TOP 10

Dmitri KRAMARENKO – Made in AZERBAİJAN! - I hissə

Futbol
Tarix: 2018-09-27 21:00

Təvazökar, sakit, hətta quru insan tipajı var. Oyununu, xüsusilə milli komandamızın heyətindəki canfəşanlığını görənlər bu gün də onu misal gətirirlər. Atasının yolunu davam etdirdi. Əgər Sergey Sergeyeviç “Neftçi”nin heyətində keçirilən oyunların sayına görə rekordçu olmaqla yadda qalıbsa, Dmitri Kramarenko məhz millimizin sıralarında parlayıb. Onun topa hər toxunuşunda milli ruh var idi. Nə zədələnməkdən qorxmurdu, nə toqquşmadan. Qapıda Dimadırsa, deməli, qarşısıalınmaz zərbə yoxdu. İndi Kramarenko milli komandada Qurban Qurbanovun köməkçisi işləyir. Karyerasını vərəqlədikdə isə... Başlayaq!

 

Ruslan Kramarenko?

- Babək oğluna deyirdi ki, mən 30 il tuluqda zeytun yağı satan kişinin oğlu olmuşam, sən isə Babəkin. Atan Sergey Kramarenkonun atası tanınmayıb, ancaq sən məşhur simanın oğlu olmusan. Məşhur insanın oğlu olmaq psixoloji baxımdan təzyiq altında saxlamırdı?

- Futbolda ilk addımlarımı “Neftçi”də uşaq futbol məktəbində atdığım zaman məşqçimiz Vitali Xluçin idi. Yeri gəlmişkən, artqı xeyli yaşlanan bu mütəxəssis yaxında Bakıya gəlmişdi, Moskvada işləyir. 15-16 yaşım olanda artıq məni əsas komandaya cəlb edirdilər. Həmin vaxt “Neftçi”nin baş məşqçisi Əhməd Ələsgərov idi, atam isə onun köməkçisi idi. Sonradan isə atam “Neftçi”nin baş məşqçisi postuna keçdi. SSRİ dağılandan və müstəqil Azərbaycanın ilk milli çempionatı başlayandan sonra artıq “Neftçi”nin əsas qapıçısı idim. Bu, məni təzyiq altında saxlayırdı. Çünki məşqlərdə, oyunlarda özümü elə sübut etməli idim ki, qapıda Sergey Kramarenkonun oğlu olduğuma görə durmağımı düşənən olmasın. Bu planda əlbəttə, özümü sübut edə bildim. Atam məndən çox şey tələb edirdi. O, heç vaxt məşqlərimdən razı deyildi və həmişə lazım olandan daha çox hazırlaşmağımı tələb edirdi ki, heç kəs kənardan irad bildirməsin.

 

- Futbol veteranları atanızı xatırlayanda bizə danışırdılar ki, Dima kök, bir qədər yöndəmsiz qabaritlərə sahib oğlan idi. Hətta Sergey Sergeyeviçi qınayırdılar ki, ondan əl çək, heç nə olan deyil. Ancaq atan buna daha da hirslənərək səni məşqdə daha çox işlədirdi. Həmin dövrü xatırlayırsan?
- Bəli (gülür). Ona görə kök idim ki, maşallah, anam yaxşı yeməklər bişirdi. Elə indi də bunu hazırlamaqdan zövq alır. Allah canını sağ eləsin. Badımcan dolması, plov, kələm və sair. Ona görə yeməyi xoşlayırdım, xüsusilə, ata-anamla Gəncəyə - valideynlərimin vətəninə gedəndə. Onlar mənimlə yetərincə ərköyün davranırdılar. Ancaq əlbəttə, 15-16 yaşım olanda artıq yeməyi azaltdım, köklüyüm getdi və hətta artıq SSRİ yığmasına çağırılmağa başladım. Artıq özümə nəzarət etməyə başladım və gərgin məşqlərlə özümü “rəndələdim”. Əlbəttə, atamın üzərimdə böüyk zəhməti oldu. O, futbolda demək olar ilk məşqçim oldu. 

 

- Ailədə neçə uşaq olmusunuz?
- İki uşaq – bacım və mən. Bacım məndən 7 yaş böyükdü, bir yerdə böyümüşük. 

 

- Azərbaycanda adətən belə deyirlər ki, ata qızı daha çox istəyir. Bəs sizdə necə idi? Dediyimiz kimi idisə, sən tərəfdən qısqanclıq yox idi?
- Açığı, dediklərim bəlkə eqoistlik kimi səslənəcək, amma atam məni çox sevirdi. Atam oğlunun olmasını hədsiz arzulayırdı və anam məni dünyaya gətirəndə əlbəttə, buna çox sevindi. Baxmayaraq ki, bacımı da sevirdi. Ancaq hiss edirdim ki, mənə olan sevgisi xüsusi idi. 

 

- Bəs səfərlərdən gələndə sevimli oğluna eksklüziv hədiyyələr gətirirdi?
- Yox, bu planda həssas idi, heç kimin xətrinə dəymək istəmirdi. Onu hər səfərdən səbirzliklə gözləyirdik. Əlbəttə, tərbiyəmizlə daha çox anam məşğul olurdu. O, pedaqoq idi, 25 il Neft Akademiyasında əcnəbilərə rus dilindən dərs deyib. Təbii ki, təlim-tərbiyəyə görə anama borcluyam. Atamın isə bir sərt baxışı kifayət edirdu ki, fərəqət durum. 

 

- Niyə məhz Dmitri adı? Bir açması var?
- Yetkin yaşımda olanda anama sual verdim ki, niyə mənə bu adımı qoymusunuz. O da cavab verdi ki, adını Ruslan qoymaq istəyirdim. Bu, elə addı ki, şərqdə də var, Azərbaycana da yaxındı. Ancaq evdə oturaraq niyəsə Dima olmasına qərar veriblər. Sonralar isə adımı bir neçə dəfə dəyişməli oldum. 

 

 

Dmitri - müsəlman

- Əli...
- Əli, babamın adı Adil. Müsəlmanlığı qəbul edəndə, molla çoxadlılığın problem olmadığını söylədi. Dedi ki, Allahın da çox adı var, Əli də ola bilərsən, bəyəndiyim Adil də. 

 

- Müsəlmanlığı qəbul etməyə qərar verməyin necə oldu?
- Buna özümü kökləmişdim. Aydın məsələdir ki, anam azərbaycanlıdı. Atam isə milliyyətcə rus olsa da, heç kəs onu rus saymırdı, hamı azərbaycanlı hesab edirdi. Təsadüfi deyil ki, atam indi sağ olsaydı, ondan müsahibə alsaydınız, azərbaycanca danışardı.


- Özü də Gəncə ləhcəsiylə...
- Bəli-bəli. Ona görə müsəlmanlığı qəbul etməyimlə bağlı qərara tamamilə normal yanaşdım. Atam qərarıma sevindi, anam lap çox. Hər ikisi yalnız “hə” dedilər. Hansısa ölkədə təlim-məşq toplanışında idik. Komanda yoldaşım Tərlan Əhmədova yaxınlaşıb dedim ki, müsəlmanlığı qəbul etmək istəyirəm, prosedurlarda mənə kömək et. Problem olmadığını dedi. Əvvəlcə mollaya getdik, dua oxudu. Daha sonra isə - 2005-ci ildə sünnət olundum. Bu yaşda bir az gülməli idi. Digər tərəfdən, müsəlman olmağım xoş anlar idi. Belə prosedurları keçdim. Fəxr edirəm ki, müsəlmanam, belə də olmalı idi. 

 

 

Məktəb illəri

- Futbola qayıtsaq, peşəkar karyeranda ilk rəsmi oyununu yadındadı?
- Bu, 1992-ci ildə qalibi olduğumuz ilk milli çempionatda idi. Ancaq konkret matçı xatırlamıram. Buna baxmayaraq, həmin çempionat çox yaxşı yadımda qalıb. SSRİ dağılmışdı, çox maraqlı yarış keçdi. 26 komanda iştirak etdi, Azərbaycanın çox bölgəsi mili çempionatda təmsil olunmuşdu. Bunadək isə 15-16 yaşım olanda SSRİ-nin yeniyetmə yığmalarının heyətində oynamışdım. SSRİ dağıldı, 1992-ci ildə Azərbaycanın öz müstəqil çempionatı keçirildi. Onda 18 yaşım vardı və peşəkar karyeram başladı. “Neftçi”də əsas qapıçı kimi ilk addımlarımı atdım. 

 

- Məktəb illərini necə xatırlayırsan? Oxuyan uşaq olumsan, yoxsa dərsdən qaçan? Hansı fənləri sevmisən, hansından zəhlən gedib?
-  Prinsipcə, 8-ci sinfədək yaxşı oxuyurdum – səfərlər başlamayanadək. 200 saylı orta məktəbdə - “Gənclik”də Bədən Tərbiyəsi və İdman Akademiyası ilə üzbəüz. SSRİ vaxtında çox yaxşı müəllimlərimiz var idi. Gözəl təlim-tərbiyə veriblər ki, buna görə müəllimlərimə minnətdaram. O vaxt qiymətlərim 4, 5 idi. Ancaq 8-ci sinifdən artıq futbolda səfərlər başladı və təbii ki, hardasa 3 qiymətim də oldu. Buna baxmayaraq, mənə qarşı çox koloritlə yanaşırdılar. 

 

- Sənə, yoxsa Sergey Sergeyeviçin oğlu olduğuna görə?
- Yəqin ki, mənə görə. Çünki atam kimi xuliqan, davakar deyildim. Atam atasız böyümüşdü və onun heç də asan uşaqlığı olmamışdı. O, anasına da kömək etməli idi. Atamgil 3 uşaq olublar. Məcbur olurdu həm məktəbdə məşğul olsun, həm futbolla, həm də anasına bazarlığa, pul qazanmağa kömək etsin. Bu üzdən ona uşaqlıqda çətin idi. Atam çox mütaliə edirdi. Gəncədə eyni məktəbdə oxumuşdular, 6-cı sinifdən bir yerdə idilər. Anam atamı ədəbiyyata meylləndirdi. Tez-tez xaricdə səfərlərdə olurdu, xeyli kitabları vardı, onları bir-bir məmnuniyyətlə oxuyurdu. 

 

 

“Şahmatı məcburi proqrama daxil etmək mümkün olsaydı...”

- Mütaliədən söz düşmüşkən, Azərbaycan futbolunda ağrılı mövzu oyunçuların kitab oxumamağıdı. Biz də klublarla, yığmalarla xaricə gedirik. Təyyarədə praktiki olaraq kitab oxuyan futbolçu görməzsən. Nə baş verdi? SSRİ dağıldı, ona görə?
- Təkcə bununla bağlı deyil. Yəqin, müasir texnologiyalar həyatımıza böyük təsir göstərib. Hər şey kompüterləşib. İstənilən informasiyanı bir neçə saniyəyə telefon, yaxud kompüterdə internetə daxil olmaqla tapa bilirsən. Bu zaman kitab oxumaq arxa plana keçir. Yəqin ki, bununla bağlıdı. Mənim üçün kompüterdə olmaqdansa kitab oxumaq, hansısa əlyazmalar etmək daha yaxşıdı. 

 

- Kitabdan uzaq qalmaq deqredadsiyadı...
- Ola bilər ki, belədi. Ancaq futbolçudan danışırıqsa, hansı ailədə, mühitdə böyüməyin, tərbiyə olunmağın vacibdi. Məsələn, bizdə məni də, atamı da anam mütaliəyə yönləndirdi, valideynlərinin mütaliəyə necə yanaşmaları vacibdi. Ona görə təlim-tərbiyədən çox şey asılıdı.

 

- Məsələn, götürək şahmatı. İndiki futbolçular üçün şahmat oynamaq nonsensdi...
- Əlbəttə. Nərd denən, hamı oynayar. Ancaq şahmat intellektual oyundu və bunu hər kəs oynaya bilmir. 

 

- Şahmat oynamaq meydanda tez qərar qəbul etməyinə müsbət təsir edər...
- Razıyam. Müxtəlif idman növləriylə məşğul olursan və məncə, bura şahmatı da daxil etmək lazımdı. Çünki bu oyunu oxumaq, bir neçə gedişi əvvəldən fikirləşməyin deməkdi. Götürsək, elə bizim çempionatı, bu çatışmır. Şahmatı məcburi proqrama daxil etmək mümkün olsaydı, bu, çox yaxşı olardı.

 

 

Kramarenko – mərkəz müdafiəçisi


 
- Futbolçu həyatına başladığın dövrlə bağlı maraqlı məqam odur ki, ilk addımlarını müdafiəçi kimi atmısan, sonra qapıya keçmisən. Bu dövrü xatırlayardıq...
- “Neftçi”də Xluçinin rəhbərliyi altında başladığım dövr idi. Bizdə 1974-75-ci il təvəllüdləri idi. Belə bir məşqçi də vardı – Pankratov, O, 1973-74-cü il təvəllüdlülərlə işləyirdi. Mən sahə oyunçu kimi çıxış etməyi çox sevirdim. Səhərdən axşamadək həyətdə top qovurdum, sonra isə məşqə qaçırdım. Atam qapıda oynamağımı çox istəyirdi, mən isə ötürmə verməyi, hücumları tamamlamağı sevirdim. Birdən elə oldu ki, mərkəz müdafiəçisi “sındı”. Şəhər birinciliyi idi, o vaxt çox güclü mübarizə gedirdi. Rəqiblərimiz yaxşı komandalar idi. Çııxb mərkəz müdafiəçisi oynadım, yetərincə də inamlı. O vaxt 3 müdafiəçi oynayırdılar, mən mərkəzdə idim. Məşqçilərin də xoşuna gəldi, beləcə, bir müddət mərkəz müdafiəçisi oynadım. Deyəsən, heç bir matç uduzmadıq. Uduzsaq da, 1 qarşılaşma idi. 1973-cü illərlə son müdafiəçi oynadım, yaşıdlarımla isə qapıçı. Mərkəz müdafiəçisi oynamaq mənə futbol həyatımda kömək oldu. Atama dedim ki, meydanda oynamaq istəyirəm, sahə oyunçusu olmaq xoşuma gəlir. O isə cavab verdi ki, bəli, pis oynamırsan, texnikan, ağlın var, ancaq sürətin yoxdu. Ona görə də get qapıya, mən sənə bu mövqedə daha çxo şey öyrədəcəm. O, sahə oyunçusunun sürətinin olmasına çox böyük önəm verirdi.


 
-İlk mövsümündə “Neftçi”nin heyətində SSRİ çempionatından tanınan Əsgər Abdullayev, Yunis Hüseynov, Vidadi Rzayev kimi artıq öz sözlərini deyən futbolçularla bir komandada 18 yaşlı Dima üçün necə idi?
- Praktiki olaraq “Neftçi”nin bazasında böyümüşəm. 80-ci illərin əvvəli, baza salındı və uşaq vaxtımdan yolum ora düşdü. Əlbəttə, atam ora məni tez-tez aparırdı, mənə şox maraqlı idi. Atamın futbolçu karyerasının son illəri idi, 1984-85-ci illərdə yaşıl meydanda çıxışını başa vurdu. 7-8 yaşımda gözümün qarşısında Azərbaycan futbolunun “qaymaqları” idi. Onların gözü qarşısında böyüdüm, məni çox sevirdilər. Bazada olmaqla yanaşı, hardasa qapıya zərbə vurmağa, top çiləməyə çalışırdım. Sonradan dediyiniz nəsil oldu, onların gözü önündə futbolun sirlərini öyrənirdim. Və “Neftçi”nin həmin “ansambl”ına yetərincə asan qoşuldum. Hamı məşqi bitirirdi, mən məşqdən sonra qalıb çalışırdım. Necə ki, atam vaxtilə bunu edirdi, indi eyni addımı mən atırdım: qapımaa zərbələr vururdu. Elə oldu ki, ilk çempionatda “Neftçi”nin əsas qapıçısı oldum. Çünki Elxan Həsənov Sumqayıt “Xəzər”inə getdi, Elxan Rəsulov məncə, Ukraynaya qayıtdı. Mənə atamdan başqa Əhməd Ələsgərov çox böyük inam bəsləyirdi. 

 

- “Dedovşina” yox idi?
-  Deyərdim ki, yox. O vaxt biz - gənclər – İqor Getman, Emin Ağayev, Vladislav Nosenko, mən oynamağa başladıq. “Neftçi”də bir çox gənc futbolçulara əsas heyətdə şans verirdilər. 

 

- O vaxt 18 yaşlı gənclərə əsas heyətdə yer verirdilər. Ancaq indi belə deyil. Sizin vaxtınzıda gənc futbolçulara böyük inamım səbəbi nə idi?
- Açığı, yaxşı sualdı. Yəqin, onunla bağlıdır ki, istedadlı futbolçular daha çox idi. Elə götürək milli komandamızın baş məşqçisi Qurban Qurbanovu. O da futbolçu karyerasına tez başlayıb. Belə nümunələr çox göstərmək olar – Vyaçeslav Lıçkin, Mahmud Qurbanov və sair. Hamısı da oynadı. İlk növbədə onlarda böyük istək vardı. Ən əsas, məhəllə, küçə futbolunu keçdilər. İndisə bizdə bu, çatışmır. İndi deyirlər ki, meydançalar, məktəblər yoxdu. Ancaq axı, əsas məktəb məhəllə futboludu. İndi bu, yoxdu. Tez-tez böyüdüyüm məhləyə baş çəkirəm, “Gənclik” metrosunun yaxınlığına. Orda 3-4 məhlə vardı ki, bir yerdə hamımz futbol oynayırdıq. İndisə oralar maşın dayanacağı, yeni tikilələrlə doludu. Birincisi, uşaqlıara oynamağa yer yoxdu. İkincisi də indiki gənclər bütün günü telefondadırlar, bizim vaxtda isə belə şey yox idi. Hamımız yığışıb böyüklərlə oynayırdıq. Onlar isə elə oynayırdılar ki, adamın ağzının suyu axırdı. Elə yaxşı texnikaya malik idilər...Asfaltda, qumda, daş üstündə oynayırdıq. Atam mənə top gətirməyəndə bazadan götürürdük, bir şey fikirləşirdik. Yeri gəlsə, daş topla oynayırdıq. Nə qədər futbol məktəbi açılsa da, sən bununla yanaşı, məhlədə də futbol oynamırsansa, onda istənilən inkişaf olmayacaq. Yəqin, buna görədi ki, indi o vaxtkı kimi istedadlar üzə çıxmır.

 

 

“Komandir saatı”

- İlk dəfə çempion olanda sizə hansı mükafat verdilər: avtomobil, yaxud başqa qiymətli hədiyyə...
- Yox-yox. Bundan söhbət belə gedə bilməzdi. Elə bir pul mükafatı da yox idi. Bizim üçün xoşbəxtlik o idi ki, ilk Azərbaycan çempionu olduq. Bizə bunun müqabilində qızıl medal verildi. O vaxt olan komandaları xatırlayıram, regionlarda komandalar çox idi. Çox güclü çempionat idi. Bəzi əyalət klublarımız – “Kəpəz”, Göyəzən”, “Qarabağ” SSRİ çempionatının aşağı dəstəsində çıxış etmişdi. Gəncəyə gəlib xal almaq xoşbəxtlik sayılırdı. Hərçənd, “Neftçi”nin heyəti güclü idi. Sonadək maraqlı, gərgin çempionat keçdi. 

 

- Həmin qızıl medalını saxlayırsan?
- Bəli.

 

- Ümumiyyətlə, karyeranda bütün medalları saxlayırsan?
-  Açığı, yox. Mənə deyirlər ki, oyunda bir cürsən, həyatda başqa cür. Həyatda mülayiməm, ola bilər ki, hardasa bu, mənə mane olub. Kimsə evimə gəlib nəyisə hədiyyə etməyimi xahiş edəndə mənfi cavab verməmişəm. Ağılsız olmuşam. Anam məni qınayırdı ki, niyə verirsən, axı, bu, hədiyyədi. Mən də deyirdim ki, insan xahiş edir, nə edim...Ancaq ilk medalım qalıb. Yeri gəlmişkən, bu yaxında dostum soruşdu ki, 2002-ci ildə MOİK-lə Rusiya Kubokunu qazananda o vaxtkı müdafiə naziri İvanov “Komandir saatı” bağışlamışdı, işlək vəziyyətdədi? Dedim ki, heç kimə verdiyimi də xatırlamıram.

 

 

“Mən necə də qocalmışam”

- 1993-cü ildə legioner həyatın başlayır. Moskva “Dinamo”su səni ilin əvvəlində istəsə də, keçidin yalnız mayda baş tutdu. Həmin vaxtadək Rusiya klubunun əvəzedici heyətində yer almalı oldun. “Neftçi” niyə səni buraxmırdı?
- Bu olayı yaxında xatırladıq. Həmin vaxtlar parallel olaraq Rusiya Olimpiya yığmasına gedirdim. “Spartak”la “Dinamo” məni dəvət edirdi. Onda yaşıdlarım Valeri Keçinov, Dmitri Aleyniçev, İqor Kolıvanovdan kimisini “Spartak”a, kimisini “Dinamo”ya cəlb edirdilər. Daşkənddən, Rostovdan da gələn 1974-cü il təvəllüdlülər vardı. Bakıdan yalnız mən idim, adım dəftərçələrində idi. Azərbaycanda çempionatı başa vurandan sonra mənə Bakıya mərhum Adamas Qolodets zəng vurdu. O, vaxtilə “Neftçi”də oynamışdı, atamla əlaqə saxladı. Dedi ki, Valeri Qazzayev “Dinamo”nu qəbul edib, gəl, Dimanı burda yoxlayaq, çünki onu yığmada görmüşdülər. Atam götür-qoy etmədən razılıq verdi. Onda AFFA-nın prezidenti mərhum Fuad Musayev idi. O, məni buraxmaq istəmirdi. Dedi ki, hələ tezdi, cavandı. Onda səhv etmirəmsə, indiki kimi müqavilə sistemi yox idi. İlk “Birlik Kuboku”na komandanı – “Neftçi”ni atam gətirmişdi. Məhz həmin vaxt “Dinamo”ya keçdim. Fuad Musayev sonradan razılığını verdi. Elə oldu ki, fevralda-martda İspaniyaya turnirə getdik, orda Qazzayev artıq qapını mənə etibar etdi. Qayıdandan sonra ilk oyunumuz arrıq “Spartak”la idi.

 

-“Lujniki” stadionunda keçiirlən matda Rusiya çempionatında debüt edirsən. Çempionla matç 1:1 hesabıyla nəticələnir, ancaq sənin üçün o mənada uğursuz alınır ki, 70-ci dəqiqədə rəqblə toqquşmadan sonra zədələnərək meydanı tərk etməli olursan...
- Tamamilə doğrudu. Onda kifayət qədər uğurlu çıxış etdim. Çünki “Spartak” hamını darmadağın edirdi, hərəyə 5-6 qol vururdu. Yeganə uğursuzluq karyeramda aldığım ikinci zədəm oldu. İqor Ledyaxov təkbətək çıxdı və yerə uğursuz düşməyim nəticəsində dizimdən ağır xəsarət aldım. Yeni-yeni əsas heyətdə yer edirdim və belə uğursuz an. Özü də dərhal “Spartak” kimi gücül rəqibə qarşı yaxşı oynayasan, ancaq uzun müddətə sıradan çıxasan. Bundan sonra sağalaraq yenidən özümü sübut etməyə başladım.  

 

- Qolu sən buraxmışdın, yoxsa səni əvəzləyən Valeri Kleymyonov?
- Mən. Matçın əvvəlində Nikolay Pisarev qapıma yol tapmışdı. Təsəvvür edin, onda Fyodor Çerenkovla Vagiz Xidyatullin bizə qarşı oynamışdılar. Mən necə də qocalmışam (gülür). 

 

- İkinci zədənin olduğunu dedin. Bəs ilk zədən harda olmuşdu?
- Vladimir Qranatkinin xatirəsinə həsr olunan ənənəvi turnirdən qabaq yığmayla birgə idik. Onda hələ SSRİ idi, baş məşqçimiz Papayev idi. İlk menisk zədəmi onda oyunöncəsi məşqdə aldım. Məni ordan – Leninqraddan (hazırki Sankt-Peterburq – red.) Moskvaya yolladılar.  

 

 

Vaqif Sadıqovun “ötürməsi” ilə...

- Qeyd etdin ki, SSRİ-nin gənclər yığmasında çıxış etmisən. Amma bundan sonra Rusiyanın da gənclərinin şərəfini qorumusan axı – 1993-94-cü illərdə...
-  Bəli, tamamilə doğrudu. Həmin vaxt avtomatik Rusiya yığmasında oynamışdım. Xaos idi, kimin hansı ölkəyə bağlı olacağına dair yekun qərar verilməmişdi. Heç düz-əməlli bilinmirdi SSRİ qalacaq, dağılacaq? Olimpiya yığmasınadək irəliləmişdim. Ancaq tədricən Azərbaycanda da əminamanlıq yaranmağa başladı. Millimizə ilk dəvəti Vaqif Sadıqovdan aldım. Atamla söhbət üçün Moskvaya gəlmişdi. İlk öncə Sergey Sergeyeviçlə söhbətləşdi və atam son söz sahibi kimi məni nişan verdi. Evimizə gəlmişdi Vaqif müəllim. Cavabım da belə oldu ki, Azərbaycanda doğulmuşam, Bakıda boya-başa çatmışam. Elə atamın da Azərbaycan üçün nə demək olduğunu, hətta həmin vaxt bir qədər incik getsə də, Vətənimizin məhz bu torpaqlar olduğunu bildirdim.

 

- Maraqlıdı, həmin dövr Rusiya millisinin şərəfini qorumaq ehtimal necə idi?
- Real idi. Həmin dövr üçün 3 perspektivli qapıçı var idi: Aleksandr Filimonov, Ruslan Niqmatullin və mən. Hər birimizin taleyi fərqli alındı...

 

- Millimizin ilk rəsmi beynəlxalq görüşü barədə çox az danışılıb. Bəlkə Dmitri Kramarenkonun vasitəsi ilə Gürcüstana səfərdə 3:6 hesablı məğlubiyyətlə başa çatan bu boşluğu aradan qaldıra bilərik?
- Necə toplandığımızı dəqiqliyi ilə xatırlamıram, amma qarşılaşma yaxşı yadımda qalıb. Nəticə oyuna görə olmadı. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə onlar bütün yaratdıqları imkanlardan yararlandılar. Biz isə xeyli qol fürsətlərini qaçırdıq. Elxan Həsənovla hərəyə bir hissə dayanmışdıq. Bu, Əhməd Ələsgərovun qərarı idi.

 

- Millimizdə xeyli sayda uğurlu oyunların olub. Ancaq bunlarla yanaşı, böyükhesablı məğlubiyyətlər zamanı da çərçivədə olmusan. Həmin qarşılaşmalardan sonra özünü necə hiss edirdin? Mənəvi əzab çəkirdinmi, ruhdan düşürdünmü?
- (Düşüncələrə dalır. Gözləri içində dərin bir dərya görünür. Həmin günləri xatırlamaq üçün sanki cavanlaşmalı olur) Həmin dövrləri xatırlayanda bir şeyi bilirdim: yığmamız evdə inamlı təsir bağışlayır, səfər qarşılaşmalarında isə, sovetlər dönəmində “Neftçi”dən qalma “mərəz”i üstündən ata bilmir. Bu üzdən də oyundan əvvəl özümü buna kökləyirdim ki, səhv mənimdi, yaxud başqa oyunçunun, bunun fərqi yoxdu – sonadək mübarizə aparmalıyam. Məsələn, Portuqaliyada 7 top buraxmışdım. Lakin oyundan sonra komanda yoldaşlarım yaxınlaşıb təşəkkürlərini bildirir və neçə-neçə epizodda komandanı xilas etdiyimi vurğulayırdılar. Ancaq qəlbimdə əziyyət çəkirdim. Heç vaxt demirdim ki, komanda bu sayda qol buraxıb, hər zaman buraxılan qolları öz adıma çıxırdım.

 

- Maraqlıdı, Gimarayeşdə 7 top buraxan Dmitri Kramarenkonun qapısı Bakıda “qıfıllandı”. Bir gün öncəki 45 dəqiqəlik və işıq sönməsi səbəbindən ertəsi gün yenidən oynanan matçı da xatırlasaq, portuqaliyalılar qapına 140 dəqiqə yol tapa bilməmişdilər. Yalnız hakimin oyuna əlavə etdiyi 5-ci dəqiqədə qonaqların iki ardıcıl zərbəsini dəf etdikdən sonra Luiş Fiqu qoruduğun qapının torunu silkələməyi bacarmışdı...
- Komanda da əla döyüşdü, elə mən də ən yaxşı oyunlarımdan birini keçirdim.

 

 

“Qapıda Kramarenko dayanacaq”

- Ola bilər ki, ən yaxşı oyunlarından birini keçirdin. Lakin karyeranı yaxşı xatırlayırıq. Sən millidə tam fərqli Kramarenko olurdun. Klub karyeran millimizdəki oyunlarının tozu da ola bilməzdi. Bunun sirri nədə idi?
- Əvvəla, onu qeyd edim ki, “Dinamo”dakı zədədən sonra bərpa olmaq çox çətin idi. Yenicə forma yığmışdım ki, dizim sıradan çıxdı, xeyli müddət müalicə olundum və dönüşümdən bir neçə ay sonra yenidən zədə və hər şeyə sıfırdan başlamalı olurdum. Rusiyada “qurd qaydaları” var idi. Sıradan çıxdınsa, yerini dərhal tutacaqlar və yenidən “1 nömrə” olmaq üçün hər şeyi təzədən başlamalısan... “Alaniya”ya keçdikdən sonra yenidən stabil oynamağa başladım. Qazzayev mənə inanırdı. Hər şey əla gedirdi. Lakin məşhur “qızıl oyun”... Anam indi də xatırlayır. Deyir “Spartak”a qarşı oyunun şərhçisi belə bir fikir söyləmişdi: “İndi gəl, qərar ver: qəhrəman 80 dəqiqə ərzində komandasını dəfələrlə qollardan xilas etmiş Dima Kramarenkodu, yoxsa oyun ərzində gözə dəyməyən, lakin qələbə qolunu vuran Andrey Tixonov?”. Həmin acı oyundan sonra Qazzayev Zaur Xapovu oynatmağa başladı. Növbəti çempionata uğursuz başladıq. Yanılmıramsa ilk 5 turda qələbə üzünə həsrət qalmışdıq. Ya 6-cı, ya da 7-ci tur öncəsi idi. Növbəti rəqibimiz “Spartak” olacaqdı. Valeri Georgieviç Xapovla məni otağına çağırıb dedi: “Oyuna Kramarenko çıxacaq”.

 

- Ohohou, yenə “Spartak”... Dizlərin əsirdi?

 

Dodaqlarında təbəssüm, gözlərindəki dərinlik – gülümsəməsi onu 20 il əvvələ aparmışdı, bəbəklərindən alov yağır. Gözləri yaralı aslanı xatırladırdı, “Spartak”dan aldığı yaranın əvəzini çıxmaq eşqi ilə alışıb-yanan aslanı!
 

 

(ardı sabah 21:00-da)

16 Noyabr 2018
15 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB