinci dövrəni 5 xalla 6-cı yerdə bitirən "Qəbələ"nin hazırkı vəziyyəti ilə bağlı Ağasəlim Mircavadovla söhbətləşdik. Təcrübəli mütəxəssis Sport24.az-a müsahibəsində maraqlı mətləblərə toxundu. 

 

- İlk dövrənin ən sürpriz nəticələrindən biri kimi "Qəbələ"nin autsayderlər sırasında yer alması oldu. Yaxın keçmişdə çempionluğa oynayan komandanın belə uğursuz çıxışını necə qarşıladınız və buna əsas səbəb kimi nəyi görürsünüz?

- "Qəbələ" Premyer Liqaya birinci liqadan gəlib və neçə ildi çempion olmaq üçün hazırlaşır. Bu illərdə ilk olaraq infrastuktura diqqət yetirdilər, yavaş-yavaş bunu düzəltdilər. Bir məqsədə çatmaq üçün pillə-pillə addımlayırlar, sonadək gəlirlər. Deyərdim ki, bu, çox alqışalayiq məqamdı. Elə bir mərhələyə gəliblər ki, infrastrukturları Azərbaycanda "1 nömrə"di. Belə baxanda, heç Avropada da beləsi yoxdu. 1-ci yerə iddialı idilər. Bu məqsədilə əcnəbi baş məşqçilərin də xidmətindən istifadə etdilər. Bununla bağlı öz fikirləri var və buna qarışmaq istəmirəm. Hər prezidentin, hər klubun öz strategiyası var. Əcnəbilərlə çempionluq alınmadı və onu deyim ki, bu müddətdə külli miqdarda maliyyə vəsaiti getdi. Onun acısı indi çıxır ki, niyə "Qəbələ" bu 3-4 ayın içində belə pis vəziyyətə düşüb. Məlumdur ki, aparıcı futbolçuları getdi - Filip Ozobiç "Qarabağ"a, Baqali Dabo "Neftçi"yə. Gedişlərinin səbəblərini dəqiq bilmirik, ordan-burdan eşidirik. "Qəbələ"də nə hadisələr olur, çox maraqlıdı. 

 

- Məlumdur ki, "Qəbələ"nin büdcəsi əvvəlki kimi deyil, xeyli azalıb. Bu amil futbolçuların çıxışına öz təsirini göstərirmi?

- Bir peşəkar kimi onu deyə bilərəm ki, futbolçular nəsə başqa hərəkət edirlərsə, oynamaq istəmirlərsə, onda bu, onların peşəkarlıqdan uzaq olması deməkdi. Çünki "Qəbələ"nin rəhbərliyi futbolçulara hərtərəfli əla baxıb. Maliyyə vəziyyəti pisdi, məvaciblər gec ödənilir - futbolçular buna dözməli və öz peşəkar işlərini görməlidi. Bu, qanundu. "Qarabağ"da, "Şəmkir"də də belə vəziyyətdə işləmişəm. Hadisələr olub ki, maaşlar bir az gec verilib.  Ancaq işimizi davam etdirmişik və qələbələrimizi qazanmışıq. Təbii ki, bu, "Qəbələ"də belədirsə, bunu fərz edirəm. Ancaq başqa şeyləri deyə bilmirəm, çünki klubun daxilində deyiləm.

 

- Futbolçuların qəsdən oynamamasına toxunaq...

- (sözümü kəsir) Bunu fərz elədim. Buna inanmıram ki, bilə-bilə oynamasınlar. Edirlərsə, bu, səhv fikirdi. Olmaz belə, olmaz. Rəhbərliyə qarşı belə hərəkət etmək olmaz. Üstəlik, ona görə ki, həmin rəhbərlik futbolçulara həddən çox şeylər verib - həm prezidenti, həm də vitse-prezidenti, orda işləyən şəxslər. "Qəbələ"də yaradılan şəraiti gördüyüm üçün deyirəm. 

 

- Biz də versiyamızı irəli sürdük və buna münasibətinizi bilmək istərdik. Bir sıra futbolçuların ayaqlarını sürüməsi aşkar hiss olunur. Təcrübəli mütəxəssis olaraq bunu baş məşqçini istəməmələri, Sənan Qurbanovu yola salmaq mesajı arzusu adlandıra bilərsiniz?

- Vallah, bunu deyə bilmərəm. Gəlin, belə danışaq, məşqçi barəsində danışmaq istəmirəm. Heç vaxt məşqçini tənqid etməmişəm, buna ixtiyarım da yoxdu. O, həmkarımdı, onları həmişə müsbət qəbul etmişəm. Baş məşqçi məsələsi klubun rəhbərliyinin daxili işidi. Bir də ki Sənan görün neçə ildi ordadı. O, Ramiz Məmmədovla, Yuri Syominlə, Dorinel Muntyanuyla, Roman Qriqorçukla işləyib. Qurbanov hər şeyə hazır olmalıdı, futbolçularla normal halda çalışmalıdı. Belə şeyə inanmıram ki, futbolçular baş məşqçini istəmədiklərinə görə oynamasınlar.

 

- Sənan Qurbanov 2012-ci ildən əsas komandadadı, ancaq bu müddətdə köməkçi məşqçi olub. Bəlkə baş məşqçi işləmədiyindən o yükü daşımağa təcrübəsi çatmadı?

- Bu, başqa sualdı. Ola bilər ki, belədi. Baş məşqçinin işi bilinir və o haqda danışmağa ixtiyarım yoxdu. Hətta bilsəm də, onu demərəm. Çünki elə tərbiyə almamışam. "Qəbələ"nin oyunlarına baxıram.

 

- Kənardan necə təəssürat oyadır sizdə?

- Fikirləşirəm ki, əksəriyyəti yığmanın futbolçularıdı, niyə zəif oynayırlar, niyə oyunda hirslənirlər, bir-birlərinin üstünə qışqırırlar? Bunu görürəm və problemlərin olduğu hiss olunur. Bilirsiniz, "Qəbələ"ni itirmək olmaz. Çox klubları itirmişik, "Qəbələ" də onların sırasında olmamalıdı. Ən azı bir şeyə görə ki, onun böyük bir akademiyası, yüksək səviyyədə şəraiti var. Burda həm klubun özü, həm yığmalar, həm də Azərbaycan futbolu üçün yaxşı futbolçular hazırlamaq olar.

 

- Sizcə, indiki dövrdə "Qəbələ"də heyətlə bağlı hansı islahatı aparmağa ehtiyac var? Bəlkə öz akademiyalarının yetirmələrini daha çox oynatmaq, fayda verməyən legionerləri və yerli futbolçuları yola salmaq lazımdı?

- Birinci onu bilmək lazımdı ki, klubun məqsədi nədi. Həmişə bir klub yarananda, çempionatda oynayanda bir şeyi yaddan çıxardırıq ki, klubun uzunmüddətli məqsədi nədi. Məsələn, Olimpiya Oyunları üçün 4 illik proqram olur. "Qəbələ" bu müddətdə akademiyası üçün çox işlər görüb. Amma burda əsas amillərdən biri odur ki, hansısa ildə çempion olmalı idilər. Bunun üçün onlarda şərait də var idi. Rəhbərlik də çempionluğu qazanmaq üçün xarici mütəxəssislərlə işləyirdi. Onlara inandılar və həddən artıq yaxşı şərait də yaratdılar. Ancaq çempionluğu qazana bilmədi. Niyə? Bax, bu suala cavab tapmaq lazımdı. Buna cavabı özləri də tapa bilərlər. Rəhbərliyi nəzərdə tuturam. Yerli baş məşqçini qoydular, Sənan da bu mətbəxin içindədi, bilir nə var-nə yox. Sakit halda işini görməlidi, futbolçularla mehriban ailə qurmalıdı. Komanda bir ailədi. Hansısa baş məşqçi bunu yarada bilirsə, gec-tez uğur olacaq. Bu, qanundu. 

 

- Bu çətin vəziyyətdən çıxmaq üçün rəhbərlik hansı radikal dəyişikliyi edə bilər?

- Bunu deyə bilmərəm. Rəhbərliyə böyük hörmətim var. Çünki Azərbaycan futbolu üçün böyük işlər görüblər. Gəlin, bunu qəbul edək. Bu, kağız üzərində olan söz yox, faktdı. Məlun şeydi ki, bu çətin vəziyyətdən çıxmalıdırlar. Çıxmasalar, ağır olacaq.  Heyfsilənirəm ki, "Qəbələ" belə vəziyyətdədi. Bu klubu itirsək, daha da kədərlənərəm. Onu itirmək olmaz, əksinə, qalmalıdı və buna kömək etməliyik. "Qəbələ" 1-ci yer uğrunda mübarizə aparmalıdı. Onsuz da bizdə çempionluq uğrunda az komanda mübarizə aparır. 

 

- "Qəbələ"yə kömək etmək lazım olduğunu vurğuladınız. Bir təcrübəli mütəxəssis kimi komandanı çətin vəziyyətdən çıxarmaq üçün onların rəhbərliyindən işbirliyi ilə bağlı təklif gözləyirsiniz?

- Mənə bunu deməyiblər, ona görə heç nə deyə bilmərəm. Hər şeyə kömək etməyə hazıram. Ona qabiliyyətim də var, ağlım da, gücüm də, biliyim də. O məsələ rəhbərlikdən asılıdı. Ona görə kömək etmək lazım olduğunu dedim ki, bir çox klublar əldən getdi - "Xəzər Lənkəran", "Bakı". Klubları belə itirmək lazım deyil.

 

- "Qəbələ" son 2 mövsümdə doğma məkandan kənarda qalıb, paytaxtda məskunlaşıb. Sizcə, bu, nə dərəcədə düzgün addımdı və indiki məqamda Qəbələyə qayıtmaq vacib şərtdimi? Onu da nəzərə alaq ki, məşqçilik karyeranızda əyalətdə çox işləmisiniz...

- Sizə bir söz deyim, komanda hansı bölgəni təmsil edir?

 

- Qəbələni...

- Orda da qalmalıdı. Bu, qanuni bir şeydi. Çünki özüm çox görmüşəm belə vəziyyəti. Konkret 2 klubda. "Qarabağ"da hadisələr olandan sonra Azərbaycanın hansı bölgələrində qalmadıq - Salyan, Mingəçevir, Sumqayıt, Bakı. Gəzirdik, çünki məcbur idik. Ağdamda şəraitimiz ideal da olmasa, yaxşı idi. Camaatı da əla idi, onlarla, azarkeşlərlə ünsiyyətdə idik. Məşqə 500-1000 nəfər gəlirdi. Stadionumuz kiçik idi, oyunlarımız vaxtı yerlərin hamısı dolurdu. "Qarabağ"ın oyunu ordakı insanlar üçün istirahət idi. "Xəzər Lənkəran"da isə stadionda təmir gedəndə oyundan-oyuna gedirdik. Çünki məşq etməyə yerimiz yox idi. Maşallah, Qəbələdə 10 meydança var. Mən də eşitdim ki, "Qəbələ" Qriqorçukun vaxtında gəlib Bakıda qalırdı. Guya biz orda qala bilmirik.

 

- Deyirlər ki, Qəbələdə darıxırıq...

- Nə darıxmaq, ay qardaş. Məgər xaricdən futbolçu gələndə bilmir hara gəlir? Məni bağışlayın, legionerə 3-5 manat vermirlər ki. Düz deyil?

 

- Bəli, elədi...

- Xaricilərin qabağında niyə həmişə özümüzü kiçiltməliyik? O sənə şərt qoyanda ki, bu qədər məbləğ ver, sən də şərt qoy ki Qəbələ sənindi, hansı oteldə istəyirsən qal, meydançalar sənindi. Aldığın məbləğə cavab olaraq mənə 1-ci yeri verməlisən. Belə olmalıdı. Mənə qarşı belə hərəkət olub, Allaha şükür, pis-yaxşı işləmişik. 

 

MEHMAN SÜLEYMANOV

09 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB