TOP 10

Dmitri KRAMARENKO – Made in AZERBAİJAN! - II hissə

Futbol
Tarix: 2018-09-28 21:00

(əvvəli bu linkdə - http://sport24.az/news/19332)   

 

- Ohohou, yenə “Spartak”... Dizlərin əsirdi?


Dodaqlarında təbəssüm, gözlərindəki dərinlik – gülümsəməsi onu 20 il əvvələ aparmışdı, bəbklərindən alov yağır. Gözləri yaralı aslanı xatırladırdı, “Spartak”dan aldığı yaranın əvəzini çıxmaq eşqi ilə alışıb-yanan aslanı!


- Sübut edə bildin?
- Yəqin ki (qəhqənəh çəkir)... 2:0 qalib gəldik! Əməlli başlı qırğın getdi. Amma “Spartak”ı udduq.

 

“Millimiz üçün canımı verməyə hazır idim”

- Bir qədər əvvəlki suala qayıdaq. Deyirsən ki, zədələr stabil oyun göstərməyə mane olurdu. Axı, yığmada bunu hiss etmirdik...
- Karyeramı bitirdikdən sonra bu sualı özüm də özümə tez-tez vermişəm. Uzun illər sonra başa düşdüm ki, Bakıya gələndə özümü tam sərbəst hiss edirdim, doğma “divarlar arsı”na düşürdüm. Bunu iliyimlə hiss edirdim ki, atama görə də, özümə görə də məni dəlicəsinə sevirlər. Bax, bu hisslər məni motivasiya edirdi. İnanın, SSRi dağılmasaydı, yaxud MDB çempionatına transformasiya olsaydı, heç vaxt Azərbaycandan getməzdim! Bunu sizə deməyim artıqdı, hər halda dəfələrlə özünüz də yazılarınızda bu faktı qeyd etmsiniz ki, atam da Azərbaycana bağlı olub və yalnız bir dəfə “Neftçi”ni “Çernomorets”ə dəyişib. Sadəcə, oxucularınız üçün maraqlı olar deyə xatırladım ki, onda Əhməd Ələsgərovla gedişinin yeganə səbəbi “Neftçi”də ehtiyatda qalmaq istəməməsi olub. Bax, mən də bu torpağa bağlıyam. 

 

- Gəl, bir daha Tofiq Bəhramov stadionuna qayıdaq. Neçə-neçə “ölü toplar” çıxarmısan!? Neçə dəfə 30 mindən artıq insan “Dima, Dima” hayqırıb...
- Bu anları unutmaq olarmı? Millimiz üçün canımı verməyə hazır idim. İnanın, hər dəfə milliyə dəvət olunanda inanılmaz sevinc hissi keçirirdim. Qürur öz yerində, məhz sevinc. Çünki bilirdim ki, bu torpaqda məni sevirlər, burda hər bir azarkeş məni öz doğması sayır. Düşünrəm ki, bu, mənə genetik keçib. 

 

- Pul davası heç vaxt etməmisən?
- Siz nə danışırsınız?! Mən Rusiya klublarında elə pullar qazanırdım ki, ayağımdan girib, başımdan çıxırdı. Mən Vətənimin adı uğrunda oynamağa gəlirdim. Bundan böyük şərəf yoxdu!

 

 

Kramarenkonun sirli qutusu: cırılan müqavilə 

- Klub karyerana qayıdaq. “Alaniya”da yenidən parladın. Bunda sonra “Dinamo”ya keçdin...
- Dayanın. Bu keçidlə bağlı bir sirli səhifəni açmaq istəyirəm. Moskvanın “Torpedo” komandasından Tarxanov, “Spartak”dan Romantsev dəvət göndərmişdilər. Ancaq mən Syominin çalışdırdığı “Lokomotiv”i seçdim. Çox sonralar "Qəbələ"də birgə işlədiyimiz, köməkçisi olduğum Yuri Pavloviç onda evimizə də gəlmişdi. Söhbət etdik, ortaq məxrəcə gəldik. Sonra ilkin müqaviləni imzaladıq.

 

- Bir dəqiqə, axı, sən heç vaxt “Lokomotiv”də oynamamısan...
-  Elədir ki, var. Bu əhvalatın davamı fərqli istiqamət götürdü. Atam sabiq komanda yoldaşının sahibi olduğu “Dinamo” stadionunun “Press bar”ında çalışırdı. Axşam dilxor vəziyyətdə evə gəldi. Soruşuruq, nə olub? Deyir, işdən çıxdım. Mixaylevski onu işdən çıxarmışdı. Çünki Nikolay Tolstıxa söz veribmiş ki, Dima “Dinamo”nun şərəfini qoruyacaq. Heç nə demədim. Ertəsi gün getdim Vladimir İvanoviçin yanına. Mənə də dedi ki, Tolstıxa söz vermişdim və bundan sonra Sergey Sergeyeviçin burda işləməsi mümkün deyil. Başa düşürdüm ki, “Dinamo”nu Beskov çalışdırır. Bilirdim ki, yaşca məndən böyük 2 qapıçıları var və belədə, oynamaq şansı qazanmayacam. Ancaq “Loko”da əsas qapıçı olacaqdım. Çünki Yuri Pavloviç Ovçinnikovun getdiyini və “1 nömrə”nin mənə veriləcəyinə dair söz vermişdi. Müqaviləni cırıb atdım. Bundan sonra Syominlə görüşdüm və izah etdim ki, atamın işsiz qalmasına göz yuma bilmərəm. Bəli, atamı işə qaytardılar, ancaq mən birdəfəlik əvəzedici skamyanın sakininə çevrilirəm. Yalnız 1 ildən artıq vaxt keçdikdən sonra komandaya Valeri Qazzayev gəlir və yenidən oynamağa başlayıram.

 

- Bir qədər dalğavari alınsa da... “Alaniya” “Spartak”a uduzduğu “qızıl oyun”dan sonrakı anlar maraqlıdı. Nazim Süleymanov yüz faizli qol imkanını qaçırır, digər həmyerlimiz isə, yəni sən, lazımsız qol buraxır. Paltardəyişmə otağında nələr baş verdi?
- Elə bir qlobal hadisə yaşanmadı. Sadəcə, Nazimlə vidalaşmaq qərarını verdi. Hərçənd, bunu da qeyd edim ki, Sülemanovu Vladiqafqazda Qazzayevdən də çox sevirlər. Mənə gəlincə, əsas heyətdəki yerimi dərhal itirdim.

 

- “Alaniya”nın çempion olduğu mövsüm səni dəvət etməmişdilər?
- Yox, elə bir variant olmamışdı.

 

 

Beskovla münaqişə, “Atletiko”dan imtina...

- Konstantin Beskovla arandakı soyuqluğun tarixçəsi necə olub?
- Əvvəl-əvvəl hər şey qaydasında idi. Lakin bir dəfə Almaniyada keçirilən mini-futbol üzrə beynəxalq turnirdə aramız dəydi. Konstantin İvanoviç tez-tez hücuma qoşulmağımı bəyənmirdi. Bu, mini-futbolun yazılmamış qanunu idi ki, hücum zamanı qapıçı da irəli çıxır və komandasına kömək edir. Hətta 1 qola da imza atmışdım. Ancaq Beskov mənə “oğul, qapıdan çıxma”, dedi. Cavan idim, Beskova dedim ki, bu oyunun qaydası belədi və hamı belə edir. Vəssallam, bununla da Beskovun “qara siyahısı”na düşdüm. Bundan sonra oyunlarda məni heyətə qoymadı, qapıda Kleymyonov və Smetaninə şans verirdi. Altı komanda arasında 5-ci olduq, özü də hər iki qapıçı çox pis çıxış etdilər. Buna baxmayaraq, Konstantin İvanoviç mənə şans tanımadı.

 

- Daha bir maraqlı səhifə Madrid “Atletiko”su ilə bağlıdı. Azərbaycanlı qapıçının dünya şöhrətli “Atletiko”nun düşərgəsinə baxışa yollanması  böyük hadisə idi...
-  Təsadüfən alındı. “Dinamo”da rəhbərlik dəyişikliyi baş vermişdi. Həmin vaxt atama çoxdan İspaniyada yaşayan dostlarından biri - əslən bakılı olan Vladimir Meniaşvili baş çəkdi. Həmin vaxt o, agent idi. Atama bu təklifi edəndə, ciddiyə almamışdı. Lakin Meniaşvili təkid etdi və bu yolla İspaniyaya üz tutdum. Qış fasiləsi idi. Klub rəhbərliyi məni isti qarşıladı. "Atletiko"nun baş məşqçisi Luis Araqones idi. İkinci heyətdə məşq etməyə başladım. Təqribən 1 aydan sonra mənə müqavilə təklif etdilər. Şərtlərə əsasən 2-ci komandada oynamalı idim. Belə baxanda, həmin heyət də olduqca güclü idi. Elə bircə faktı deyim: əsas heyətlə yoxlama görüşü keçirmişdik və oyun 2:2 hesablı heç-heçə başa çatmışdı. Lakin eyni gündə atamla telefonla danışanda Valeri Qazzayevin MOİK-i qəbul etdiyini bildirdi və məni komandasında görmək istədiyini əlavə etdi.

 

 

Bütün yollar... Qazzayevlə rastlaşdırır

- Yenə Qazzayev?..
- Qismətdi da... Valeri Georgiyeviç mənə açıq bildirdi ki, əsas qapıçısı Veniamin Mandrıkin olacaq. Yaşım az deyildi. Qərara gəldim ki, razılaşım. Bir müddət sonra Mandrıkin zədələndi və əsas heyətə cəlb olundum. Bir il sonra MOİK-in prezidenti Yevgeni Giner məni görüşə çağırdı və əməkdaşlığımızın davam etməsində maraqlı olduğunu bildirdi.

 

- 2003-də MOİK-lə Rusiya çempionu olsan da, 3-cü qapıçı idin...
- Həmin vaxt Qazzayev həm də millinin “sükanı arxası”na keçdi. Hiyləgər addım atdı onda. İtaliyadan Ruslan Niqmatullini gətirdi və eyni zamanda onu yığmanın da “1 nömrə”si etdi. Bax, beləcə, mən arxa plana keçirildim.

 

- Fakt faktlığında qalır ki, indiyədək 2 azərbaycanlıya Rusiya çempionluğu nəsib olub – Nazim Süleymanov və sən...
- Yox e, mən başqa cür yanaşıram. MOİK-lə çempionluq yaşadığım mövsüm cəmi 3 oyunda meydana çıxmışam. Kim üçünsə bu, böyük bir tarixi hadisə ola bilər, mən fərqli düşünürəm.

 

- Karyeranda qırılma nöqtəsini axtarsaq..?
- Peşəkar futbolda ilk addımlarımı atırdım. Türkiyədən dəvət gəlmişdi. Ürəyimə yatmamışdı Türkiyə. Düşünürdüm ki, orda ciddi futbolçu ola bilməyəcəm. Ancaq “Lokomotiv”lə bağladığım müqavilə... Hə, bax, onda zirvəyə doğru irəliləyəcəkdim. Buna əminəm. Amma atam mənə daha əziz idi.

 

- Bəs, “Atletiko” səhifəsi?
- Peşman deyiləm. Bilirsiniz niyə? Çünki karyeram İspaniyaya bağlansaydı, bu gün yəqin ki, bu iki gül qızım olmazdı.

 

 

Üçqat Avropa çempionunun atası

- Qızlardan söz saldınsa, ailə qurmağın necə alındı?
- Maşallah, super alındı. Hərçənd, atam həyat yoldaşımın Bakıdan olmasını çox istəyirdi. Yeri gələndə, anamdan da çox. O deyirdi ki, gəlin mütləq burdan olmalıdı. Atamda belə bir prinsipiallıq vardı. Uzun müddət mənə qız axtarırdılar. 

 

- Gec evlənmisən...
- Çox gec – 30-un astanasında. Bakıda mənimlə kimləri daha tanış etmirdilər... Nəsə evliliyim alınmırdı, ya qız xoşuma gəlmirdi, ya başqa şey. İrayla Moskvada tanış olduq, uzun müddət görüşdük. Azərbaycan ailəsində olduğu kimi, atam gəlini uzun müddət qəbul etmirdi. Necə ki, vaxtında Adil babam anamı. Deyirdi ki, yalnız meyidimin üstündən keçərək bu iş həll ola bilər. 1 il atamla danışmırdı. Sonda atam anamı azərbaycansayağı “oğurladı”. Sonradan hamısı birlikdə yaşadı və babam anamı elə sevdi ki... Məndə də eyni əhvalat oldu. 

 

- Sən də həyat yoldaşını qaçırtmısan?
- Yox. Məndə oğurlamağa bir şey yox idi (gülür). Həyat yoldaşım müsəlmandı, sadəcə, azərbaycanlı deyil, tatardı. Yəni bakılı deyil. Ailə qurduq, 2004-cü ildə ata oldum. Elə bir sevincli idim. Əkiz qızlarım oldu – Lalə və Diana.

 

- Lalə gimnastikayla məşğul olur, hətta Rusiya çempionu olub...
- O, bu yay 3 qat Avropa çempionu oldu! Atamın “kopyası”dı – xasiyyəti, prnsipiallığı.

 

- Ancaq Rusiya yığmasında çıxış edir...
- Bəli. Ancaq gimnastikaya Bakıda başlayıb. 4-6 yaşların 3 il stabil burda gimnastikaya gedərək ilk addımlarını atıb. Bazasını bakılı məşqçilər qoyublar – “Spartak” cəmiyyətində. Sonradan beynəlxalq turnirə çıxdı və ona rusiyalı mütəxəssislər diqqət yetirdilər. Mənə müraciət edəndə, baxdım ki, burda elə bir tərpəniş yoxdu. Nə zəng var, nə dəvət. Yekunda qızıma dedim ki, Rusiyada çıxış edərsən. Cavab verdi ki, ata, niyə də yox?! Başladı Moskvada gimnasitikayla məşğul olmağa. Bundan düz 1 il sonra Rusiya çempionu oldu. Özü də yaşıdları arasında yox, özündən 2 yaş böyüklər arasında. Lalə 2004-cü il təvəllüdlüdü, 2002-cilər arasında ölkə çempionluğunu qazandı. Bir az keçəndən sonra beynəlxaql turnirlərin qalibi olmağa başladı. Bu yaxında isə Avropa çempionatında 3 qızıl medal götürdü. Bu, son vaxtlarda mənim üçün elə bir böyük sevincli hissi idi ki, bunu sözlə ifadə etmək çox çətindi. 

 

- Ailən neçə vaxtdı Moskvada yaşayır...
- Bəli. Lalə daha çox səfərlərdə olur. Məktəbə Moskvada gedir.  Ailəm daha çox Laləyə görə ordadı, nəinki Dianaya. Çünki Lalənin hazırkı gimnastika həyatı Moskvaya bağlıdı, məşqləri orda olur. Ancaq qızlarım məktəbə Bakıda gedirdilər - 160 saylıya. Burda idmanla məşğul olmağa başaldılar. Lalə gimnastikayla, həmçinin musiqiylə, Diana tennislə.

 

- İndi Diana nəylə məşğul olur?
- Əkiz  olsalar da, bacısnın tam əksidi. Lalənin idman xarakteri varsa, Dianada birinci yerdə təhsildi. Anam onunla məşğul olur.  Lalənin məşqdə 7-8 saatlıq elə ağır yükləmələri olur ki…Bir dəfə “Neftçi”də işlədiyim zaman məşq qrafikimizi oxuyaraq mənə dedi ki, ata, siz məşq etmirisniz ki, istirahət edirsiniz (gülür). Çünki gündə cəmi 1,5 saatlıq məşqimiz vardı. Qızımda isə belə deyl - səhər 10-da xoreoqrafiya, 11-də bu, 12-də başqa şey və s. Mən də dedim ki, Lalə, bunlar fərqli idman növləridi.

 

- Neçə illərdi ailəndən kənarda yaşayırsan. Sən burda, onlar Moskvada...
- Əlbəttə, çox çətindi. Ancaq açıq danışmaq lazımdı - indi Qurban Qurbanov məni milli komandaya dəvət etdi ki, buna görə çox minnətdaram, düşünmürdüm ki, burda – “Qəbələ”də, “Neftçi”də işləyəndən sonra Azərbaycana qayıdıb çalışacam. Burdan gedəndən sonra MOİK-in futbol akademiyasında işlədim. Çox ağır iş idi və birdən birbaşa Qurban Qurbanovdan mənə dəvət gəlir. Qardaşı Musa zəng vurmuşdu. Dedilər ki, millidə köklü dəyişiklər baş verir və səni də komandamızda görmək istəyirik. Mən də fikirləşmədən razılığımı verdim. 

 

- Bir növ belə subay həyat çətin deyil?
- Belə deyim ki, istirahət etməsən, işləsən, onda yetərincə asan olur. Ailəmə o qədər bağlıyam, sadiqəm ki, bu, mənə valideynlərimdən gəlib. Bütün fikirlərimi işə yönəldirəm. Bəli, əlbəttə, dost-tanışla da görüşmək istəyirsən. Ancaq özünüz də bilirsiniz ki, uşaqlar tez böyüyürlər, onlara hər mənada diqqət lazımdı. Buna görə hər şeyini onlara verirsən ki, heç bir ehtiyacları olmasın. Yəqin, bu, adama kömək olur.

 

 

İçki, rejim, Banişevski…

- Həm Rusiya, həm də Azərbaycan klublarında çıxış etmisən. Futbolçuların idman rejimləri arasında fərq necədi? 
- Bu yaxında bir şeyə diqqət yetirmişəm. Bizdə deyirlər ki, futbolçu nəsli yetişmir. Yox, elə deyil, gənc futbolçularımız var - Mahir Mədətov, Rəhman Hacıyev, Mirabdulla Abbasov, Namiq Ələsgərov və s. Yəni üzə çıxan istedadlar var. Mirabdulla “Keşlə”ylə matçda sonda çıxdı, oyunun müqəddəratını həll etdi, komandasının qələbəsinin əsas səbəbkarı oldu. Onu yaxşı tanıyıram, çünki “Neftçi”də onunla işləmişəm. Başına döyə-döyə anladırdım ki, hər cür göstəricin var, üzərində çox işlə. Əsas məsələ budu ki, futbolçuların özləri özlərini  necə hazırlaşdıracaqlar. Məşqçinin onlara verdiyi hazırlıq azdı. Bu, hazırlıq təkcə futbolda yox, həyatda, məişətdə də olmalıdı. Allah sənə hansı istedadı verir, bunu işgüzarlıq hesabına artırmaq olar. Gimnastikaya qayıtsaq, niyə İrina Viner 20 ildir işini heç kimə vermir. O deyir ki, uğurun açarı 30 faiz istedaddı, 70 faiz işgüzarlıq. Buna görə də gənc perspektivli oyunçularımızın qabağa getməsi futbola düzgün yanaşmanın, necə başa düşməsindən çox asılı olacaq. Onlar futbola sadiq qalsalar, əyləncəni arxa plana keçirsələr, onda inkişaf edəcəklər. Mənə elə gəlir ki, ən vacibi budu. İstedadın varsa, hər şeydən imtina edərək öz üzərində işləməlisən ki, gələcəkdə bunun bəhrəsini görəsən. Bu, tək bizim futbolçularda deyil. Rusiyada da belə problem var. “Dinamo”ya gəldiyim zaman o qədər istedadlar vardı. Ancaq hərəsi bir yerdə it-bat oldu. Ona görə işinə sadiq qalanlar futbolda böyüyürlər. 

 

- Rusiyada idman rejimini pozmaqla, əyləncəyə, içkiyə meyl etməklə bağlı hansı halları xatırlaya bilərsən?
- Bu, nə qədər desən vardı. Allah məni bundan qorumuşdu. Heç vaxt spirtli içki içməmişəm. Məni tanıyanlar bilir ki, içkiyə yaxın durmamışam. Hətta şampan içməmişəm. Özüm bununla rastlaşmışam. Hər matçdan sonra futbolçular dostlarıyla bir araya gələrək stress atırdılar, içkiyə pivəylə başlayaraq araqla qurtarırdılar. Atam bu yöndə məni yaxşı hazırlaşdırmışdı. Deyirdi ki, nə vaxt qədəhi qaldıracaqsan, ondaca futbolçu kimi özünü bitirəcəksək. Çox əhvalat olub, sadəcə, konkret danışmaq istəmirsən. Çünki bu, etik cəhətdən düzgün olmaz. Fikrimcə, indi Rusiyada çox futbolçu düşünür ki, növbəti dəfə harasa – bara, restorana getsinmi.    

 

- Bu, oyundan sonra idi. Bəs oyundan əvvəl?
- Bu da olurdu ki, kimsə təlim-məşq toplanışından qaçaraq kiminsə yanına gedirdi, qızla görüşürdü. Burda da konkretliyə getmək düzgün olmaz. 

 

- İstedad və içki aludəçisi deyəndə, bizdə Anatoli Banişevski yada düşür. Atan Anatoli Andreyeviçi necə xatırlayırdı?
- Atam ilk dəfə Banişevskini görəndə, anama gəlib demişdi ki, belə bir oğlan peyda olub, ağlasılmaz istedaddı. Bura işgüzarlıq da əlavə olunanda, futbolçu artırır. Ona Tolik əmi deyirdim, demək olar bir məhlədə böyümüşük.  Banişevskinin “dostları” olmasaydı... Hamı onunla oturub yeyib-içməyi xoşbəxtlik sayırdı. Banişevski necə güclü futbolçumuz, əfsanəmiz olub, təsəvvür edin ki, rejimə əməl etsəydi,  içkidən uzaq olsaydı, necə oyunçu olardı. İndi hamı Ronaldo və Messidən danışır. Necə ağır yükləmələr altında olurlar, ancaq neçə illərdi dünyanın ən güclü futbolçuları olurlar, bu, məndə böyük maraq oyadıb. Təsəvvür edin ki, Banişevski Messi kimi sağlam həyat tərzi keçirsəydi, necə olardı. Xaraktercə çox mülayim insan idi və heç kimə etiraz edə bilmirdi. Təəssüf ki, həyatda belə şeylər də olur.

 

 

Ən böyük arzu

- Səninlə söhbətdə Kamran Ağayev mövzusuna toxunmaya bilmərik. Son olaraq bu haqda danışaq ki, onun qapıçı kimi yetişməyində sənin böyük rolun olub. 20 yaşında “Xəzər Lənkəran”a düşən Kamranı hazırlamaqla, ehtiyatda oturmağı üstün tutmaqla, özünü qurban verməklə gənc həmkarının üzə çıxmasında bilavasitə rol oynamısan. Ağayevi ilk görəndə dərhal gözün tutdu ki, bu, böyük istedaddı və ona yol açmaq lazımdı?

- Konkret Kamran haqda danışanda, onu ilk olaraq hazırlaşdıranların əməyini xüsusi qeyd etmək lazımdı. Bu, göstərilən böyük xidmətdi ki, Kamran kimin rəhbərliyi altında futbolda ilk addımlarını atıb. “Xəzər Lənkəran”a gəldiyim zaman Ağasəlim Mircavadov baş məşqçi idi. Artıq “qoca kişi” idim. Kamranda böyük potensial gördüm. Ona belə gənc yaşında kimsə dayaq durmalı idi. Belə olan halda, Ağasəlim müəllimə dedim ki, istənilən anda kömək olaram, ancaq bu oğlanda böyük potensial görürəm, gəlin, ona şans verək. Kamranla bilavasitə özüm işləyəcəm və oynaması lazımdı. Əvvəlcə Ağasəlim müəllim təşəbbüsümü bəyənmədi, tərəddüd edirdi, dedi ki, çox gəncdi. Cavab verdim ki, eybi yoxdu. xatırlayırsınız, bir vaxtlar Aleksandr Jidkov “Neftçi”yə gələndə atam bu gənc, perspektivli qapıçı ilə necə işlədi. Gəlin, Kamranı da sınayaq. Beləcə, 2006-cı ildə Ağayevlə işləməyə başladıq - məşq, oyun. Həmin vaxt arıq milli karyeramı bitirmişdim. Az sonra isə Kamran millimizə dəvət olundu və artıq 10 ildir orda çıxış edir. Yəni o sözümə qayıdıram ki, futbolçuda istedad və işgüzarlıq varsa, ona etimad göstərmək lazımdı. Həmin vaxt Kamran tapşırıqlarımın praktiki olaraq hamısını yerinə yetirirdi. Sonradan ailəsində faciə baş verdi, anasa dünyasını dəyişdi. Bu, psixoloji cəhətdən ona zərbə oldu. Sonradan isə mənə elə gəlir ki, dostların, ətrafın təsiri altında bir qədər kənar işlərə meylləndi. Ancaq məşqlərə gəlincə, xatırlamıram ki, nə vaxtsa biganə yanaşsın. Ancaq nəsə ona konsentrasiya olumağa mane olurdu. Bilmirəm, bu, nəylə bağlıdı. Çox klub dəyişdi, yaxşı çempionatlara - Portuqaliyaya, Çexiyaya dəvət etdilər, ancaq orda çox qalmadı. Hardasa xarakter öz sözünü dedi, ancaq 32 yaşı olsa da, hələ də potensial var. 

 

- Kamran Ağayevin milidəki erasına son qoymağa ən real namizəd Səlahət Ağayevdi, yoxsa başqa namizəd də var?
- Səlahətin də yaxında valideyni - atası vəfat etdi. Allah rəhmət etsin! Ancaq “sınmadı”, “Keşlə”ylə oyunu əla keçirdi. Afərin ona. Həyatının çətin vəziyyətində toparlandı və “Neftçi”nin qələbəsində böyük pay sahibi oldu. Mənimlə təlim-məşq toplanışında iştirak etdi. Onun da yaxşı potensialı var. “Qarabağ”dan Şahrudin Məhəmmədəliyevin işə yanaşması çox xoşuma gəlir. Milli qapıçılarıyla keçirdiyim fərdi məşqlərlə hər dəfə maraqlanır, zəng edir. İnsanda istək var, bu, böyük əhəmiyət kəsb edir. “Səbail”dən Emil Balayevi də qeyd etmək olar. Hesab edirəm ki, çox perspektivli qapıçıdı. Rəşad Əzizli də diqqətimizdə olan qapıçıdı. 

 

- Bir sözlə, seçim imkanınız az deyil...
- Bəli, Sadəcə, üzərinlərində çox işləyib klublarında oynamaları lazımdı. Çoxunun klublarında əsas qapıçı olması artıq çox yaxşı haldı. 

 

- Söhbətimizi major notda bitirək. Millimizin məşqçisi olaraq əlini ürəyinin üstünə qoyaraq deyərdin, tarixində ilk dəfə final mərhələsinə düşməyimiz realdı? Bunu həyatının ən böyük arzusu adlandırmaq olar? Yoxsa bu, Bakıda qapıçılar məktəbinin açılmasıdı?
- Yox. Bu indi arxa plana keçir. Təbii ki, bu, arzum olaraq qalır. İnşallah, bu, həyata keçəcək. Çünki bu haqda Qurban Qurbanovla, AFFA-nın baş katibi Elxan Məmmədovla söhbətimiz olub. Baş katib milli qapıçıları üçün fərdi məşqlər keçməyə bütün şərait yaradırsa - bu, diqqətin göstəricisidi. “Neftçi” rəhbərliyi ilə söhbətimiz oldu, onlara minnətdarıq. “İsmət Qayıbov”u sərəncamımıza veriblər. Hələ ki, qapıçılarla fərdi orda çalışırıq. BOS-a köçəndən sonra həmin arenada çalışacağıq. Konkretliyi sevirəm. İndi ən böyük arzum növbəti oyunda Farer adalarına qalib gəlməkdi. Çünki hazırkı durumda həlledici qarşılaşma olacaq. Əlbəttə, həyatda qarşına məqsəd qoymaq lazımdı. Ancaq hələ ki, milliylə bağlı qarşıdakı səfərdən qələbəylə dönmək ən böyük arzumdu. 


 

CEYHUN ƏLİYEV, MEHMAN SÜLEYMANOV

23 Oktyabr 2018
22 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB