TOP 10

Fasiləyə tamam, mübarizəyə davam: "Qonşu duellər"i, qayıdışlar və liderin autsayder sınağı

Futbol
Tarix: 2018-09-14 09:04

Bu gün Topaz Premyer Liqasında (TPL) IV turun oyunlarına start veriləcək. Sport24.az xəbər verir ki, milli komandaların matçları ilə əlaqədar çempionatda yaranan 3 həftəlik fasilə başa çatır.

 

Tur 3 gündə keçiriləcək ki, bu da səbəbsiz deyil. "Qarabağ"ı növbəti həftə - sentyabrın 20-də Avropa Liqasının qrup mərhələsində Lissabonda "Sportinq"lə qatşılaşma gözlədiyindən, bunadək TPL-dəki matçı əvvəl keçiriləcək. Üstəlik, bu matçın məkanıyla bağlı dəyişiklik edilib. “Qarabağ” Peşəkar Futbol Liqasına (PFL) müraciət edərək, Portuqaliyadakı matça daha yaxşı hazırlaşmaq və mümkün zədə riskini azaltmaq üçün “Sumqayıt”la matçın təbii örütüklü “Azərsun Arena”da keçirilməsini xahiş edib. “Qarabağ”ın rəsmi müraciətini və “Sumqayıt”ın razılıq məktubunu rəhbər tutan PFL bugünkü qarşılaşmanın həmin stadionda keçirilməsinə və meydan sahibi kimi ağdamlılıarın, hər iki komandanın iştirakı ilə IV dövrənin görüşündə sumqayıtlıların olmasına qərar verib.

 

Bu turdakı matçlardan 2-si turnir cədvəlində "qonşular"ın dueli kimi diqqət çəkir. Bunlardan biri elə "Qarabağ" - "Sumqayıt" görüşünə aiddi. İlk baxışdan nə qədər qəribə görünsə də, son 5 mövsümün çempionu hazırda nəinki lider, heç ilk "üçlük"də deyil. Bunun da əsas səbəblərdən biri odur ki, Qurban Qurbanovun komandasının ilk turda "Zirə"ylə ev matçı təxirə salındığından rəqiblərindən 1 oyun az keçirib. Bununla yanaşı, "Azərsun Arena"da bu mövsüm hələ ki yeganə matçında isə son turda "Neftçi"ylə qarşılaşmada məğlubiyyətdən xilas olaraq 1 xalla kifayətlənib. Qurbanovun "Sportinq"lə çətin sınağı düşünərək heyətdə rotasiya edəcəyi, bir sıra əsas futboçularını ehtiyatda saxlayacağı gözləniləndi. Cari çempionata məğlubiyyətlə başlasa da, sonrakı 2 matçını səfərdə keçirərək uduzmayan, 4 xal qazanan Nazim Süleymanovun komandasının əsl gücünə qiymət vermək baxımından  "Qarabağ"la matç yerinə düşür. Ancaq statistika heç də "Sumqayıt"ın xeyrinə deyil. Belə ki, "gənclik şəhəri"nin təmsilçisi "Qarabağ"la son 5 səfər matçında meydanı bir qayda olaraq məğlub tərk edib. "Qarabağ" usə bu rəqiblə son 11 görüşdə meydanı xalsız və qolsuz tərk etməyib.

 

Sabah da 1 oyun keçiirləcək və bu, Samir Abasovun TPL-ə qayıdışı ilə əlamətdar olacaq. Məlumdur ki, "Zirə" 3 həftəlik fasilə yeni başlayanda Ayxan Abbasovun istefasını qəbul edərək baş məşqçi postunda dəyişiklik etdi. Yeni təyinat Abasovla bağlı oldu və uzunmüddətli fasilənin olması 40 yaşlı mütəxəssisə komandayla yaxından tanış olmaq baxımından yerinə düşdü. Abasova uşaqlı dostu Aftandil Hacıyevlə rəqib olmaq qismət olmadı ki, sonuncunun bu mövsümdən çalışdırdığı "Səbail"in qarşısına "Zirə"ni məhz Abasov çıxaracaq. "Səbail" "Zirə"ylə ötən mövsümdəki 4 görüşün hamısında qələbəyə həsrət qalıb. "Qartallar"ın isə rəqibini səfərdə hər 2 halda 1:0 hesabıyla məğlub etməsi diqqət çəkir.

 

Turun maraqlı qarşılaşmalarından biri, hətta mərkəzi matçı "Sabah" - "Qəbələ" görüşü sayılır. Burda da "qonşu dueli"ndən söhbət gedir. Bu çempionatın ən sürpriz komandası hazırda 2-ci yerdə gedən "Sabah"dı ki, onun ən yaxın izləyicisi məhz "Qəbələ"di. Elşad Əhmədovun komandası hər iki qələbəsini səfərdə qazanaraq evdə yeganə matçında "Sumqayıt" tərəfindən darmadağın olunub - 1:4. Həmin uğursuz görüşü bu fasilə müddətində hərtərəfli təhlil edən debütant bunun təsadüfi olduğu göstərərək öz meydanında ilk qələbəsini qazanmağa çalışacaq. "Qəbələ" isə cari çempionata inamlı qələbəylə (3:0) başlasa da, sonrakı 2 turda cəmi 1 xal toplaya bilib  Göründüyü kimi, Sənan Qurbanovun komandasının da qələbəyə böyük motivasiyası var. Qurbanovun Əhmədov Premyer Liqamızda ilk baş məşqçisi olduğu klubda - 2004/05 mövsümündə İmişlinin "MKT-Araz" klubunda futbolçusu olmasını maraqlı məqam kimi qeyd edə bilərik.  

 

Nəhayət, tura "Bakcell Arena"da yekun vurulacaq. Bəli, çempionata qayıdan bu stadionun qazonundakı 3-4 aylıq yenidənqurma işləri artıq başa çatıb və ilk matç paytaxt derbisidi. Lider "Neftçi" autsayder "Keşlə"ni qonaq edəcək. Bu, "ağ-qaralar"ın italiyalı baş məşqçisi Roberto Bordinin "Bakcell Arena"dakı ilk qarşılaşması kimi tarixə düşəcək. O, Avropa Liqasını da nəzər alsaq, bunadək komandasını ev matçına "Dalğa Arena"da çıxarıb. "Neftçi"nin autsayderlə qarşılaşdığını nəzərə alsaq, liderliyini möhkəmlətmək imkanı var. Ancaq digər tərəfdən, "Keşlə"nin rəhbəri Zaur Axundov hələ ötən turdan dərhal sonra paltardəyişmə otağında iclas keçirərək komandaya iradlarını sərt formada bildirib və Mladen Milinkoviçin yetirmələrinin bundan nə dərəcədə nəticə çıxardığını, ilk qələbəsini qazanıb-qazanmayacaqlarını liderlə çətin sınaqda görəcəyik. 

 

 

 

 

Topaz Premyer Liqası
4-cü tur

14 sentyabr

20:00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Rahil Ramazanov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Bakı. “Azərsun Arena" stadionu

 

15 sentyabr

20:30. “Səbail” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Fazil Mürşüdov
Bakı. “Bayıl Arena" stadionu

 

16 sentyabr

19:00. “Sabah” – “Qəbələ”
Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Elşən Abdullayev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Murad Məmmədov
Masazır. “Əlincə Arena”,stadionu

 

21:00. “Neftçi” – “Keşlə”
Hakimlər: Ramil Diniyev, Knyaz Əmiraslanov, Elman Kərimov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Xaqani Məmmədov 
Bakı. "Bakcell Arena" stadionu

14 Noyabr 2018
13 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB