TOP 10

"Qarabağ"la matç Əfran üçün prinsipial olmayacaq: "Rəqib güclüdür deyə əlimizi yanımıza salmamalıyıq"

Futbol
Tarix: 2018-09-14 11:09

Topaz Premyer Liqasında IV turun açılış matçı olan "Qarabağ" - "Sumqayıt" oyununda əsas diqqət Əfran İsmayılova yönələcək. 30 yaşlı yarımmüdafiəçi yay fasiləsində "gənclik şəhəri" təmsilçisinə məhz uzun illər şərəfini qoruduğu Ağdam klubundan gəlib. Özü də bugünkü görüşün məkan dəyişdirildiyİnə görə Əfran "Qarabağ"a qarşı ilk oyununa ona çox yaxşı tanış "Azərsun Arena"da çıxmalı olacaq. Bu və ya digər məqamlara bağlı İsmayılovun fikirlərini öyrənmək maraqlı olardı. Millimizin sabiq üzvü Sport24.az-a müsahibəsinə çempionatda bu 3 həftəlik fasilədən necə yararlanmalarıyla bağlı fikirlərini bildirməklə başlayıb.

 

- Hər şey qaydasındadı. Hazırlıq plan üzrə getdi. Oyuna hazırıq. Şükürlər olsun ki, bu hazırlıq tsiklini zədəsiz başa vurduq. Son məşqimizi matçın keçiriləcəyi "Azərsun Arena"da etdik. Artıq matç saatını gözləyirik. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq.

 

- Yaxşı nəticə deyəndə, real olaraq nəyə ümid edirsiniz? Məlumdur ki, rəqib çox güclüdü...

- Razıyam. Amma bu, belədir deyə əlimizi aşağı salmamalıyıq. Öz futbolumuzu oynamalıyıq. İtirəcəyimiz heç nə yoxdu, xal qazandıq nə gözəl... Əlimizdən gələni edəcəyik ki, evə ən azı 1 xalla dönək. 

 

- "Sumqayıt" son 2 turda uğurlu çıxış edərək 4 xal topladı. Bu uzunmüdətli pauza nəticəsində komandanız ritmdən düşə bilərmi?

- Bunu bilmirən. Necə olacağını "Qarabağ"la matçda görəcəyik. Fasilə təkcə bizə yox, bütün komandalar üçün oldu. Tək biz olsaydıq, başqa cür olardı, danışmaq üçün əsaslı fakta söykənərdik. Hamı üçün olubsa, elə hər bir klub da buna uyğun hazırlaşaraq öz futbolunu oynamağa çalışacaq.

 

- Ümumiyyətlə, 3 oyuna 4 xal - bu nəticə sizi nə dərəcədə razı saldı?

- Razı salmalı nəticədi. Bildiyiniz kimi, ilk oyunlar həmişə ağır olur. "Neftçi"ylə matçın taleyinə təsir edəcək anlar oldu. Real qol şanslarımızdan istifadə edə bilmədik, qapımızda top gördük. Hesab 0:1 olanda qırmızı vərəqə aldıq, sonradan daha bir qol buraxdıq və yekunda 0:2 hesabıyla uduzduq. Şükürlər olsun ki, bundan sonra toparlandıq və növbəti matçda "Sabah"ı səfərdə 4:1 hesabıyla udduq. Qəbələ səfərində isə 10 nəfərlə 1 xal aldıq. İlk 3 turda yaxşı nəticəyə imza atdıq. Düzdür, bundan da yaxşı ola bilərdi. Bundan sonra daha yaxşı nəticə olmasına çalışacağıq. 

 

- Xal qazandığınız matçlarda nəinki iştirak etmədin, ümumiyyətlə, heyətdə deyildin. Çünki Həcc ziyarətinə yollanmışdın. "Sumqayıt"ın liderlərindən, ən təcrübəli futbolçularından biri olduğunu nəzərə alsaq, komandanın sənsiz nəticə qazanmağını necə qarşıladın? Bu, sənin üçün gözlənilməz olmadı ki?

-  Orda oyunları izləməyə vaxtım olmadı. Sadəcə, hesabları görürdüm. Sonradan matçları izləyəndə gördüm ki, komandamız çox gözəl oyun nümayiş etdirib. "Sabah"la matçda "Sumqayıt" ən gözəl oyunlarından birini oynadı. Sonrakı "Qəbələ"ylə matçın epizodlarına baxdım. Orda da yaxşı çıxış etdilər və layiqli xal qazandılar. Əfran oldu-olmadı, əsas odur ki, "Sumqayıt" nəticə verməyə başladı. Mən də qoşuldum və çalışacağam ki, komandamın gücünə güc qatım. 

 

- Sənə çox yaxın tanış, uzun illər doğma olan "Azərsun Arena"dakı məşqə bu dəfə qonaq komandanın üzvü kimi qatıldın. Hansı hissləri keçirirsən?

- Bəli, "Azərsun Arena", "Qarabağ" mənə doğmadı. Ancaq artıq "Sumqayıt"ın futbolçusuyam və bu komandanın uğurları üçün çalışıram. Arenanı yox, məşqi fikirləşirdim. Baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirməyə çalışırdıq. Ona görə fikrim ordaydı. Dediyiniz məqamla bağlı düşünməyə çox vaxtım olmadı.

 

-  Əfran İsmayılov üçün yetirməsi olduğu "Qarabağ"la matç prinsipial olacaqmı?

- Yox, elə bir prinspiallıq olmayacaq. "Qarabağ"a, keçmiş komandama qarşı oynayacam. Özümü yaxşı tərəfdən göstərməyə, indiki komandama faydalı olmağa çalışacam. Elə bir prinsipiallıq hissi olmayacaq. Çünki futbol meydanda olur, ondan kənarda hamımız qardaşıq. 

 

- Keçmiş baş məşqçin Qurban Qurbanova özünü təsdiqləmək motivasiyan olacaq?

- Təsdiqləsəm, bunu Nazim müəllimə edərəm. Əsas məqsəd budu. Qurban müəllimlə münasibətlərimdə hər şey qaydasındadı. Böyük qardaşımızdı.

 

- Qurbanovun diqqətini çəkməyi o mənada nəzərdə tutdum ki, o, eyni zamanda milli komandamızın baş məşqçisidi. Buna görə də "Qarabağ"a qarşı çıxış edən rəqib futbolçular bu mənada öz oyunlarıyla onun diqqət mərkəzinə düşməyə çalışır ki, milliyə cəlb olunsunlar...

- Başü düşürəm ki, millidə çıxış etmək hamının arzusudu. Ancaq onu nəzərə alaq ki, millimiz Bakıda toplanışında olanda mən burda yox idim. O, hazırlığa başlayandan sonra Azərbaycana qayıtdım. Aydın məsələdir ki, mən çağırılmadım. Ümumiyyətlə, çağırılıb-çağırılmamağım baş məşqçinin qərarıdı. İndiki vəziyyət odur ki, bundan sonra çalışmalıyam milliyə düşüm. 

 

- Baş məşqçinizin sizə oyunla bağlı əsas tapşırıqları nə oldu? Bilirəm ki, xırdalığına varmayacaqsan, ümumilikdə deyərdin ki, "Qarabağ"ın qarşısını necə ala bilərsiniz?

- Nazim müəllim tapşırıqlarını verdi, matçadək yenə verəcək. Ümumi danışmaq istəmirəm. Əsas odur ki, tam müdafiədə oturmayaq və şanslarımızdan istifadə edək. 

 

- "Qarabağ"ın növbəti həftə "Sportinq"lə çətin səfər matçına görə "Sumqayıt"la görüdə heyətində rotasiya edəcəyi, gücünü qoruyacağı gözlənilir. Bu, işinizə yaraya bilərmi?

- Yox-yox. İnanmıram ki, bunun faydasını görək. Mənim vaxtlarımda da belə idi. Bir oyunda bir heyət oynayırdı. digərində obiri. Onu bilirəm ki, ikinci heyət çıxış edəndə motivasiya daha yüksək olurdu, daha yaxşı oynayırdı, daha yaxşı nəticə olurdu. Buna görə fərqi yoxdu. Deyərdim ki, ikinci heyət daha istəkli olacaq. Ancaq heç buna da inanmıram . Oynasa belə, özünü göstərmək istəyinin yüksək olacağı birmənalıdı.  

 

 

MEHMAN SÜLEYMANOV

14 Noyabr 2018
13 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB