TOP 10

Qurban Qurbanov üçün yeni simalar: millini kimlər gücləndirə bilər?

Futbol
Tarix: 2018-09-25 14:46

Qitəmiqyaslı yarışlar, istər klub, istərsə də milli komandalar səviyyəsində qısa da olsa, fasilə götürüb. Məhz belə bir məqamda daxili yarış – Topaz Premyer Liqasına boylanmaq üçün əsl vaxtdı. Bu yazıda biz də boylanacağıq... amma fərqli, Millətlər Liqası przimasından. Həmin Millətlər Liqası ki, yığmamız Kosovo və Malta ilə keçirdikləri iki görüşdə qələbə üzünə də həsrət qaldı, futbolsevərləri də məyus etdi.

 

Oktyabrın 11-nə 2 həftədən azacıq çox vaxt qalıb. Növbəti rəqib Farer adalarının yığmasıdı. Qurban Qurbanovun yetirmələri ardıcıl ikinci səfər matçına çıxacaqlar ki, yaxınlarda milli komandamızın bayrağı altına çağırılacaq futbolçuların adları məlum olacaq. Qrupdakı ilk iki oyunu yada salanda ancaq ümidsizliyə düçar olursan. Ramil Şeydayevin xaotik hərəkətləri, Dmitri Nazarovun zərrə qədər istəyinin olmaması, Emin Mahmudovun ölkə çempionatında sərgilədiyinin heç yarısını da ortaya qoymaması, Rauf Əliyevin Malta kimi rəqibin belə, qapısına yaxın düşə bilməməsi...

 

Eyni heyətlə Farer adalarında hansısa xarüqələrə ümid etmək sadəlövhlük olardı. Nəzərə alsaq ki, azərbaycanlı futbolçuları ölkənin qapısından qovsan da, pəncərəsindən geri qayıdırlar, yenə də Premyer Liqamıza boylanmalı oluruq. Bəs, Qurban Qurbanov hansı yeni simaları dəvət etməklə yığmanı gücləndirə bilər?

 

Topaz Premyer Liqası klublarını ələk-vələk etdikdən sonra baş məşqçinin seçiminin elə də zəngin olmadığı bir daha üzə çıxdı. Buna rəğmən, qapı xətti istisna olmaqla, digər bütün xətlər üçün ən azından 1 oyunçu tapmaq mümkün oldu.

 

 

Abbas Hüseynov. 23 yaşlı cinah müdafiəçisi şans qazandığı təqdirdə “Qarabağ”da ümumi ansambldan düşmür. Gənc olması taktiki cəhətdən tam “bişməməsi”ni şərtləndirsə də, xeyli enerjiyə sahib Hüseynov bunu sürət və istəklə kompensasiya edə bilir. Ölkədaxili yarışlarda inamlı təsir bağışlamaqla yanaşı, artıq beynəxalq arenada da özünü sübut etməyi bacarıb. Bunu Lissabondakı “Sportinq”ə qarşı görüşdə də gördük.

 

 

Araz Abdullayev. Yay təlim-məşq toplanışında iştirak etməsə də, “Qarabağ”ın sıralarında yavaş-yavaş özünə gəlməkdədi. Topaz Premyer Liqasının son – 5-ci turunda Qurban Qurbanov onu mərkəz hücumçusu kimi sınadı və Araz növbəti dəfə universallığını ortaya qoydu. Nəzərə alsaq ki, Abdullayev eyni zamanda hər iki cinahda yarımmüdafiəçi kimi də uğurlu olmağı bacarır, milliyə yolunun açılması üçün yalnız daha iki məqama diqqət yetirməsi qalır: funksional hazırlıq və intizama riayət.

 

 

Əfran İsmayılov. “Qarabağ”da rəqabəti uduzsa da, “Sumqayıt”da oyun prkatikası qazanmaqla hələ də ölkə futbolu üçün yararlı sima olduğunu ortaya qoyur. Hələ gənclik illərindən kreativ düşüncəyə malik 30 yaşlı sağ cinah yarımmüdafiəçisi millinin hücum xəttini nəzərəçarpacaq dərəcədə gücləndirər.

 

 

Aleksey İsayev. “Sumqayıt”ın daha bir futbolçusu arxada qalan turlarda adından söz etdirib. “Gənclik şəhəri” təmsilçisinin hücum qurucusu meydanı görmə qabiliyyətinə görə seçilməklə yanaşı, ani qərar vermək bacarığı ilə də diqqət çəkir. Boyu 177 sm olsa da, “2-ci mərtəbə”də kifayət qədər effektiv olmağı bacarır. Driblinq, uzaq məsafədən qüvvətli zərbələrə sahib olması isə onun personasının son ştrixləridi. Yaşı da əladı – 23. Başqa sözlə, İsayev millimizə cəlb olunsa, yaxın 6-8 ildə millimiz üçün olduqca faydalı ola bilər.

 

 

Atilla Yıldırım. “Sumqayıt”a 3-cü turdan qoşulsa da, qol hesabını hələ aça bilməsə də, meydanda olduğu dəqiqələrdə komandasının hücum potensialını nə qədər artırdığını hər kəs görür. Fərdi ustalıq səviyyəsi kifayət qədər yüksək olan 28 yaşlı forvard meydanın mərkəzinədək çəkilib hücumu dərinlikdən başlamaq qabiliyyəti ilə də seçilir. Taran tipli hücumçu oyunu müdafiədən quran komandalara qarşı ikiqat effektli olur. Atilla da məhz belələrindəndi.

 

 

Mirabdulla Abbasov. 23 yaşlı hücumçu bu il ən uğurlu mövsümünü keçirir. Roberto Bordinin gəlişindən sonra daha çox oyun praktikası qazanan “Neftçi”nin hücumçusu, forvarddan tələb olunan bütün xüsusiyyətləri özündə cəmləşdirib. Qol duyumu - əla, mübarizlik keyfiyyətləri - əla, komanda yoldaşı daha yaxşı mövqedədirsə, məhsuldar ötürmə vermək bacarığı - əla! 

 

Ehtiyat variant kimi son oyunlarda adlarından söz etdirən “Keşlə”dən Slavik Alxasovla “Sabah”dan Elşən Abdullayevi də əlavə edə bilərik. Lakin ön plana çəkdiyimiz futbolçular daha şanslı görünürlər. Onlar qarşıdakı 2 turda da indiki kimi parlaq oyun göstərə bilsələr, böyük ehtimalla Qurban Qurbanovun “ağ siyahısı”na adlarını yazdırmağı bacaracaqlar.
 

CEYHUN ƏLİYEV

09 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB